Hafiz Cabbarov: “1983-cü ildə Moskvada keçirilən “Qafqaz xalqlarının tarixi coğrafiyası problemlərinə” həsr olunmuş müşavirdə məlum oldu ki, ümumiyyətlə tarixdə 387-ci il müqaviləsi olmayıb”
Ermənilər illər uzunu uydurub kitablaşdırdıqları yalanlara o qədər aludə olublar ki, o saxta informasiyalara istinad edib uydurma iddialar səsləndirirlər. Diqqət çəkən məsələlərdən biri odur ki, bu yalanlar yalnız tarixçilər, ictimai fiqurlar, siyasətçilər tərəfindən dilə gətirilmir, bir sıra hallarda ölkənin birinci şəxsi də yalan məlumatlar ifadə etməkdən çəkinmir.
Yadınızdadırsa, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan İctimai TV-yə müsahibəsində Qərbi Azərbaycanla qondarma “Qərbi Ermənistan” arasında uğursuz müqayisə aparıb: “Biz "Qərbi Azərbaycan" ifadəsini eşidəndə qəzəblənirik. Amma düşünmürük ki, biz "Qərbi Ermənistan" deyəndə bu da kimisə qıcıqlandırır". Təbii, Paşinyanın bu iki məsələni-reallıqla uydurmanı eyni müstəviyə qoymaq cəhdi yolverilməzdir, çünki Qərbi Azərbaycan reallıqdır, gerçək bir ərazidir, amma “Qərbi Ermənistan” ifadəsi mifik, çürük erməni təfəkkürünün məhsuludur. Yeri gəlmişkən, Paşinyanın bu qeyri-adekvat müqayisəsi Ermənistanda da kəskin reakiya doğurub. Məsələn, Tarix İnstitutunun direktoru Aşot Melkonyan Ermənistanın baş naziri Nikol Paşinyanın son müsahibəsindən hiddətlənib və “Azadlıq” radiosunun müxbiri ilə söhbətində onun fikirlərini tənqid edib, təbii ki, bu tənqid ermənisayağı tənqiddir.
Onun qeyd etdiyinə görə, paralellər aparanda bu o deməkdir ki, biz Qərbi Azərbaycan dedikdə indiki Ermənistan Respublikasının ərazisini nəzərdə tuturuq. Qərbi Azərbaycan ifadəsinin baş nazirin ağzından eşidilməsini tarixçi narahatlıqla qarşılayıb.
Bunun ardınca isə Ermənistanın Respublika Partiyasının İcraiyyə orqanının nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanov “Qərbi Ermənistanla” bağlı cəfəng açıqlama verib və Paşinyanın dediklərinə öz aləmində “düzəliş edib”. İ. Şarmazanov iddia edib ki, guya 387-ci ildə dünyada “Qərbi Ermənistan” “termini” işlədilməyə başlayıb. Guya “Qərbi Ermənistan” “siyasi”, “tarixi” və “elmi termindir”. Guya bu ifadə 387-ci ildə “Ermənistanın Roma və İran arasında ilk bölünməsindən” sonra istifadə olunmağa başlayıb. Guya həmin dövrdə “Qərbi Ermənistan” olub. Şarmazanovun ifadə etdiyi başqa cəfəng fikirləri qeyd etməyi lazım bilmədik, çünki uydurma və yalanlarla vaxtınızı almaq istəmədik.
387-ci il məsələsindən söz düşmüşkən bir məqamı vurğulamaq istəyirik. Bir neçə il əvvəl Azərbaycanda tanınmış tarixçi akademiklərdən birinin elmi redaktorluğu ilə orta məktəblərin rus sektorları üçün “Azərbaycan tarixi” dərsliyində "387-ci ildə Persiya ilə Bizans Ermənistanı öz aralarında bölüblər" kimi cəfəng fikir yazılmışdı. Halbuki, tarixdə Ermənistan adında bölünmüş vilayət yoxdur, olmayıb da. O dövrdə hansı Ermənistan olub ki, bunlar belə əl-ayağa düşüblər? Axı tarixdə XX əsrin əvvəllərinə qədər Ermənistan adlı dövlət olmayıb, bu Ermənistan isə Azərbaycanın tarixi Qərbi Azərbaycan ərazisində qurulub, qurulma tarixi də dünyaya məlumdur.
