AZ

Könül Quliyeva ilə MÜSAHİBƏ: Valideynlərə dəstək, düzgün tərbiyə və texnologiya dövründə təhlükəsizlik

QHT.az olaraq bu dəfə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva ilə uşaqların düzgün inkişafı, valideynlərin rolu və texnologiya dövründə valideynlərin üzərinə düşən vəzifələr barədə ətraflı söhbət etdik. Könül xanım həmçinin cəmiyyətə çağırışlar edərək uşaqların gələcəyini daha sağlam və təhlükəsiz bir şəkildə təmin etmək üçün görülməsi vacib olan addımlara da toxundu.

 

QHT.az: Valideynlərə uşaqların düzgün inkişafı ilə bağlı hansı məsləhətləri verirsiniz?

Könül Quliyeva: Ailə fərdin həm fiziki, həm mənəvi cəhətdən formalaşması üçün vacib insitutdur. Uşaqların dəyərlər sisteminin yaranmasında, ehtiyac və motivlərinin istiqamətlənməsində, dünyagörüşünün təməlinin qoyulmasında, sosiallaşmasında, insana, vətənə, tarixə və mədəni irslərə münasibətinin formslaşmaslnda ailə mühitinin ciddi rolu var. Məhz bu səbəbdən uşaqların düzgün inkişafında valideynlər öz məsuliyyətlərini dərk etməli, onların cəmiyyət üçün sağlam, yararlı, təhsilli böyüməsində hər zaman örnək olmalıdırlar. Gələcəyimiz olan uşaqların nümunəvi vətəndaş kimi yetişməsi hər birimizin qarşısında duracaq mühüm şərtlərdən biridir. Uşaqlara sevgi və şəfqət körpəlik dövründən göstərməli, gələcəkdə qarşılarına çıxan hər bir problemdə dəstək olmağa çalışmalıyıq. Valideynlər uşaqlarının yanında olarkən yalnız yaxşı sözlərdən istifadə etməli, öz mehribanlıqları ilə ətrafa hörmət nümayiş etdirməlidirlər. Valideynlərin övladlarına münasibətlərində “Dünyada atadan qüdrətli, anadan doğma, bacıdan mehriban, qardaşdan möhkəm arxa heç kəs ola bilməz” deyimi əsas götürülməlidir. Biz valideyn olaraq övladlarımıza necə davranış sərgiləsək gələcəkdə də həmin rəftarın təkrarını görəcəyik. Deməli, cəmiyyətin yaratdığı mədəniyyət valideynlərin yaratdığı əməyin məhsuludur. Ailə və valideynlərlə effektli əməkdaşlıq qurmaq, onların səriştəsini artıqmaq üçün onları tanımaq vacibdir. Biz də “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi olaraq valideynləri öyrənmənin müxtəlif üsulları var ki, ona müraciət edirik. Yazılı, şifahi, distant, müşahidə və s kimi formalardan istifadə edərək uşaqların hər mənada düzgün tərbiyə olunması üçün valideynlərin səriştələrinin artırılmasına çalışırıq. Onlarla sistemli iş qurmaq, çağdaş tendensiyaları və yenilikləri öyrənib, xüsusən məktəblə əməkdaşlığın prinsiplərini aşılamağa çalışırıq.

 

QHT.az: Texnologiya dövründə uşaqların təhlükəsizliyini təmin etmək üçün hansı addımların atılmasını tövsiyə edirsiniz?

