AZ

Pensiya kapitalı şəxsin özünə verilə bilmir: “Çünki ortaya bu pul yoxdur”

“Pensiyaya çıxan şəxsin öz istəyi olarsa, onun pensiya fondunda yığılmış vəsaiti investisiya yatırmaq məqsədi ilə həmin şəxsin özünə verilsin”.

“Cebheinfo.az” xəbər verir ki, bu təkliflə parlamentin bugünkü iclasında deputat Arzuxan Əlizadə çıxış edib.

Deputat əlavə edib ki, pensiyaya çıxan şəxs dünyasını dəyişirsə, onun pensiya fondunda olan vəsait vərəsəlik qaydasında onun varisinə verilməlidir:

“Bu məsələnin qanunvercilikdə yer alması lazımdır. Nəzərə almaq lazımdır ki, pensiya ömrü uzun deyil. Bu baxımdan, bu məsələlər vacibdir. Ayrıca olaraq bir sıra spesifik sahələrdə çalışan şəxslər pensiya yaşına çatdıqda onun işdən azad olunması məsələsinə də yenidən baxıla bilər. Elə sahələr var ki, orada həmin şəxslərin daha uzun müddət işləməsi faydalı olur”.

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu, çox yaxşı təklifdir:

"Lakin Azərbaycanda pensiya kapitalı mövcud deyil. İşləyən vətəndaşların ödədikləri sığorta vəsaiti kapital kimi yığılmır. Əmək qabiliyyətli olan əhalinin əməkhaqqından çıxılan sığorta indiki pensiyaçıların məvaciblərinin ödənilməsinə yönəldilir. Yəni, kapital yoxdur, sadəcə rəqəm var. Belə olan halda dünyasını dəyişən, ölkənin vətəndaşlığından imtina edən pensiyaçının pensiya kapitalını ödəmək üçün hansı vəsaitdən istifadə etmək olar?”

Ekspert bildirib ki, bunun üçün ancaq büdcədən vəsait ayırmaq olar:

“Bu da büdcə yükünün artmasına gətirib çıxarır. Təklif yaxşı olsa da, Azərbaycanın mövcud pensiya qanunvericiliyində mümkün deyil. Çünki Azərbaycanda fərdi uçot yoxdur". İqtisadçı qeyd edib ki, dövlət pensiyaçıların işləməməsi üçün çalışmalıdır: "Çünki onlar artıq əmək qabiliyyətlərini itirmiş sayılırlar. İkinci, ölkədə pensiya məbləği artırılmalıdır. Pensiya məbləği o qədər yüksək olmalıdır ki, pensiyaçının işləməyə ehtiyacı qalmasın. Lakin bəzi sahələrdə, xüsusilətəhsil sahəsində pensiyaçıların işləməsi zərurət yaradır".

Ləman İsmayıl

"Cebheinfo.az"

Seçilən
8
cebheinfo.az

1Mənbələr