Tarixdə barəsində danışılan Ərməniyyə Ermənistan demək deyil, o, Bizansın, indiki Suriyanın ərazisində yerləşən tarixi Ərməniyyə vilayəti idi.
Rus tarixşünaslığında, Sovet tarixşünaslığında, rusdilli kitablarda o Ərməniyyəni erməni tarixçiləri "Armeniya" etdilər, təbii ki, rusların köməyi ilə. Ərməniyyə ayrı şeydi, rusca səslənən Armenia - Ermənistan adı başqa şeydi. Bizansın dövründəki Ərməniyyə vilayətinin Ermənistanla heç bir əlaqəsi yoxdur.
Ermənilərin bu adda iddialı danışması həm də bizim bəzi tarixçilərin məsuliyyətsizliyinin nəticəsidir ki, bu gün ermənilərin əlinə fürsət keçib və ondan istifadə edirlər. Bizim bəzi tarixçilər bunu hansı məqsədlə etmişdilər? Bəzi məsuliyyətsiz tarixçilərinin səhvi ucbatından orta məktəblərin dərsliklərinin bir çoxunda vaxtilə bu barədə yazıblar. Rus sektorları üçün olan dərslikdə elə o cür də yazıblar ki, Bizans və Persiya “Armenianı” böldülər, erməni də oxuyub deyir ki, bizim Armeniadır.
“Uydurma 387-ci il “müavailəsi” barədə bizim köhnə sovet dövründən qalma dərsliklərdə də yazılırdı”
Tarixçi Hafiz Cavvarov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ermənilər, hər zaman olduğu kimi, yenə də öz əməllərini davam etdirirlər. “Ermənilərin ən sevimli məşğuliyyətlərindən biri tarixin falsifikasiyası, tarixin saxtalaşdırılmasıdır. Birincisi, ümumiyyətlə Armenia – Ərməniyyə (ərəb mənbələrində) adının indiki haylarla heç bir əlaqəsi yoxdur. Armenia hər hansı bir etnik adı bildirmir, bu, arami dilində “yüksək yer” deməkdir. Mesopotamiyanın Şimalı, indiki Türkiyənin Cənub-Şərqi, Van gölü ətrafı arami dilində “yüksək yer-Armenia” adlanırdı. Necə ki, Mesopotamiya yunan dilində “iki çay arası” deməkdir, yəni hər hansı bir etnik mənşəyi, mənsubiyyəti bildirmir, Armenia adı da heç bir etnik mənsubiyyəti, xalqı, etnosu bildirmir, sadəcə olaraq coğrafi məkanı bildirir. Həmin coğrafi məkan dağlıq ərazi olduğu üçün belə adlanırdı. Burda bir çox xalqlar yaşamışdır. Yeri gəlmişkən, ora Armenia adlananda özlərini erməni adlandıran haylar bura çox sonralar gəlmişdilər. burda onlar məhz başqasının tarixi-coğrafiyasına, adına sahib durmağa çalışmışlar. Yəni ermənilərin ölkələrinin adı belə oğurluqdur, belə xalqdan saxtakarlıqdan başqa heç nə gözləmək olmaz. Ona görə də, hansısa bir xalqı ittiham etməyə onların haqqı çatmır. Bu, Armenia termini haqda bildirdiklərimizdir”.
Tarixçi qeyd etdi ki, bunun bir sıra oxşar situasiyaları, presedentlər var. O sual edir ki, niyə ermənilər özlərini hay, ölkələrini Hayastan adlandırırlar, ancaq nə üçün Hayastan beynəlxalq termində Armenia adlanır? “Bunlar buranın qədim sakinidirsə onda beynəlxalq termin olaraq da ölkələrini Hayastan adlandırsınlar. Niyə adlandırmırlar? Çünki tarixi mənbələrə əsasən bir daha sübut olunacaq ki, hayların Armenia bölgəsi ilə heç bir əlaqəsi yoxdur.
