AZ

Əminə Ağazadə: “Bakıda qlobal sülh və təhlükəsizliyə dəstək verildi”

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq səviyyədə gün gündən artan nüfuzunun nümayişi, Azərbayacn dövlətinin diplomatik və siyasi uğuru oldu. Bu həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisinə çevrildi. 

Azərbaycan bundan əvvəl  bir çox mötəbər beynəlxalq tədbirlərə, müxtəlif idman yarışlarına yüksək səviyyədə evsahibliyi edib. Bu mənada COP29 da istisna deyil. Xatırladaq  ki, COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar ötən ilin sonunda Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib və dövlətimizin başçısı bütün lazımi tapşırıqları verdikdən sonra BMT tədbirinə hazırlıq işlərinə başlanmışdı.

Tədbir mürəkkəb və yüksək texnoloji  proses olsa da, bütün işlər davamlılıq, əlçatanlıq və inklüzivlik prinsipləri nəzərə alınmaqla həyata keçiril COP İqlim Sammiti tarixində ilk dəfə olaraq həm texniki, həm də kollektiv məsələləri dəstəkləmək üçün Əməliyyat Şirkəti tərəfindən yaradılmış xüsusi mərkəz də BMT tərəfindən təsdiq edilib.

BMT-nin Bakıda keçirilən beynəlxalq COP-29 artıq ekoloji sammit çərçivəsindən çıxaraq, həm də çox əhəmiyyətli siyasi bir nəticə verdi. Azərbaycan prezidenti cənab İlham Əliyevin açılış mərasimində çıxışı, bəyanatları nəinki Azərbaycana qarşı, həmçinin BMT-na qarşı qarayaxma kompaniyası aparmaq istəyən Makron komandasını, bəzi Avropa liderlərini ifşa etdi. Azərbaycanın qəti mövqeyi, bəzi Avropa liderlərinə Azərbaycanla güc, təzyiq dili ilə danışmağın əbəs olduğunu başa saldı.

Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.

Geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdilər. Hamının razılaşa biləcəyinə şübhə ilə yanaşırdılar. Onlar hər iki məsələdə yanıldılar.

Ölkə Başçısı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”

COP29-un ən böyük uğurlarından biri də 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da “Paris sazişi”nin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bununla bağlı razılığın əldə olunması COP29 sədarətinin xüsusi önəm verdiyi məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.

Ölkəmiz bu təşəbbüslə yalnız iqlim dəyişikliyinə qarşı mübarizəyə deyil, həm də qlobal sülh və təhlükəsizliyə dəstək vermiş oldu. Prezident İlham Əliyev bu cür mənfur kampaniyalara qarşı verdiyi cavablarda bəyan etdi ki, COP29-a qarşı yönəlmiş boykot çağırışlarına baxmayaraq, tədbirə 196 ölkədən 77 min nəfər iştirakçı qeydiyyatdan keçib. Onların arasında 80-dən çox prezident, vitse-prezident və baş nazir də olub. Bu, Azərbaycanın qlobal səviyyədəki əhəmiyyətini bir daha nümayiş etdirdi.

Ümumilikdə, COP29 Azərbaycana dünya miqyasında yüksək hörmət qazandırmaqla yanaşı, ölkəmizin iqlim siyasətindəki fəallığını və beynəlxalq arenada güclü mövqeyini bir daha göstərib. Bu tədbir iqlim dəyişikliyi ilə mübarizəyə dair dünya liderlərinin bir araya gəlməsi üçün vacib bir platforma olmaqla yanaşı, həm də Azərbaycanın dünya miqyasında artan nüfuzunun təntənəsidir.

Əminə Ağazadə,

Milli Məclisin deputatı

Seçilən
33
xalq.az

1Mənbələr