AZ

Boşanmadan ən çox kim əziyyət çəkir? - Psixoloji və Emosional Təsirlər

 “Ailənin quruluşu uşaqların psixoloji inkişafı və tərbiyəsi üçün vacibdir, amma boşanma nəticəsində bu struktur ciddi şəkildə pozula bilər. Uşaqların sağlıqlı inkişafını təmin etmək və onların boşanma sonrası yaşadıqları stressi azaltmaq üçün valideynlər birgə şəkildə məsuliyyət daşımalı, qərarları birgə almalı və uşaqlara qarşı anlayışlı olmalıdırlar”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında psixoloq Murad Akifsoy deyib.
 
 
Psixoloqun sözlərinə görə, boşanma valideynlər üçün şəxsi gözləntilərin qarşılanmaması və münasibətlərin sona çatması kimi təsirli bir dövrdür:
 
“Lakin bu proses, yalnız iki şəxsin həyatını dəyişdirmir, eyni zamanda uşaqlar üçün də böyük bir sarsıntı yaradır. Boşanma yalnız iki fərdin arasındakı münasibətin sonu deyil, eyni zamanda uşaqların həyatında da böyük dəyişikliklərə səbəb olur. Uşaqların duyğusal və psixoloji inkişafı üçün həm ananın, həm də atanın iştirakı vacibdir. Bəzi hallarda valideynlərdən biri prosesdə daha az maraqlı olur, ya da biri, ya da biri digərinə qarşı aqressiv davranışlar sərgiləyir. Bu cür vəziyyətlərdə, uşağın duyğusal sağlamlığı ciddi şəkildə zədələnə bilər. Məsələn, ata uşaqlarına qarşı daha çox maraq göstərirsə, amma ana onlara ata ilə görüşmək üçün maneə törədirsə, uşaqlar bu vəziyyətdən daha çox zərər çəkə bilər. Belə hallarda, valideynlər arasında anlaşmazlıqların və konfliklərin uşaqlara yansıması, onların psixikasını daha da gərginləşdirir”.
 
M.Akifsoy hesab edir ki, boşanma xəbərini uşaqlara bildirmək, valideynlər üçün çox çətin və həssas bir an ola bilər. Bu an, uşaqların gələcəkdəki psixoloji sağlamlıqları üçün çox əhəmiyyətlidir:
 
 “Uşaqlara bu xəbəri yalnız bir valideynin deyil, hər iki tərəfin birgə bildirməsi vacibdir. Eyni zamanda, uşaqlara boşanmanın səbəblərini izah edərkən, onları günahlandırmamaq və bu ağır xəbərlə bağlı onlara əlavə yük qoymamaq lazımdır. Uşaqlar boşanmanın səbəbinin onlara aid olmadığını bilməlidirlər. Uşağa “biz ayrılırıq, çünki sən belə və ya belə etdiyin üçün” demək, ciddi travmalara səbəb ola bilər. Boşanma, uşaqların həyatında ciddi bir sarsıntıya səbəb ola bilər. Bu, onların davranışlarına təsir göstərə bilər, məsələn, məktəbdə çətinliklər, yoldaşları ilə münasibət problemləri və hətta emosional sıxıntılar (depressiya, qayğı, qəzəb) inkişaf edə bilər. Uşaqlar, bir valideynin digərini günahlandırması və ya bir valideynin digərinə qarşı mənfi davranışlar göstərməsi vəziyyətində, qarışıqlıq yaşayır və bu da onların emosional vəziyyətini pisləşdirir. Əgər valideynlər bu cür neqativ davranışları uşaqlara yansıtdıqda, uşaqların daha da çox emosional travmalar yaşaması mümkündür. Bundan əlavə, boşanma sonrası uşaqların bir valideynlə daha çox vaxt keçirməsi və digərini görməməsi halında, uşağın psixoloji vəziyyəti daha da pisləşə bilər. Uşaqlar, hər iki valideynin də onların həyatında aktiv rol oynamalarını istəyərlər. Bir valideynin digərinə qarşı düşmənçilik göstərməsi və uşaqları bu münasibətə daxil etməsi, onların dünyasında böyük bir qarışıqlığa səbəb ola bilər. Uşaqlar üçün ən yaxşısı, hər iki valideynin də onların ehtiyaclarını qarşılayacaq şəkildə iştirakı və dəstəyi ilə yeni bir düzənin qurulmasıdır”.
 
Psixoloq  qeyd edir ki, bəzi valideynlər, xüsusilə də ata, boşanma sonrası uşaqların ehtiyaclarını qarşılamaya çalışarkən, şəxsi duyğusal ehtiyaclarını gözardı edə bilərlər:
 
“Digər tərəfdən, ana da uşaqların psixoloji və emosional ehtiyaclarına diqqət etməli, lakin boşanmanın təsirindən dolayı öz duyğusal vəziyyətini idarə edə bilməyə bilər. Bu halda, hər iki valideynin də şəxsi terapiya və ya cütlük terapiyasından faydalanması, onların münasibətlərini sağlam şəkildə sonlandırmalarına kömək edə bilər. Həmçinin, bir valideynin digərinə qarşı olan aqressivliyi və təpkilərinin uşağa təsirini azaltmaq üçün müsbət və dəstəkləyici bir münasibət sərgiləmələri çox önəmlidir. Boşanma sonrası valideynlər, uşaqlarının hər iki tərəfə də ehtiyacı olduğunu unutmayaraq, onların gündəlik həyatı ilə bağlı razılaşmalar etməlidirlər. Uşağın sağlam inkişafı üçün hər iki valideynin də aktiv şəkildə iştirak etməsi vacibdir. Bir valideynin uşağı digərindən ayırmağa çalışması, uşağı arasında böyük bir daxili gərginlik yarada bilər. Belə halların qarşısını almaq və uşağın hər iki valideynin də mövcud olmasına şərait yaratmaq, onların psixoloji vəziyyətini qorumağa kömək edəcəkdir. Boşanma, həm valideynlər, həm də uşaqlar üçün son dərəcə çətin bir dövr ola bilər. Bu müddətdə valideynlər yalnız öz emosional vəziyyətlərini deyil, uşaqlarının psixoloji sağlamlığını da nəzərə  almalıdırlar. Boşanma qərarı verildikdən sonra valideynlər birgə şəkildə hərəkət etməli, uşaqlara hər iki valideynin dəstəyini çatdırmalıdırlar. Uşaqların inkişafı və sağlamlıq vəziyyəti, valideynlərin bu dövrü nə qədər uyğun və sağlıklı şəkildə idarə etmələrindən asılıdır. Bu məsələdə ən vacib olan isə, uşaqlara qarşı şəffaflıq, anlayışlılıq və sevgi ilə yanaşmaqdır”.
 
Mehin Mehmanqızı
 
Seçilən
20
moderator.az

1Mənbələr