AZ

Dələduzlara inanmayın! - "Qaraca Cümə" günündə...

Hər il olduğu kimi, noyabrın son cümə günü əksər mağazalarda böyük endirimli təkliflər olur. Bu il "Qara Cümə" ("Black Friday") ayın 29-na təsadüf edir. Artıq bir çox mağazanın sosial media səhifələrdə endirim reklamlarına rast gəlmək mümkündür. Ancaq nəzərə almaq lazımdır ki, bu kampaniya həm də kiberdələduzlar üçün bir fürsətdir.

Bəs vətəndaşlar bu halda nələrə diqqət yetirməlidirlər?

İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Redaktor.az-a açıqlamasında bildirib ki, "Qara Cümə" böyük endirim kampaniyaları alış-veriş edən müştərilər üçün əlverişli fürsətlər yaratsa da, sosial şəbəkə istifadəçiləri  müxtəlif fırıldaqçılıq və təhlükələrə məruz qala bilərlər.

Ekspertin sözlərinə görə, insanların bu cür təhlükələrdən qorunması üçün bir neçə vacib məqama diqqət yetirmələri mütləqdir:

"Endirimlərə diqqət edərkən, yalnız etibarlı və rəsmi onlayn mağazalardan alış-veriş etmək vacibdir. Şübhəli və tanımadığınız saytlardan uzaq durmalısınız. Tanınmış markaların və ya yüksək reytinqli e-ticarət platformalarının saytlarını seçmək daha təhlükəsizdir. Kiberdələduzlar tez-tez saxta endirim təklifləri ilə dolu e-poçt və SMS-lər göndərir. Belə mesajlar istifadəçini saxta vebsaytlara yönəltmək və şəxsi məlumatlarını ələ keçirmək məqsədi güdür. Şübhəli və tanımadığınız mənbələrdən gələn e-poçt və ya SMS-lərə cavab verilməməli və linklər  açılmamalıdır. Şəxsi məlumatlarınızı daxil edərkən, saytın ünvanının "https://" ilə başladığına əmin olun. "http://" ilə başlayan saytlarin təhlükəsizliyi daha azdır və şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər".

B.Əliyev qeyd edib ki, əgər bir məhsulun qiyməti həddindən artıq ucuzdursa, bu, şübhəli ola bilər:

"Bəzən kiberdələduzlar çox yaxşı endirimlər təklif edirlər ki, istifadəçi alış-veriş etmək istəsin və sonra səhvən saxta məhsul alsın. İctimai Wi-Fi şəbəkələrində alış-veriş etmək təhlükəlidir, çünki kiberdələduzlar bu şəbəkələrdə məlumatları ələ keçirə bilər. Öz mobil internetinizdən istifadə etməlisiniz. Şəxsi məlumatlarınızı (ad, ünvan, telefon nömrəsi, bank məlumatları) yalnız etibarlı və təhlükəsiz saytlarda paylaşın. Hər hansı bir onlayn mağaza sizdən çox geniş şəxsi məlumat tələb edirsə, məlumatlarınızı verməyin".

Mütəxəssisin sözlərinə görə, bu və bu kimi tövsiyələrə əməl etməklə, insanlar özlərini kiberdələduzluqlardan qoruyaraq təhlükəsiz alış-veriş edə bilərlər. Bu cür endirim kampaniyaları həm fürsət, həm də risklər daşıyır, ona görə də diqqətli olmaq çox önəmlidir.

Sevinc İBRAHİMZADƏ

Seçilən
7
redaktor.az

1Mənbələr