Azər Həsrət: “Türk Dövlətləri Təşkilatının rəhbərliyindən, təmsilçiliyindən kimlərsə orda iştirak da, çıxış da edə bilərdi”
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) 41-ci ildönümü çərçivəsində Dr. Fazıl Küçük Bulvarında rəsmi parad keçirilib.
Mərasimdə prezident Ersin Tatar, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan adından millət vəkili Cevdet Yılmaz, Cümhuriyyət Məclisinin sədri Ziya Öztürklər, Türkiyə Böyük Millət Məclisi adından BMM-in sədr müavini Cəlal Adan, Baş nazir Ünal Üstel, Yargıtay sədri Bertan Özerdağ, 2-ci prezident Mehmet Əli Tələt, 3-cü prezident Derviş Eroğlu, TC Lefkoşa səfiri Yasin Ekrem Serim, KTBK komandiri general-mayor Sebahattin Kılınç, GKK Komandiri, general-mayor İlker Görgülü, ana müxalifət partiyası CTP sədri Tufan Erhürman, Türkiyənin ana müxalifət partiyası CHP sədri Özgür Özəl, nazirlər, bəzi millət vəkilləri, ordu rəsmiləri, qurum, təşkilat, dərnək nümayəndələri və vətəndaşlar iştirak edib.
Mərasimə Türkiyə və Azərbaycandan bəzi siyasi partiyaların nümayəndələri və nümayəndə heyətləri də qatılıb.
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür, ona bu status verilib. ŞKTC-nin yaradılmasının 41-ci ildönümü münasibətilə keçirilən hərbi paradda TDT-yə üzv olan türk dövlətlərindən, Orta Asiyanın türk respublikalarından, Azərbaycandan rəsmilərin iştirak edib-etmədiyi hələ bilinmir, amma ediblərsə, heç çıxış da etməyiblər. Etsəydilər, bu, yayılan xəbər mətnində öz əksini tapardı. Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin nümayəndələri o cür toplantıda iştirak və çıxış etməli idilərmi?
Çıxış etsəydilər nə olası idi, burada yanlış bir şey yoxdu ki. Bu çox yaxsi hal olardı və dünyaya bir mesaj olardı ki, biz Şimali Kipr Türk Cumhuriyyətini tək qoymuruq. Nəzərə alsaq ki, Qərb yunan Kiprinə hər cür dəstək olur, biz niyə türk Kiprinə dəstək olmayaq ki?
Şimali Kipr Türk Cümhuriyyətini Türk Dövlətləri Təşkilatına üzv qəbul etmişiksə, ən azı, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin adından kimsə çıxış etməli idi. Belə fikirlər var.
“Amma dəqiq məlumatlı deyiləm ki, ümumiyyətlə dəvət ediliblərmi, ediliblərsə, iştirak ediblərmi, ediblərsə hansı səviyyədə ediblər”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Quzey Kıbrıs Türk Cumhuriyyəti böyük türk ailəsinin ayrılmaz bir hissəsidir, yəni bizdəndir, yad-yabançı deyil: “Onun statusu ilə bağlı şəxsən məndə heç bir sual yoxdur. Mən özüm bir türk dövlətinin-Azərbaycanın vətəndaşı olaraq Quzey Kıbrıs Türk Cumhuriyyətini tamhüquqlu dünya dövlətlərindən biri kimi tanıyıram, qəbul edirəm və onun prezidenti prezidentimdir, dövləti dövlətimdir. Qaldı ki, bu tədbirdə türk dövlətlərindən kiminsə iştirak edib-etməməsi məsələsinə, Azərbaycanın belə bir probleminin olduğunu sanmıram, elə qardaş Türkiyənin də. Orta Asiya Türk Dövlətləri hələ ki, bu məsələdə bir az ehtiyatlıdılar. Onları da hardasa başa düşürəm. Amma dəqiq məlumatlı deyiləm ki, ümumiyyətlə, dəvət ediliblərmi, ediliblərsə, iştirak ediblərmi, ediblərsə hansı səviyyədə ediblər. Ondan savayı, Türk Dövlətləri Təşkilatının rəhbərliyindən kimlərsə orda iştirak edibmi? Mənə elə gəlir ki, bu kimi şeylər həlli mümkün məsələlərdir. Türk Dövlətləri Təşkilatının rəhbərliyindən, təmsilçiliyindən kimlərsə orda iştirak da, çıxış da edə bilərdi. Buna da heç kəs heç nə deyəsi deyildi. Yəni mən düşünürəm ki, artıq türk dövlətləri bir qədər daha cəsarətli davranmaq üçün özlərində güc tapmalıdırlar. Misal üçün, elə sonuncu zirvə toplantısı qardaş Qırğızıstanda - Bişkekdə oldu. Düzdür, Quzey Kıbrıs Türk Cumhuriyyətinin cumhurbaşkanı Ersin Tatar orda iştirak və çıxış etdi. Amma təəssüflər olsun ki, həmin toplantıda Quzey Kıbrıs Türk Cumhuriyyətinin bayrağını biz görmədik. Artıq bu ikili oynamağı, kimdənsə qorxub çəkinməyi dayandırmaq lazımdır. Biz türk dövlətləriyik, biz türk millətiyik, biz diqtə edən tərəfə çevrilməliyik. Kiminsə xoşuna gəlməyəcək deyib Quzey Kıbrıs Türk Cumhuriyyəti ilə bağlı bu cür davranmaq doğru deyil. Eyni zamanda xüsusi olaraq vurğulamaq istəyirəm ki, artıq Azərbaycan Respublikası qardaş Quzey Kıbrıs Türk Cumhuriyyətinin dövlət müstəqilliyinin tanınması prosesini başlatmalıdır. Müvafiq prosedur başlanılmalıdır. Biz nəyi gözləyirik, niyə gözləyirik?”
A.Həsrət qeyd etdi ki, Yunanıstanla Ermənistan can bir qəlb qardaşdı, Kıbrısın rum kəsimi Ermənistanla qardaşdır, ermənilərin bütün antitürk hərəkatlarında açıq şəkildə iştirak edirlər. “Necə olur ki, onlar heç nədən çəkinmirlər, Azərbaycanı birdən incidərik deyə düşünmürlər. Biz durub düşünürük ki, birdən yunanları, rum kəsimini incidərik, xətrinə dəyərik. Mənə elə gəlir ki, artıq Azərbaycan özəlliklə də COP29-a möhtəşəm ev sahibliyindən sonra Quzey Kıbrıs Türk Cumhuriyyətinin dövlət müstəqilliyinin tanınması prosedurunu başlatmalıdır. Bunun üçün Azərbaycanda yetərincə ictimai rəy də var. Yəni alt yapı hazırdır, xalq bunu qəbul etməyə hazırdır. Ona görə düşünürəm ki, qardaş Türkiyənin bu yöndə təcrübəsini nəzərə alaraq Quzey Kıbrıs Türk Cumhuriyyətini dövlət kimi tanımalıyıq. Ümumiyyətlə, bundan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Quzey Kıbrıs Türk Cumhuriyyətinin bayrağı Azərbaycanda və digər türk dövlətlərində daim dalğalanmalıdır. Xatırlayırsınızsa, cumhurbaşkanı Ersin Tatar Azərbaycana gələndə Azərbaycan Prezidenti açıq mətnlə demişdi ki, Quzey Kıbrıs Türk Cumhuriyyətinin bayrağı, əlbəttə, burda dalğalanmalıdır. Düşünürəm ki, məhz buna uyğun olaraq da biz o dövləti tanımalıyıq” - deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA