AZ

Aldadıcı reklamlar – Hüquqları pozulan alıcılar

“Şok endirimlər”, “Qara Cümə” və s. başlıqlarla vətəndaşların cəlb edilərək aldadılması dövrümüzün ən aktual problemlərindəndir. Xüsusilə onlayn ticarətdə ucuz qiymətlərlə insanlara təqdim olunan məhsulların reklamda göstərilən amillərlə uyğunsuzluğu kimi mənfi hallar baş alıb gedir. Ümumiyyətlə bəzi satış yerləri müxtəlif yanıldıcı reklamlarla məhsullarını elə təqdim edirlər ki, amma reallıqda isə belə olmur. Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov Missiya.Az-a açıqlamasında deyib ki, əslində reklam materialı çaşdırıcı olmamalıdır:“Bunun üçün vətəndaş dövlət orqanlarına müraciət edərsə və həmin orqanlar istehlakçı hüquqlarını qorumaq üçün monitorinq apararsa qarşı tərəfi ciddi cərimələr gözləyə, hətta 6 min manata qədər cərimə oluna bilərlər. Bu günlərdə gələn şikayətin biri “Temu” satış şəbəkəsindəndir. Şəxsin biri “çelik” tava (ağır tava) deyilən bir reklam materialına baxıb və düşünüb ki, normal, ağır mətbəx tavasıdır. Məlum olub ki, naməlum materialdan – güman ki, alminiumdan, qızılı, sarı rəngə boyanmış yüngül, dəyəri olmayan tavadır. Eləcə də sözügedən şəxs reklamda saat görüb, lakin ona çatdırılandan sonra bilib ki, həqiqi saat deyil və saat kimi hazırlanmış aksesuardır. Digər aldığı bir neçə əşya da o şəkildə gəlib”.Eyyub Hüseynov bildirib ki, “Temu” yeni bazara çıxmış onlayn satış şirkətlərindən biridir. Elə ən çox internet üzərindən olan satış şəbəkələrində belə hallar yaşanır:“Təəssüf ki, reklam materialları ilə reallıq uyğun gəlmir, istehlakçı aldadılır. Pulu əvvəlcədən köçürülür, sonra onu dəyişmək, geri qaytarmaq çətin bir məsələyə çevrilir. Çünki məsafə uzaqdır. Məsafəsi uzaq olmayan satış şirkətlərində də belə durum yaşanır. Azad İstehlakçılar Birliyinə gələn şikayətlər bu sahədə də kifayət qədərdir. Bəzən alıcı sifariş verir. Lakin məhsul gəlib çıxmır, itirilir. İstehlakçıya onun tələbatına uyğun olmayan məhsullar da təqdim edilir. Əsasən axşam vaxtı, metro çıxışında verilir. O cümlədən alınan əşyalar üçün kassa çeki belə verilmir və s. Reklam tələsinə düşən insanlar əslində hüquqlarının pozulması ilə əksər hallarda qarşılaşır. Ölkədə ənənəvi bizneslə onlayn biznes ciddi rəqabət aparır. Ən çox sözügedən problemlər internet üzərindən olan ticarət zamanı olur”.O vurğulayıb ki, stasionar ticarətdə də neqativ hallar baş verir:“Reklamlarda yüksək faizli endirimlər xüsusilə istehlakçını qapıdan içəri salmaq məqsədi güdür. İçəri girəndən alıcı seçim edir və ona bildirirlər ki, məsələn bu endirimə düşmür. Və yaxud vətəndaş seçdiyi məhsulu alır və görür ki, bu onun tələbatını ödəmir. Dəyişmək, qaytarmaq istəyir və deyirlər ki, dəyişmək olmaz. Çünki kampaniya vaxtı alınıb. “Qara Cümə” günləri keçirilir ki, istehlakçılar ən çox bu zaman aldadılır. Satışdan çıxarılmış, alınıb geri qaytarılmış və standartlara uyğun olmayan əşyaların satışı icra edilir. Heç də bu “Qara Cümə” istehsalçılar və satıcılar üçün yox, elə istehlakçılara “Qara Cümə”dir".Bəs, bu tip vəziyyətlərlə üz-üzə qalan şəxslər nələri bilməlidir? Öz hüquqlarını necə müdafiə etsinlər?Eyyub Hüseynov vətəndaşlara səsləndi:“Bütün hallarda reklam materiallarından aldanmış istehlakçıları çağırıram ki, məhsul alanda kassa çeki tələb etsinlər. Aldıqları mürəkkəb texniki vasitədirsə zəmanət talonu da istəsinlər. Hüquqları pozularsa, 195 qaynar telefon xətti ilə İqtisadiyyat Nazirliyinə, ya da yazılı ərizə ilə Azad İstehlakçılar Birliyinə müraciət etsinlər. Hüquqları təmənnasız olaraq qorunacaq”.Zərintac MayisqızıMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr