Rusiyanın Krasnoyarsk vilayətində yaşayan 17 yaşlı Milena Şevelyova adlı gənc qız heyvanları yemləmək üçün getdiyi tövlədə həyatını faciəli şəkildə itirib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hadisə valideynlərin evdə olmadığı vaxt baş verib.
Gənc qız donuzun qəfil hücumuna məruz qalıb. Hücumun şiddətindən huşunu itirən Milena daha sonra tövlədəki digər heyvanların hücumuna məruz qalıb. Nəticədə qızın çoxsaylı yaralanmaları və ağır qanaxma səbəbilə hadisə yerində vəfat etdiyi bildirilir.
Hadisə zamanı valideynləri dəfələrlə Milenaya telefonla zəng etsələr də, cavab ala bilməyiblər. Şübhələnən ailə tanışlarından vəziyyəti yoxlamasını istəyib. Ferma ərazisinə çatan yaxınları Milenanı tövlədə cansız halda aşkar edib.
Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır.
Bu cür hadisələrin qarşısını almaq məqsədilə ferma sahiblərinə təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etmək tövsiyə olunub. Mütəxəssislər tövlələrdə nəzarət sistemlərinin quraşdırılmasının və xüsusi təhlükəsizlik qaydalarının tətbiqinin vacibliyini vurğulayıb.
Musavat.com