Könül Quliyeva: Hər tərəfimiz texnoloji avadanlıqlarla əhatə olunub. Evimizdə smart televizorlar, telefonlar, mətbəximizdə smart paltaryuyanlar, qabyuyanlar... Demək olar ki, hər birimiz texnologiya əsrində texnoloji imkanlarsız yaşam tərzini təsəvvür belə edə bilmərik.  Bunun yaxşı tərəfləri ilə yanaşı pis tərəfləri də var. Məsələn: biz uşaq olarkən, bəzi cizgi filmlərinə baxmağı günlərlə gözləyərdik. İndi isə 3-5 yaşlı uşaqlar telefon, kompüter və ya smart televizor vasitəsilə istənilən anda istədiyi şeyə baxa bilər. Amma bəzi ailələrdə uşaqların telefonlardan həddən çox istifadə olunması müşahidə olunur. Hələ də əksər valideynlər bunun uşaqların sağlamlığı üçün çox nə qədər zərərli olmasının fərqinə varmırlar. Bəzi  yeniyetmələr isə telefonda onların yaşlarına uyğun olmayan verilişləri izləyirlər ki, bu da düzgün deyil. Buna görə də texnologiya dövründə yaşadığını dərk edən bütün valideynlər övladlarını nəzarətsiz qoymamalıdır. Onların hansı informasiya aldıqlarına diqqət yetirməlidirlər. Bu informasiyadan hansı zamanda nə qədər istifadə edildiyi nəzarətdə saxlanılmalıdır. Texnoloji vasitələr daha çox əyləncə vasitəsi kimi yox, mühüm informasiya mənbəyi kimi istifadə olunmalıdır. Məsələn: uşaqlar dərslərini internet vasitəsilə yenidən təkrar etməli, dərsə aid əlavə biliklər almalıdırlar. Bu sahədə valideynlərin özləri də özlərinə diqqət yetirməlidirlər ki, uşaqlar onların etdiklərini təkrar etməyə çalışırlar. Bu arada onu da qeyd edim ki, valideynlərin uşaqların tərbiyəsini necə qurması barədə hamının qəbul etdiyi vahid resept yoxdur. Amma elmi araşdırmalar ciddi nəticələr ortaya qoyub və ailə tərbiyəsinin üslubları barədə elmi tədqiqatlar indi də davam edir. Psixoloqlar, sisioloqlar, pedaqoqlar düzgün yanaşmanı tapmaq üçün klinik təcrübələri, empirik araşdırmaları davam etdirirlər.

 

QHT.az: Uşaqların gələcəyini daha yaxşı təmin etmək üçün cəmiyyətə hansı çağırışlarınız var?

Könül Quliyeva: Bu böyük dünyamız gündən-günə daha çox kiçilir. Yəni məsafələr qısalır. Elmi biliklər sayəsində bəşəriyyətdə o qədər informasiya toplanır ki, hansının bizə lazım olub olmayacağını özümüz belə dəqiqləşdirə bilmirik. Bu baxımdan uşaqların gələcəyi hər kəsi narahat edir. Çünki bizim yanlışlarımızın acı nəticələrini övladlarımız görə bilər. Və ya əksinə, yaxşı əməllərimizin də nəticəsini övladlarımız görəcək. Buna görə də dayanmadan uşaqlarımızda Ecosistemin bir parçası olduqlarını təlqin etməliyik. Yaşıl dünya - yaşıl gələcək naminə ekoloji tədbirləri artırmalı, uşaqlara təbiətə sevgi hisslərini aşılamalıyıq. Daha sonra zərərli meyllərin qarşısını almaq, çətin situasiyalarda müdafiə etməliyik. Dirənişliyi və möhkəmliyi öyrətməliyik. Uşaqlarla birgə keçirməyə vaxt ayırmalıyıq, daha çox mədəni mühitlərə çıxarmaqla onları sosiallaşdırmalıyıq. Çalışqanlığı və əməksevərliyi, sərbəstliyi və müstəqilliyi öyrətməliyik. İntellektual inkişafını təmin etməklə düşünməyi öyrətməliyik. Ən əsası pis kampaniyalara düşməkdən qorumalıyıq, əxlaqi xarakterlərinin inkişafına xüsusi diqqət yetirməliyik.

 

QHT.az: Söhbətimiz üçün Könül xanıma təşəkkür edirik və uşaqlarımızın gələcəyinə dair belə dəyərli fikirlərini bizimlə bölüşdüyü üçün minnətdarıq. Hər kəsə sağlam və təhlükəsiz bir gələcək arzu edirik.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
15
qht.az

1Mənbələr