AZ

“Qarabağ” - “Olimpik” matçı serbiyalı hakimə tapşırıldı

Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpik” (Lion) matçının təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, Azərbaycan və Fransa klubları arasında Bakıda keçiriləcək bu qarşılaşma Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşü FIFA referisi Nenad Minakoviç idarə edəcək. Ona yan xətt hakimləri Nikola Boroviç və Başko Bozoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək. VAR-da Momçilo Markoviç, AVAR-da Novak Simoviç əyləşəcək.

Xatırladaq ki, Nenad Minakoviç 2021-ci ildən beynəlxalq matçlara təyinat alır. Serbiyalı referi azərbaycanlı futbolsevərlər üçün tanış simadır. O, daha əvvəl Azərbaycan milli komandasının oyununu idarə edib. 35 yaşlı ədalət təmsilçisi yığmamızın AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika ilə Bakıdakı qarşılaşmasında iş başında olub. Minakoviç millimizin 0:1 hesabı ilə uduzduğu görüşdə baş hakim funksiyasını yerinə yetirib.

“Qarabağ” – “Olimpik” (Lion) matçı noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək. Oyuna saat 21:45-də start veriləcək.

Azərbaycan çempionu Avroliqanın Liqa mərhələsinin ilk 4 turunda 1 qələbə qazanıb, 3 məğlubiyyətə üzülüb. Səfərdə İngiltərə təmsilçisi “Tottenhem”ə (0:3), evdə İsveç klubu “Malmö”yə (1:2) və Niderland nəhəngi “Ayaks”a (0:3) uduzan Ağdam klubu yalnız son turda “Bodo Qlimt”i (Norveç) səfərdə 2:1 hesabıyla üstələyib. Qurban Qurbanovun kollektivi 3 xalla yarış cədvəlinin 29-cu pilləsində qərarlaşıb.

Lion “Olimpik”i isə “Olimpiakos”a (Yunanıstan) 2:0, “Reyncers”ə (Şotlandiya) 4:1 hesabıyla qalib gəlib. “Qarabağ”ın rəqibi Türkiyənin “Beşiktaş” komandasına (0:1) uduzub, Almaniya təmsilçisi “Hoffenhaym”la (2:2) da “sülh bağlayıb”. Fransa təmsilçisi 7 xalla 9-cudur.

Seçilən
18
4
arena.az

5Mənbələr