AZ

İldırımzadə və Mirzəzadənin həbsi tələb edildi

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Prosesdə zərərçəkmiş Qurban Piriyev iştirak etməyib. Hakimlər prosesin hazırkı mərhələdə onun iştirakı olmadan keçirilməsi barədə qərar qəbul ediblər. Məhkəmədə onu vəkil  Sadin Rəsulov təmsil edib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müəyyənləşib. Qoşqar Məmmədovun vəkili işə yeni qoşulduğunu deyib. Bildirib ki, cinayət işi ilə tanış deyil. O, iş materialları ilə tanış olmaq üçün vaxt istəyib. 

Qurban Piriyevin vəkili Sadiq Rəsulov məhkəməyə vəsatət təqdim edib. O, hər üç təqsirləndirilən şəxsin həbs edilməsini istəyib. 

Təqsirləndirilən şəxslərin vəkilləri növbəti iclasda bu vəsatətə münasibət bildirəcəklər. 

Bu səbəbdən Sadiq Rəsulov vəsatətini geri götürdüyünü, növbəti iclasda təkrar verəcəyini bildirib. Hakimlər hazırkı mərhələdə cəsarəti geri götürülməsini qərara alıb. 

Vəkilə cinayət işi ilə tanış olmaq üçün vaxt verilib və proses dekabrın 3-ə təxirə salınıb.

İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub. Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə İldırımzadə əslindən olan Rasim İldırım, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb, daha sonra isə barələrində “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib.

Onların əməlindən ziyan çəkən iş adamı Piriyev Qurban Zeynəddin oğludur. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə tanışı - Balakən rayon sakini Hürü Əmiraslanovadır.

Hürü Əmiraslanova özü də bu işə görə cinayət məsuliyyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımdır. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırım qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Rasim İldırım Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımın adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.

Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırım, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.

Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.

Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir. O, 2 il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.

Fariz Məlikli
Demokrat.az
Seçilən
32
7
demokrat.az

6Mənbələr