AZ

İmran xanın tərəfdarları paytaxta axışdı

Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın tərəfdarları onun azad edilməsi tələbi ilə küçələrə çıxıb.

Nümayişçilərlə polis arasında toqquşma baş verib. Pakistan təhlükəsizlik qüvvələri ölkədə ciddi tədbirlər görüb.

“Cebheinfo.az” xəbər verir ki, minlərlə pakistanlı 2023-cü ildə həbs edilən və daha sonra 10 il həbs cəzasına məhkum edilən keçmiş baş nazir İmran Xanın azadlığa buraxılmasını tələb etmək üçün küçələrə axışıb.

Polislə qarşılaşan İmran Xan tərəfdarları paytaxt İslamabada çatıb. Etirazçılarla polis arasında şiddətli toqquşmalar olub. İslamabada yürüş edən etirazçıların qarşısını almaq üçün Pakistanın təhlükəsizlik qurumları komendant saatı tətbiq edib və internet dayandırılıb. Təhlükəsizlik qüvvələri də əsas və magistral yollarda barrikadalar qurublar.

Lakin bu qadağalara məhəl qoymayan etirazçılar barrikadaları aşaraq İslamabada yürüş ediblər. Pakistanın daxili işlər naziri Muhsin Naqvi bildirib ki, hələ də şəhərin kənarında olan etirazçılar şəhər mərkəzinə daxil olarsa, daha radikal tədbirlər görüləcək.

“Hüquq-mühafizə qüvvələri atəş açacaq və 5 dəqiqədən sonra nümayişçilərdən əsər-əlamət qalmayacaq. Şəhərin mərkəzinə çatan hər kəs saxlanılacaq”, - deyə Nakvi xəbərdarlıq edib.

Qeyd edək ki, ötən həftə İslamabad və Ravalpindi şəhərlərində etirazların baş verməsi ilə əlaqədar məktəblər bağlanıb. Həmçinin, şəhərlərarası avtobusların da hərəkətinin ləğv edildiyi bildirilib.

Xatırladaq ki, 2023-cü ilin mayında həbs edilən və həmin ilin avqustunda girov müqabilində azadlığa buraxılmasına qərar verilən keçmiş baş nazir İmran Xan 2024-cü il yanvarın 30-da xüsusi səlahiyyətli məhkəmə tərəfindən dövlətin məlumatını sızdırmaq cinayətinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Seçilən
7
cebheinfo.az

1Mənbələr