AZ

Tiranada və Batumidə qalib gələn olmadı - İCMAL

B liqasının 1-ci qrupunda keçirilən 5-ci turun oyunlarından sonra turnir cədvəlində komandalarn mövqeyi olduğu kimi qaldı. Çünki hər iki matç heç-heçə nəticələndi.

Ötən ay liderliyi ələ alan Çexiya yığması Albaniyada hesabına bir xal yaza bildi. Tiranada təşkil edilən matçın əvvəli qonaqların üstünlüyü şəraitində keçdi. Amma slavyanlar bundan yararlana bilmədilər. Çexiyalı futbolçular topu iki dəfə qapı çarpazına tuşladı. Albaniya yığması ənənəsinə sadiq qalaraq müdafiəyəmeyilli oyunu ilə qolsuz heç-heçənin rəsmiləşməsində böyük rol oynadı. Nəticədə Çexiya sonuncu tura da vahid lider kimi başlayacaq.
Bu, həm də qrupun digər oyununda qalibin müəyyənləşməməsinə görə oldu. Gürcüstan yığması Batumidə Ukraynaya qalib gələcəyi halda, liderliyi yenidən ələ keçirəcəkdi. Xatırladaq ki, Villi Sanyolun komandası oktyabrın 11-də Poznanda bu rəqibə minimal hesabla uduzmuşdu. Qafqazlılar bu dəfə də uğursuzluğa düçar ola bilərdilər. Ona görə ki, Sergey Rebrovun komandası leysan yağışı altında keçən matçda uzun müddət hesabda öndə oldu. Artıq 7-ci dəqiqədə Mudrikin zərbəsinə uğursuz reaksiya verən Kverkveliya topu öz qapısına yönəltdi. Hesabı erkən açan qonaq komanda bundan sonra topu bilərəkdən rəqibə verməsi və əks-hücum taktikası ilə oynamasıyla yadda qaldı. Lakin ilk hissədə Mamardaşvilinin qoruduğu qapı qarşısında real qol vəziyyətinə təsadüf olunmadı. Gürcüstan komandası isə fasiləyə qədər topa 59 dəqiqə nəzarət etsə də, ukraynalıların sıx müdafiəsini yarmaqda çox çətinlik çəkdi.

Güclü yağışa baxmayaraq, azarkeşlərindən böyük dəsək alan Sanyolun komandası ikinci hissəyə çox fəal başladı. Bununla belə, rəqibin arxa xəttində boşluq tapmaq ev sahibləri üçün uzun müddət problemli məsələ oldu. Ancaq matçın sonuna yaxın qonaqların müdafiəsi səhvlərə yol verməyə başladı. Və 77-ci dəqiqədə Mikautadze komandasını məğlubiyyətdən qurtardı. Bu yay keçirilən qitə çempionatında 3 qolla ən yaxşı bombardirlərdən biri olan hücumçunun meydana 67-ci dəqiqədə çıxmaq şansı qazanması bir qədər təəccüb doğurdu. Jorj on dəqiqə sonra Trubinin Koçoraşvilinin zərbəsinə reaksiya verməklə qazona yıxılmasından məharətlə yararlandı. Son dəqiqələr qonaqların üstünlüyü ilə keçdi. Mamardaşvili Qutsulyakla Nazarenkonun yaxın məsafədən endirdiyi zərbələrə fantastik reaksiya verməsəydi, Ukrayna 2-ci yerə yüksələcəkdi. Lakin qollu “sülh” Sanyolun komandasını 2-ci pillədə saxladı. Ukrayna isə bu nəticə ilə B liqasını tərk etmək təhlükəsini artırdı.

B liqası, 1-ci qrup
5-ci tur
Albaniya - Çexiya 0:0

Albaniya: Strakoşa, Ayeti, Balliu, İsmayli, Mitay, Laçi (Abraşi, 85), Ramadani, Bayrami (Muçi, 72), Asllani, Asani (Seferi, 30), Tutsi (Uzuni, 85).
Çexiya: Kovarj, Borjil, Tsoufal, Qoleş, Yemelka, Provod (Linqr, 83), Souçek, Şults (Kuxta, 83), Çerv, Xorı (Qlojek, 65), Çernı (Kliment, 65).
Vərəqələr: Souçek, 14. Xorı, 55. Abraşi, 90+2 - sarı.
Hakim: Sandro Şerer (İsveçrə).
16 noyabr. Tirana. 20800 tamaşaçı.

Gürcüstan - Ukrayna 1:1 (0:1)
Gürcüstan: Mamardaşvili, Kaşiya, Kverkveliya (Qoçoleyşvili, 67), Kakabadze, Loçoşvili, Kiteişvili (Mekvabişvili, 86 ), Koçoraşvili, Çakvetadze (Davitaşvili, 46), Şengeliya (Sitaişvili, 67), Kvaratsxeliya, Zivzivadze (Mikautadze, 67).
Ukrayna: Trubin, Matviyenko, Mikolenko, Konoplya, Zabarnı, Zubkov (Qutsulyak, 64), Şaparenko (Kriskiv, 64), Mudrik, Sudakov (Nazarenko, 86), Brajko (Kalyujnı, 80), Dovbik (Yaremçuk, 80).
Qollar: Kverkveliya, 7-öz qapısına (0:1). Mikautadze, 76 (1:1).
Vərəqələr: Zubkov, 2. Loçoşvili, 35. Şaparenko, 52. Qoçoleyşvili, 70. Mudrik, 84 - sarı.
Hakim: Kris Kavana (İngiiltərə).
16 noyabr. Batumi. 19120 tamaşaçı.

Seçilən
18
football-plus.az

1Mənbələr