AZ

"Neftçi"nin qapıçısı: "Samir Abasovun kapitanlıq sarğısını mənə verməsi gözlənilmız oldu" - MÜSAHİBƏ

"Neftçi"nin kapitanı Rza Cəfərov "Report"a müsahibə verib.

İdman.biz xəbər verir ki, 21 yaşlı qapıçı komandasının Misli Premyer Liqasında arxada qalan 14 tur ərzindəki çıxışı və uğursuzluqları barədə danışıb. O, hazırkı baş məşqçi Samir Abasovla sabiq çalışdırıcıları Roman Qriqorçuku da müqayisə edib.

- Misli Premyer Liqasının XIV turunda “Zirə” üzərində qələbə qazandınız. Oyun barədə nə deyə bilərsiniz?

- Oyuna çox ciddi hazırlaşmışdıq. Çünki artıq geriyə yolumuz yoxdur. Hər qarşılaşmaya sonuncu kimi baxırıq. Rəqibin də gücünə bələd idik. "Zirə" Premyer Liqada ən geniş və yaxşı heyətə malik klublardan biridir. Üstəlik, son 2 matçda qələbə qazana bilməmələri bu oyuna ciddi yanaşacaqlarını göstərirdi. Maraqlı görüş oldu. İlk hissənin əvvəllərində bir necə real qol şanslarından yararlana bilmədik. Ümumi qarşılaşmanı nəzərdən keçirsək, qələbə üçün istəkli tərəf biz idik. Bu da 3 xal qazanmağımızda vacib rol oynadı. Komanda olaraq həm qələbə qazanmağa, həm də məzmunlu oyun göstərməyə çalışırıq.

- “Neftçi” Samir Abasovun gəlişindən sonra 5 tur ərzində 8 xal toplayıb. Sizcə, 9 tura 5 xal qazanan sabiq baş məşqçiniz Roman Qriqorçukla müqayisədə bu nəticəni uğurlu saymaq olar?

- Məşqçiləri müqayisə etməyim düzgün olmaz. Hər məşqçinin özünə uyğun oyun üslubu və tələbləri var. Bəzən matçlar zamanı bəxt amili də vacib rol oynayır. Məsələn, "Şamaxı" ilə oyunda qələbəni əldən verməyimiz bəxtlə əlaqəli bir şey idi. Bizə lazım olan özünəinamı qaytarmaq idi. Şükürlər olsun ki, işlər yavaş-yavaş qaydasına düşür.

- Samir Abasovun gəlişindən sonra kapitanlıq sarğısı sizə verildi. 21 yaşında “Neftçi” kimi tarixi olan klubun kapitanlıq sarğısını daşımaq necə bir hissdir?

- Bu hissləri sözlə ifadə edə bilmərəm. "Neftçi"də forma geyinən hər bir gənc o anı yaşamaq istəyər. Samir Abasovun kapitanlıq sarğısını mənə verməsi gözlənilmız oldu. Doğrusu, bunu gözləmirdim. Ancaq baş məşqçimizin bu güvəni mənim üçün xüsusi motivasiya oldu. Kulubun tarixini və adını nəzərə alaraq bu vəzifəni layiqincə yerinə yetirməyə çalışıram. Ümid edirəm ki, bir kapitan olaraq da məndən gözlənilənləri artıqlaması ilə qarşılayacam.

- Cari mövsüm 14 turun hamısında əvəzlənmədən meydanda olmusunuz. Emil Balayevin zədəli olmasını nəzərə alsaq, rəqabət olmadan qapıda dayanmaq sizə arxayınlıq yaratmır?

- Rəqabətin olmadığını düşünmürəm. Çünki "Neftçi" kimi köklü bir komandanın qapısını qoruyuram və bu, əlavə məhsuliyyətdir. Hər məşqdə və oyunda səylə çalışıram ki, işimi layiqincə yerinə yetirim. Bilirəm ki, heyətdə məndən daha təcrübəli və rəqabət apardığım qapıçı var.

- Hazırda Premyer Liqada mübarizə aparan klubların əsas heyətində Azərbaycan futbolunun yetirməsi olan qapıçılar az şans qazanır. Sizcə, yerli qolkiperlərə güvənsizliyin səbəbi nədir?

- Qapıçı məsuliyyət tələb edən mövqedi. Komanda meydana çıxarkən qolkiperlər bu inamı və güvəni yoldaşlarına ötürməyi bacarmalıdırlar. Biz qapıçılar çalışırıq ki, meydanda minimum səhvlə oynayaq. Çünki "əlcək sahibi"nin xırda səhvi dərhal nəzərə çarpır. Düşünürəm ki, yerli qapıçılar inamlı çıxış etsələr, güvən daha da artacaq və şans qazanmaq imkanı çoxalacaq.

- "Neftçi" 2024/2025 mövsümündə ilk qələbəsini yalnız X turda qazana bilmişdi. Cari mövsümün əvvəlində olan çatışmazlıqların aradan qalxdığını deyə bilərik?

- Hər oyunda müəyyən çatışmazlıqlar olur. Hər məşqdə problemləri minimuma endirmək üçün səylə çalışırıq. Bizə lazım olan öz gücümüzə inanmağımız idi. Təəssüf ki, vaxtında toparlana bilmədik. Ancaq indi çox yaxşı formadayıq. Məşqçilər korpusu komandanın çatışmayan cəhətlərini artıq müəyyənləşdirib. Onların peşəkarlığı və bizim çalışqanlığımız sayəsində hər şey daha da yaxşı olacaq.

- Mövsümün sonunda komandanın UEFA Konfrans Liqasına getmək şanslarını necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, avrokuboklara düşmək şansımız hələ də qalır. Cari mövsümün başa çatmasına çox var. Mövsümün sonuna qədər xal ehtiyatımızı artıra bilsək, niyə də istəyimizə nail olmayaq? Əlimizə düşən bütün fürsətləri dəyərləndirmək məcburiyyətindəyik. Ən pis halda növbəti mövsüm hədəfimizə çatacağımıza inanıram.

- Qarşıda sizi “Qarabağ”la çətin ev oyunu gözləyir. “Neftçi” Ağdam təmsilçisi üzərində sonuncu qələbəsini 2021-ci ildə məhz indiki baş məşqçi Samir Abasovun rəhbərliyi altında qazanıb. 3 illik tilsimi qırmaq mümkün olacaq?

- Rəqibin gücündən asılı olmayaraq, makimum səylə mübarizə aparacağıq. Qələbə qazanmaq üçün meydana çıxacağıq. Azarkeşlərimizin bizdən gözləntiləri var. Bu mövsüm onları çox üzmüşük. İnanıram ki, "Neftçi" qələbə üçün sona qədər döyüşəcək.

İdman.biz

Seçilən
9
idman.biz

1Mənbələr