AZ

Bakıda daha bir dairə “düzəldilib”, bərbad edilir - Video

Bakının ən mürəkkəb və tez-tez qəzaların baş verməsi səbəbindən narazılıq doğuran Ukrayna dairəsində aparılan təkmilləşdirmə tədbirləri birmənalı qarşılanmır.

Bu barədə Axar.az-a dairədən istifadə edən sürücülər bildiriblər.

Onların sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Ukrayna dairəsində yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə həyata keçirdiyi layihə faktiki olaraq dairənin ötürücülük qabiliyyətini iki dəfə azaltmaqla, tıxacların yaranmasına səbəb olub. Belə ki, Vunqtau küçəsindən hərəkət edən avtomobillər dairəyə daxil olmadan, Heydər Əliyev parkının önü ilə Neapol dairəsi istiqamətində rahat hərəkət edə bilirdisə, indi “təkmilləşdirmə” məqsədilə yolda tikilən “arakəsmələr” sayəsində o avtomobillərin hərəkəti də dairəyə yaxınlaşdırılıb, həmçinin avtomobil zolağı da daraldılıb.

Eyni vəziyyət Məhəmməd Hadi küçəsi ilə metronun “Əhmədli” stansiyasından “Həzi Aslanov” stansiyasına doğru hərəkət edən avtomobillərə də aiddir. Burada da yol ortasında nəhəng “arakəsmə” sözügedən istiqamətdə hərəkət edən avtomobillərin dairəyə yaxınlaşmasını şərtləndirir, paralel olaraq yol da daralıb.

Həmçinin “Həzi Aslanov” metrostansiyasından Ukrayna dairəsi istiqamətində qurulan nəhəng “arakəsmə” və yolun daralması həm Vunqtau küçəsinə dönmədə, həm də dairəyə daxil olmada çətinlik yaradıb. Nəticədə heç vaxt tıxac olmayan dairədə hazırda ciddi sıxlıq müşahidə edilir.

Eyni hal Neapol dairəsindən hərəkət edən və Ukrayna dairəsindən “Əhmədli” metrostansiyasına doğru istiqamət alan avtomobillərə də aiddir, onların da yolunda ciddi maneələr təşkil edilib.

Sürücülərin sözlərinə görə, dairənin əhatə dairəsini qazıntı və daş maneələrlə bu qədər geniş miqyasda daraltmaq əvəzinə ilkin mərhələdə asfalt üzərindəki əmredici işarələrlə xətlənməsi həyata keçirilə bilərdi. Bu zaman həm böyük xərcdən, həm də yolun genişliyinin məhdudlaşmasından qaçmaq mümkün olardı. Yalnız özünü doğruldacağı təqdirdə yol zolaqlarının müəyyən hissəsinin sonradan beton maneələrlə, həm də indikindən fərqli olaraq, daha ensiz formada, yolun ötürücülük qabiliyyətini azaltmadan sərtləşdirilməsi qərarı verilə bilərdi.

Hazırda isə geniş və böyük arealı əhatə edən Ukrayna dairəsinin enli və lazımsız arakəsmələrlə “daşlaşması” prosesi gedir.

Seçilən
22
axar.az

1Mənbələr