AZ

Bakıda COP tarixində bir sıra ilklərə imza atıldı

“Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edərək beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu. COP29-un keçirilməsi ilə əlaqədar ötən dövrdə dövlətimiz tərəfindən beynəlxalq müstəvidə fəal iş aparılıb, müxtəlif təşkilatlarla əməkdaşlıq üçün sənədlər imzalanıb. Məqsəd COP29-un uğurla baş tutması və qlobal iqlim dəyişiklikləri ilə mübarizədə  beynəlxalq birliyin həmrəyliyinə nail olmaq idi. Azərbaycan bu məqsədə nail oldu”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, iqlim dəyişikliyi artıq bütün dövlətlər qarşısında qlobal çağırış olaraq dayanır. Buna görə  də dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Etibarlı tərəfdaş olan Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirdi. Ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verir. Azərbaycan kimi digər bütün ölkələr də bu problemin həllinə töhfə verməlidirlər. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçirilən COP29 mühüm beynəlxalq platformaya çevrildi.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan növbəti tarixi uğura imza atdı. Dövlətimizin başçısı noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşımında Azərbaycanın bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duyduğunu bəyan edib: “Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

Sevinc Fətəliyeva qeyd edib ki, Bakıda COP tarixində bir sıra ilklərə imza atıldı. Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması COP29-un ən böyük uğurlarından biridir. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur.

“COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Daha bir mühüm məqam ondan ibarətdir ki, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu. Bütün bunlar onu deməyə əsas verir ki, COP29 qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə dönüş nöqtəsi oldu. Beləliklə, müəyyən Qərb dairələrinin qərəzli kampaniyalarına baxmayaraq, ölkəmiz COP29-u uğurla başa vurdu. Beynəlxalq ictimaiyyət Azərbaycana inam və etibar edilməsinin tamamilə doğru olduğuna bir daha şahidlik etdi”,-deyə deputat söyləyib.

Seçilən
26
ikisahil.az

1Mənbələr