Son nəhəng turnilərdə çox zəif çıxış edən Almaniya yavaş-yavaş əvvəlki əzəmətini qaytarmağa çalışır. Bundestim doğma fanatları önündə mükəmməl performans sərgiləyərək Bosniyanı meydana çıxmasına peşman etdi. 37-ci dəqiqədə artıq tabloda hesab 3:0 idi. Naqelsmannın kollektivi bir an da tempi aşağı salmayaraq fasilədən sonra da qollarını davam etdirdi. Bu qələbə ilə Almaniya liderliyi təmin etdi. Bosniya isə “quyunun dibindən” çıxmaq üçün nəsə fikirləşməlidi. Komandanın qələbəsiz seriyası 11 oyuna çatdı (1 heç-heçə, 10 məğlubiyyət!)! Niderlandla Macarıstanın tura eyni xalla daxil olduğunu nəzərə alsaq, macarların darmadağın olacağını az adam proqnozlaşdırardı. Bu komandalar arasındakı ilk oyunda 1:1-lik bərabərlik qeydə alınmışdı. Oyun hər baxımdan qonaqlar üçün uğursuz alındı.
Matçın əvvəllərində Macarıstanın köməkçi məşqçisi Adam Salai ehtiyat zonada özünü pis hiss edərək yerə yıxıldı. İlkin tibbi yardımdan sonra o, xəstəxanaya yerləşdirildi və artıq həyati təhlükəsi yoxdu. Bu hadisə üzündən ilk yarıda 13 dəqiqəlik fasilə yarandı. Maraqlıdı ki, hakim oyunu bərpa edən kimi monitora dəvət olundu və qonaqların qapısına penalti təyin etdi. Darmadağının əsası məhz belə qoyuldu. İlk penaltini Veqhorst, ikinci penaltini isə Qakpo dəqiq yerinə yetirdi. Nəticədə 4 cavabsız qolla qalib gələn “narıncılar” qrupu ikinci pillədə tamamlamağı rəsmiləşdirdilər.
A liqası, 3-cü qrup
5-ci tur
Almaniya – Bosniya və Hersoqovina 7:0 (3:0)
Almaniya: Baumann, Kimmix (Kox, 73), Rüdiger, Ta, Mittelştadt (Henrixs, 58), Andrix (Nmeça, 58), Qross, Virts (Qnabri, 58), Haverts, Musiala (Sane, 58), Klayndinst.
Bosniya və Hersoqovina: Vasil, Omeroviç, Barişiç, Biçakçiç, Muharemoviç, Burniç, Tahiroviç (Başiç, 63), Sunyiç (Huseynbaşiç, 74), Qiqoviç (Bayraktareviç, 63), Kulenoviç (Bazdar, 63), Demiroviç (Hayradinoviç, 84).
Qollar: Musiala, 2 (1:0). Klayndinst, 23 (2:0). Haverts, 37 (3:0). Virts, 50 (4:0). Virts, 57 (5:0). Sane, 66 (6:0). Klayndinst, 79 (7:0).
Vərəqələr: Ta, 76. Hayradinoviç, 89. Burniç, 90+3 – sarı.
Hakim: Vassilis Fotias (Yunanıstan).
16 noyabr. Frayburq. 28143 tamaşaçı.
Niderland – Macarıstan 4:0 (2:0)
Niderland: Verbrüggen, Dyumfris, Van Diyk, Van Heke, Y.Timber (Hato, 68),Qravenberx (Viffer, 79), Reynders, De Yonq (Koopmayners, 68), Malen (Frimponq, 84), Qakpo (Lanq, 79), Veqhorst.
Macarıstan: Dibuş, J.Nad, Dardai, Baloq, Orban, Neqo (Gera, 75), Nikitşer, Şafer (A.Nad, 74), Şallai (Çobot, 80), Soboslai, Varqa (Sabo, 60).
Qollar: Veqhorst, 21-p. (1:0). Qakpo, 45+12-p. (2:0). Dyumfris, 64 (3:0). Koopmayners, 86 (4:0).
Vərəqələr: Orban, 6. Dardai, 55. Y.Timber, 61 – sarı.
Hakim: Xesus Xil (İspaniya).
16 noyabr. Amsterdam. 51611 tamaşaçı.
Faktlar
* Almaniya Frayburq şəhərində keçirdiyi ardıcıl 4-cü (!) qarşılaşmada 7:0 hesabıyla qalib gəldi. Daha öncə bundestim bu şəhərdə 2002-də Küveyti, 2004-də Maltanı və 2006-da Lüksemburqu bu hesabla məğlub etmişdi. Siyahını bir qədər də genişləndirsək, Almaniya 2000-də bu şəhərdə Lixtenşteyni də 8:2 darmadağın edib. Yəni komanda Frayburqda keçirdiyi son 5 matçın hamısında ən azı 7 top vurub.
* Almaniya ML tarixində bir oyuna 7 qol vuran ilk komanda oldu!
* Niderlandın heyətində sonuncu dəfə bir oyunda iki fərqli futbolçunun penaltidən qol vurması faktına 1972-ci ilin mayında rast gəlinmişdi. Həmin vaxt Rotterdamda Peru ilə yoxlama oyununda (3:0) Yan Kliynyan və Dik Şneyder penaltidən fərqlənmişdi.
* Dyumfris yığmada vurduğu qolların sayını 9-a çatdırdı. Maraqlıdı ki, 28 yaşlı futbolçu bu qolların hamısını 2-ci hissədə vurub. “Narıncılar”ın heyətində ilk 9 qolun hamısını ikinci hissələrdə vuran sonuncu futbolçu Pyer van Hooydonk olmuşdu.
* Niderland 2024-cü ildə ev oyunlarında vurduğu qolların sayını 23-ə çatdıraraq şəxsi rekordunu təkrarladı. Komanda daha öncə bu göstəriciyə yalnız 2021-də nail olmuşdu.
Oyundan sonra
Yulian Naqelsmann, Almaniya yığmasının baş məşqçisi:
“Düşünürəm ki, stadiona gələnlər oyundan zövq aldı. Həm topla, həm də topsuz oyunda çox inamlı təsir bağışladıq. Tam layiqli qələbə qazandıq. Hətta bundan da çox qol vura bilərdik. Bu məqam məni sevindirir. Çünki Bosniya müdafiə olunmağı bacaran komandadı. Hətta 5:0-dan sonra meydana çıxan futbolçular da ümidlərimi doğruldaraq oyunumuzu gücləndirdi. Fərq belə böyük olanda oyuna qoşulmaq asan deyil. Çünki bəzən belə məqamlarda komandanın motivasiyası, istəyi itir. Amma biz əvvəldən sona qədər eyni tempdə oynadıq. Qısası, bu gün hər şeyi ən yüksək səviyyədə etdik”.
Ronald Kuman, Niderland yığmasının baş məşqçisi:
“Yaxşı fürsətlərimiz çox oldu. Bəlkə də 4:0-lıq qələbədən sonra bu sözlərim qəribə səslənəcək. Amma bir çox epizodlarda son qərarları düzgün qəbul etmədik. Həmin məqamlarda diqqətli olsaydıq, hətta 10 top da vura bilərdik. Elə müdafiədə də inamlı təsir bağışlamadığımız məqamlar oldu. Əsas müsbət məqam De Yonqun, nəhayət, geri dönməsi oldu. 14 aylıq fasilədən sonra yenidən bizə yardım etdi. Yüksək səviyyəsini göstərməyə müvəffəq oldu. Onun keyfiyyətləri sayəsində dəfələrlə boş zonalar yaxaladıq”.