AZ

Türkiyəli ekspert: COP29 iqlim böhranı ilə mübarizədə yeni başlanğıcdır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyasının (COP29) nəticələri iqlim böhranı ilə mübarizədə mühüm səhifə açacaq və ətraf mühitin mühafizəsində yeni başlanğıc olacaq.


AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərlə söhbətində Egey Universitetinin (Türkiyə) Biologiya kafedrasının dosenti İnci Tuney Kızılkaya bölüşüb.


Ekspert diqqəti iqlim böhranı ilə mübarizə üçün kollektiv addımlar atmağa hazır olduqlarını nümayiş etdirən COP29 iştirakçılarının mövqeyinə çəkib və inkişaf etmiş ölkələrin Bakıda iqlim məqsədləri üçün 2035-ci ilə qədər olan dövrdə hər il 300 milyard dollar ayırmaq öhdəliyini qəbul etməsinin vacibliyini vurğulayıb.


Türkiyəli ekspert əmin olduğunu bildirib ki, COP29-un Azərbaycanda qəbul etdiyi qərarlar ölkələrin iqlim böhranı ilə mübarizə imkanlarını genişləndirəcək və onlara dəyişən ekoloji şəraitə daha səmərəli uyğunlaşmağa imkan verəcək. “Çox vacibdir ki, Braziliyada COP30-a qədər olan dövrdə Bakıda qəbul edilmiş bütün qərarlar icra olunur”, - deyə dosent vurğulayıb.


Ekspert, həmçinin COP29-da daha iddialı məqsədlər, yəni, iqlim dəyişikliyi ilə mübarizə üçün ən azı 1,3 trilyon dollar vəsaitin ayrılması barədə razılığa gəlməyə çağıran az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin mövqeyinə diqqət çəkib və BMT-nin Baş katibi Antonio Quterreşin ekoloji sahədə daha qəti addımların atılmasının zəruriliyi barədə sözlərini sitat gətirib.


İ.Tuney Kızılkaya “yaşıl gündəliyin” həyata keçirilməsində vətəndaş cəmiyyətinin, xüsusilə gənclərin və qadınların ən fəal iştirakının vacibliyini də qeyd edib.


Egey Universitetinin dosenti hesab edir: “Dövlətlərin mədən yanacaqlarının istifadəsindən tədricən imtina etməsi və sənayelərin bağlanması ilə birlikdə işsizlik də artacaq. Ona görə də bu gün ölkələrin davamlı inkişafı üçün vacib olan “yaşıl” texnologiyalara əsaslanan kadrların hazırlanmasına başlamaq lazımdır”.

Seçilən
20
ekologiya.az

1Mənbələr