AZ

Psixoloq: “Dövlət bunu boş yerə etmir…”

“Yeni məktəbəqədər və orta təhsil müəssisələri inşa edilməlidir”.

Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“Əksər ərazilərdə ciddi şagird sıxlığı var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır. Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda bu məsələ kəndlərin sürətli boşalmasına gətirib çıxaracaq”, - deyə deputat bildirib.

Bəs uşaqlar üçün bunun psixoloji təsiri varmı? Yəni, həmin vaxt valideyn uşağın yerini dəyişmək istəyirsə, o zaman bu şagirdin psixolojisinə necə təsir edə bilər? 

Mövzu ilə bağlı “Cebhinfo.az”-a açıqlamasında psixoloq-pedaqoq Zeynəb Əyyubova qeyd edib ki, dövlət əgər dəyişiklik edəcəksə, bu, uşaqların xeyrinə olacaq.

Psixoloq-pedaqoq bu qərarın uşaqlara psixoloji cəhətdən heç bir pis təsiri olmayacağını bildirib: 

“Məktəbəqədər müəssisələrin, bağçaların açılmasını, yeni işlərin qurulmasını dəstəkləyirəm. Çünki yeni bağçaların tikilməsi yeni iş yerləri və yeni insanların əməyə cəlb olunması deməkdir. 

Amma burada bir nüans var, dövlət bunu boş yerə etmir və bu məsələlərin üzərində xeyli düşünür. Məsələn, bu il özəl bağçalarla dövlət arasında qrand layihəsi oldu. Layihədə bağçadan kənar qalmış, yerləşdirilə bilməyən uşaqlar üçün qrand ayrıldı.

Beləliklə, özəl bağçalara dövlət təminatı ilə uşaqlar qəbul olunmağa başlayır. Yəni bunun özü də böyük bir prosesdir. Məktəblərlə bağlı sıxlıq yəqin ki, əhalinin rayonlardan daha çox böyük şəhərlərə gəlməsi ilə əlaqədardır. 

Psixoloji nöqteyi-nəzərdən şəhər mühiti həmişə cəlbedici olub. Şəhər daima maraqlı olub və yaşamaq üçün daha rahat bir yerə çevrilib”. 

O bildirib ki, əgər uşaqlar, şagirdlər olduqları yerdən daha pis yerə keçsəydi bu, onlarda travma yaradardı: 

“Bu məsələdə uşaqların psixolojisinə mənfi təsir edəcək heç nə baş vermir. 

Əgər uşaqlar yerlərini dəyişib daha pis yerə getsəydilər əlbəttə, bu, onlarda travma yaradardı.

Lakin onlar kənd məktəbindən rayon və şəhər məktəbinə gələcək. Onlar daha da inkişaf edəcəklər. Bəzən ola bilər ki, uşaqlar hansısa müəllimlərinə psixoloji bağlansınlar.

Amma uşaqların böyüməyi də elə bağlılıqlarından qopmaqları ilə əlaqəli olur. Yəni bunun bir problemi olmayacaq.

Kənd məktəbi ilə şəhər məktəbi arasında şəraiti, istiliyi, yerləşməsi olsun, nə qədər fərq var. Yəni uşaq pisdən yaxşıya keçəcək.

Hər hansı bir məktəb bağlansa belə yəqin ki, təmirsiz, keyfiyyətsiz məktəbi seçib, yaxşını saxlayacaqlar. Düşünürəm ki, bu qərarın uşaqların psixolojisinə mənfi təsiri olmayacaq”. 

Seçilən
11
cebheinfo.az

1Mənbələr