İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 12 fələstinli həyatını itirib, çoxlu sayda fələstinli də yaralanıb.
Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərində İsrail ordusunun Qəzza zolağına hücumlarını davam etdirdiyi bildirilib.
Xəbərdə İsrail ordusunun Qəzza şəhərinin şərqindəki Tuffah məhəlləsində Et-Cedbe ailəsinə aid bir evə təşkil etdiyi bombalı hücum nəticəsində aralarında qadın və uşaqların da olduğu 6 nəfərin öldüyü, çox sayda insanın isə yaralandığı qeyd edilib.
WAFA-nın xəbərində İsrail ordusunun Qəzza şəhərinin cənub-şərqindəki Əz-Zeytun məhəlləsinin şərqindəki Əl-Ebrar bölgəsindəki Kişko küçəsində artilleriya atəşi ilə həyata keçirdiyi hücumda isə 2 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilib.
Xəbərdə İsrail döyüş təyyarələrinin Qəzzanın qərbindəki Əl-Şati qaçqın düşərgəsində toplaşan fələstinliləri bombalaması nəticəsində 3 nəfərin öldüyü, çox sayda insanın yaralandığı vurğulanıb.
Xəbərdə İsrail ordusuna məxsus pilotsuz uçuş aparatlarının (PUA) Qəzza zolağının mərkəzi hissəsindəki Bureyc qaçqın düşərgəsinin şimalını bombalaması nəticəsində də 1 nəfərin öldüyü, İsrailin davamlı bombalaması səbəbindən təcili yardım qruplarının cəsədə çata bilmədiyi bildirilib.