O ki qaldı bunların 387-ci il müqaviləsinə, bununla bağlı bir maraqlı məlumatı sizinlə bölüşmək istəyirəm. Tanınmış Azərbaycan alimi, albanşünas Fəridə Məmmədovanın 1993-cü ildə nəşr olunmuş “Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası” kitabının 116-cı səhifəsində belə bir qeydi var: “Mən Albaniya torpaqları ilə bağlı 387-ci il müqaviləsini əks etdirən heç bir mənbə aşkar edə bilməmişəm”. Yeri gəlmişkən, Fəridə Məmmədova bu dövr üzrə nəinki ölkəmizdə, dünyada tanınan mütəxəssislərdən biridir. 1983-cü ildə Moskvada keçirilən “Qafqaz xalqlarının tarixi coğrafiyası problemlərinə” həsr olunmuş müşavirdə məlum oldu ki, ümumiyyətlə tarixdə 387-ci il müqaviləsi olmayıb. Buna görə də həmin fakt artıq tarixi mənbə olmaq hüququndan məhrum edilib. Erməni alimi Arutunyan məcbur olub rəsmi olaraq məlumat vermişdi ki, belə bir müqavilə ümumiyyətlə yoxdur, bu yalnız erməni tarixçilərinin yazılarında özünə yer tapmışdı. Yəni əslində ermənilərin istinad etdiyi bu “müqavilənin” özü belə uydurmadır. Yeri gəlmişkən, şəxsən mən özüm də 387-ci il “müqaviləsi” ilə bağlı istinadları axtararkən bunun yalnız və yalnız erməni tarixçilərinin əsərlərində olduğunu gördüm. Ermənilər də bunu asanlıqla uydura bilərlər. təsəvvür edin, əgər müqavilə Sasani dövləti ilə Roma imperiyası arasında bağlanıbsa, bəs onda niyə onlara aid mənbələrdə bu barədə heç nə yoxdur? Yəni nə Sasani, nə də Roma mənbələrində bu müqavilə ilə bağlı heç nə yoxdur. Yalnız və yalnız bu, ermənilərin qondarma və uydurma mənbələrində qeyd olunur. Düzdür, bəzən beynəlxalq ədəbiyyatda bu yalanlara istinad edirlər, ancaq o ədəbiyyatın hamısına baxıram ki, görüm bunlar hansı mənbəyə dayanaraq bunu yazırlar. Görürəm ki, yalnız və yalnız erməni mənbələrinə. Çox təəssüf ki, bəzən tarix siyasi alətə çevrilir və bu tarixi də məqsədyönlü yaradırlar. Təəssüf ki, bəzən Avropa tarixçiləri əsassız olan erməni mənbələrinə əsaslanırlar, istinad edirlər.
Yeri gəlmişkən, haqlısınız, uydurma 387-ci il “müqaviləsi” barədə bizim köhnə sovet dövründən qalma dərsliklərdə də yazılırdı. Amma artıq o barədə bizim dərkliklərdə heç nə yoxdur, haqlı olaraq bu uydurma məsələ çıxarılıb. Çünki həqiqətən də rəsmi istinadı olmayan, yalnız erməni mənbələrində olan, uydurulmuş tarixi hadisənin dərsliklərdə verilməsi doğru olmaz. Bir sözlə, dediyim kimi, yenə də öz tarixlərini uydururlar, çünki Qafqazın istər antropologiyasında, istər etnoqrafiyasında, istər tarixi-coğrafiyasında, folklorunda 200 il o tərəfə getsək ermənin izi-tozu belə yoxdur. Ancaq Azərbaycan olmasa, demək olar ki, Qafqazın tarixi də olmamış olur. Əsas faktlardan biri odur ki, bir xalqın qədimliyini göstərən onun folklorudur. Bir dənə erməni dastanı, erməni mahnısı, orijinal erməni folklor nümunəsi demək olar ki, yoxdur. Nə burda, nə də Anadolu bölgəsində orijinal erməni folkloruna rast gəlməzsiniz. Bunlar yalnız və yalnız qonşu xalqlardan, xüsusən də türk xalqından oğurladıqları nümunələr ola bilər. Bu xalqın nail olduğu ən böyük “uğur” məhz oğurluqdur. Kiminsə tarixini, kiminsə məişətini, kiminsə torpağını oğurlamaq bunların adətinə çevrilib. Amma artıq bu da keçmir, onlar hər sahədə olduğu kimi, bu sahədə də məğlubiyyətə məhkumdular”-deyə H. Cabbarov qeyd etdi.
İradə SARIYEVA