AZ

Məhkəmə Anar Məmmədlini həbsdə saxlayıb

Noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Anar Məmmədlinin həbsindən verdiyi şikayətinə baxılıb. 

Vəkil Cavad Cavadovun Turan-a verdiyi məlumata görə, Məmmədli ilkin həbs müddətinin uzadılmasının əsassız olduğunu bildirib və cinayət təqibini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirib.

Cavadov həmçinin Məmmədlinin səhhətinin pisləşməkdə davam etdiyini və adekvat tibbi yardımın olmadığını bildirib. Bununla belə, Apellyasiya Məhkəməsi Məmmədlinin həbs müddətinin uzadılması haqqında qərarı qüvvədə saxlayıb.

Müdafiə tərəfi Məmmədliyə tibbi yardım göstərilməsi üçün Məhkəmənin Reqlamentinin təcili müvəqqəti tədbirlərin görülməsi haqqında Qaydasına uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir. Bu qayda ərizəçinin həyat, sağlamlıq və təhlükəsizliyi üçün təhlükə olduğu hallarda təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur.

*  Anar Məmmədli aprelin 29-da saxlanılıb, aprelin 30-da isə CM-in 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Məmmədlini və həbs edilmiş digər şəxsləri dərhal azad etməyə çağırıb. Noyabrın 20-də məhkəmə Məmmədlinin həbs müddətini 3 ay uzadıb.

Anar Məmmədli seçki hüququ sahəsində fəaliyyət göstərən QHT-nin rəhbəri və seçkilər haqqında tənqidi hesabatların müəllifidir.

Seçilən
22
1
turan.az

2Mənbələr