AZ

Ətraf mühit fəalları Türkiyənin COP29-da iqlim hədəflərini qeyri-kafi adlandırıblar

Türkiyədəki bir sıra qeyri-hökumət ətraf mühit təşkilatları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində açıqlanan Ankaranın Uzunmüddətli İqlim Strategiyasının məqsədlərinin effektivliyini şübhə altına alıblar.


AZƏRTAC xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrindən olan ətraf mühit fəalları birgə bəyanatla çıxış edərək Ankaranın COP29 çərçivəsində elan etdiyi enerji siyasəti prioritetlərini tənqid ediblər.


“Rəsmi Ankara hələ də atom elektrik stansiyalarının quraşdırılmış gücünü artırmağa hazır olduğunu bəyan edərək kömürdən istifadənin dayandırılacağı tarixi açıqlamayıb. Belə kurs enerji resurslarının bahalaşmasına, ekoloji vəziyyətin pisləşməsinə və ölkənin daha da böyük enerji asılılığına gətirib çıxaracaq”, - deyə qardaş ölkənin 15 ekoloji qeyri-hökumət təşkilatının imzaladığı bəyanatın müəllifləri hesab edirlər.


Ətraf mühit fəalları COP29 çərçivəsində Ankaranın “gələcəkdə qazıntı yanacaq növlərindən mərhələli şəkildə imtina etməyə” hazır olduğunu bildirən, lakin heç bir dəqiq vaxt çərçivəsi təqdim etməyən Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun sözlərini xatırladıblar.


“Türkiyənin İqlim Dəyişikliyi ilə Mübarizə üzrə Uzunmüddətli Strategiyası 2053-cü ilə qədər bərpaolunan enerji mənbələrindən (BEM) elektrik enerjisi istehsalının payını 50 faizə çatdırmağı hədəfləsə də, bu sənəddə qazıntı yanacaq növlərindən mərhələli şəkildə imtina olunmasına dair addımlardan bəhs edilmir. Fakt budur ki, Ankaranın bərpaolunan enerji mənbələri sahəsində hədəfləri nə qədər iddialı olsa da, qazıntı yanacaq növlərindən istifadəni dayandırmadan atmosferə zərərli emissiyaları sıfıra endirmək mümkün olmayacaq”, - deyə sənəddə qeyd olunur.


Bununla əlaqədar ətraf mühit təşkilatları Türkiyə hakimiyyətini kömürlə işləyən elektrik stansiyalarını bağlamağa və ilk növbədə, “Afşin-Elbistan” İES-in genişləndirilməsi ideyasından əl çəkməyə çağırıblar.

Seçilən
11
ekologiya.az

1Mənbələr