AZ

COP29 iqlim dəyişmələri ilə mübarizəyə öz töhfəsini verdi - ŞƏRH

Azərbaycan daha bir möhtəşəm tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına yüksək səviyyədə ev sahibliyi etdi. COP29-un Azərbaycanda keçirilməsi tarixi əhəmiyyət kəsb edən hadisə idi. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində davamlı ictimai-siyasi sabitliyə və sosial-iqtisadi inkişafa nail olan ölkəmiz, qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək potensialını bir daha nümayiş etdirdi.


Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.


Onun sözlərinə görə, konfrans çərçivəsində qəbul edilən qərarlar onu deməyə əsas verir ki, Bakı platforması öz işinin öhdəsindən layiqincə gəldi.


“COP29-da qəbul edilən ən vacib qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1.3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılaşmanın əldə edilməsi oldu. Bakı Maliyyə Məqsədi 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə hər il ən azı 300 milyard dollar həcmində vəsaitin ayrılmasını nəzərdə tutur. Bu, olduqca əhəmiyyətli və digər COP tədbirlərində razılaşması mümkün olmayan yüksək hədəfə nail olmaq idi.


Bununla yanaşı, konfrans müddətində Paris Sazişinin 6-cı maddəsinin işlək vəziyyətə gətirilməsi və İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması qazanılmış əhəmiyyətli nailiyyətlərdəndir. Beləliklə, Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə iqlim dəyişmələri ilə mübarizəyə öz töhfələrini verdi”, - deyə G.Ağamalı vurğulayıb.

Seçilən
32
ekologiya.az

1Mənbələr