AZ

Dövlət arxasındadır: Şəhid övladları xaricdə mükəmməl təhsil alacaqlar

Elə etməliyik ki, onlar qayıtdıqdan sonra işləyib, öz bilik və bacarıqları ilə ölkənin inkişafına xidmət edə bilsinlər
 
 Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq. Bu barədə Milli Məclisin dünən keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov məlumat verib. Nazir qeyd edib ki, gələn il bu məqsədlə büdcədən 41 milyon manat vəsait ayrılacaq. Azərbaycan dövlətinin şəhid ailələrinə, şəhid övladlarına daim qayğı göstərdiyi danılmazdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təhsil haqqından azad edilən kateqoriyalar arasında şəhid, qazi övladları və onların ailə üzvləri də yer almaqdadır. İndi isə şəhid övladlarının xaricdə təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi üçün maliyyə ayrılacaq. Bu, dövlət başçısının şəhidlərə ehtiramının daha bir təzahürüdür.

Bu sevindirici yeniliklə bağlı fikirlərini “Sherg.az”la bölüşən Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov qeyd etdi ki, gənclərin xarici ölkələrin ali təhsil ocaqlarında təhsil almasını təmin etmək məqsədilə  Azərbaycan dövləti tərəfindən geniş işlər həyata keçirilir:

- Əvvəla onu qeyd edim ki, xaricdə təhsil strategiyası artıq neçə illərdir cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, daha sonra “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, eləcə də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsini təmin edir. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında”  Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli Sərəncamında qeyd olunur ki, “qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaradır. Təcrübə göstərir ki, təhsilin keyfiyyətinin yüksəlməsi Azərbaycanda iqtisadi tərəqqinin daha da sürətlənməsi üçün güclü potensial yaradır. Xüsusilə gənclərin xarici ölkələrdə təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə verir. Postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellektə sahib gənclər cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ehtiyac duyulan istiqamətlər üzrə qabaqcıl xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alması davamlı olmalıdır. Bu məqsədlə də gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı təsdiqlənib və icrası müvafiq dövlət qurumlarına tapşırılıb. Bu Dövlət Proqramının bəhrələri də artıq görünür.  Verilən məlumatlarda bildirilir ki, 2023–2024-cü tədris ili üzrə “2022–2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu xarici ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil almaq hüququ qazanıb. Siyahı üzrə 67 nəfər bakalavriatura, 314 nəfər isə magistratura üzrə təhsil alacaq. Proqram iştirakçılarından 48 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetindən qəbul alıb. Onlardan 9 nəfəri "Harvard University", 2 nəfəri "Massachusetts Institute of Technology", 2 nəfəri “University of Oxford”, 8 nəfəri "Imperial College London", 2 nəfəri “ETH Zurich” və digər universitetlərdə təhsil almaq hüququ qazanıb.

 K.Əsədov xatırlatdı ki, elm və təhsil naziri Emin Əmrullayev də bir müddət əvvəl sosial şəbəkədə xaricdə təhsil üzrə Dövlət Proqramıyla bağlı müsbət paylaşım edərək bildirmişdi ki, “2022-2026-cı illər üçün xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində bu il təqaüd alacaq tələbələrin ən azı 10 faizi və ya 38 nəfəri dünyanın ən yaxşı, yəni ilk onluqda yer alan universitetlərində təhsil alacaqlar:
-  Əlbəttə, müsbət və sevindiricidir ki, şəhid öıvladlarının da xarici ölkələrin təhsil müəssisələrində təhsi almaları məqsədilə dövlət büdcəsindən xüsusi ayırmalar nəzərdə tutulur. Bu, dövlətimizin, şəxsən cənab Prezidentin şəhidlərə dərin ehtiramının, şəhid övladlarının mükəmməl təhsil almaları, müasir bilik və bacarıqlara, müasir ixtisaslara yyələnmələri üçün qayğısını əsirgəmədiyini göstərir. Vacib məsələlərdən biri də xaricdə təhsil alan gənclərimizin Vətənə qayıtmaları və burada istisaslarına uyğun işlə təmin edilmələridir. Elə etməliyik ki, təhsil üçün xaricə göndərilən tələbələr qayıtdıqdan sonra işləyib, öz bilik və bacarıqları ilə ölkənin inkişafına xidmət edə bilsinlər. Bunun üçün də ilk növbədə ehtiyac meyarları dəqiq müəyyənləşməlidir, hansı ixtisaslar bizə lazımdır, hansı peşə sahiblərinə  ehtiyac var. Bununla təhsil üçün ayrılmış maliyyə istiqamətə uyğun sərf olunar.
Seçilən
11
50
sherg.az

10Mənbələr