“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi əfsanəvi Dieqo Maradonanın ölümünün ildönümü ilə bağlı paylaşma edib.
Arena.az məlumat verir ki, Messi Argentina yığmasının 1986-cı il dünya çempionatının final oyununda Almaniya yığmasına qalib gəlməsindən (3:2) sonra Maradonanın dünya kuboku ilə şəklini paylaşaraq, şərh edib:
“Əbədi” – Messi dərc edib.
Xatırladaq ki, əfsanəvi Maradona 2020-ci ilin payızında, noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Dieqonun ölüm səbəbi ürək dayanması olaraq göstərilib.
Maradona futbolçu karyerası boyunca “Arxentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuells Old Boyz”da çıxış edib.
Dieqo 1977-ci ilin fevralında debüt etdiyi Argentina yığmasının heyətində 91 oyun keçirib, 34 qol vurub, 20 məhsuldar ötürmə verib. Don Dieqo 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında Argentina yığmasını, dövrün təbirincə desək, təkbaşına dünya çempionu edib. Həmin turnirin çərək finalında Maradonanın İngiltərə yığmasının qapısına qapıçı qarışıq heyətin tam yarısını driblinqlə keçərək vurduğu qol, dünya çempionatlarının ən gözəl qollarından biri hesab edilir. Maradona həmin turnirin ən yaxşı futbolçusu seçilib.
Maradona 2008-2010-cu illərdə Argentina yığmasını çalışdırsa da, uğurlu nəticə əldə edə bilməyib.