AZ

“Saatlı rayonu kəndlərinin hər dördündən birinin qazı yoxdur”

“Prezidentin xüsusi qayğı və diqqəti ilə dövlət büdcəsinin önəmli bir hissəsinin sosial sahəyə yönəldildiyi bir ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması haçandan iqtisadi səmərə ilə ölçülür?”

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əziz Ələkbərli Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı SOCAR rəhbərinin Saatlı rayonunun qazla təmin olunması məsələsinə cavab məktubuna münasibətində bildirib. 

“Saatlı rayonu Aran bölgəsində yerləşir və bir sıra təbii-coğrafi çətinliklərlə üz-üzədir. Məsələn, əhali suvarma suyu sarıdan əziyyət çəkir, amma bu ötüşər, kəndlərin bir hissəsi hələ də içməli suyu arxdan, kanaldan götürür – bunu da müvəqqəti ötüşdürmək olar. Saatlı rayonunda istehsal müəssisələri yox dərəcəsindədir və iş yerləri məhduddur – hələlik bu da ötüşər.

Amma Saatlı rayonu kəndlərinin hər dördündən birinin qazı yoxdur – bunu heç cür ötüşdürmək olmur. Mən hər il büdcə müzakirəsində bu məsələni qaldırıram, lakin heç bir hərəkət yoxdur. SOCAR-ın prezidentinin məsələ ilə bağlı bu günlərdə imzaladığı cavab məktubundan aydın oldu ki, 2025-2030-cu illərdə Saatlı rayonunun qazsız 11 kəndindən ancaq 1 kəndinə qaz çəkilə bilər, digər 10 kəndə isə 2030-cu ilə qədər qaz çəkilməyəcək.

Səbəb də odur ki, Saatlının qazsız kəndləri də daxil olmaqla, 1 yanvar 2025-ci il tarixinə ölkə ərazisində qazla təmin olunmayan 899 kəndə qaz çəkilişi iqtisadi cəhətdən səmərəsizdir. Əvvəla, başqa rayonları deyə bilmərəm, amma Saatlı rayonundakı qazsız kəndlərin hamısı bir-birinin yanındadır, tam düzənlik ərazidir, qaz magistral xətləri bəzi qazsız kəndlərin lap qırağından keçir.

Belə olan surətdə bu kəndlərə qaz çəkilişi hansı əsasa görə “iqtisadi cəhətdən səmərəsiz” sayılır? İkincisi, Prezidentin xüsusi qayğı və diqqəti ilə dövlət büdcəsinin önəmli bir hissəsinin sosial sahəyə yönəldildiyi bir ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması haçandan iqtisadi səmərə ilə ölçülür? Xahiş edirəm, bu məsələ diqqət mərkəzində saxlanılsın və mən də gələn il büdcə müzakirəsində bu məsələni 4-cü dəfə qaldırmaq məcburiyyətində qalmayım”, - deyə deputat bildirib.

Nuranə Daxilqızı

Seçilən
22
qafqazinfo.az

1Mənbələr