AZ

“DİN ictimai əxlaqın pozulması hallarına qarşı uğurla mübarizə aparmaqdadır”

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi prosesi DİN tərəfindən uğurla davam etdirilməkdədir. Bir tərəfdən cinayətkarlığa qarşı prinsipial mübarizə ortaya qoyan polis əməkdaşları, digər tərəfdən xalqımızın əxlaqi dəyərlərinin müdafiəsini həyata keçirir ki, bu da xalqımızın özünəməxsusluğunun, milli-mənəvi dəyərlər sisteminin qorunması baxımından mühüm əhəmiyyətə malikdir.

 

Moderator.az-a açıqlama verən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, peşəkar hüquqşünas Əliməmməd Nuriyev, cəmiyyətin əxlaqi dəyərlərinin qorunması istiqamətində polis əməkdaşlarının gördüyü işləri yüksək qiymətləndirib, bu fəaliyyətin önəminə diqqət çəkib:

 

“DİN-nin əsas vəzifələrindən biri ictimai qaydaları, ictimai asayişi qorumaqdır. Bu baxımdan DİN bütün sferalarda öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirməkdədir.

 

Sosial şəbəkələr vasitəsilə gerçəkləşən əxlaqa zidd əməllər xuliqanlıq cinayət tərkibini yaradan əlamətlərdəndir. Hər bir kəs ictimai əxlaqın qorunması məsələsində öz üzərinə düşən sosial-əxlaqi və hüquqi məsuliyyəti anlamalı, buna əməl etməlidir.

 

İctimai əxlaqın pozulması bütövlükdə kriminogen vəziyyətin gərginləşməsinə gətirib çıxaran əməllərdəndir. Bu, cəmiyyədə özbaşınalıqlara yol aça bilər. Sevindiricidir ki, bu kimi hallara qarşı mübarizədə DİN yüksək peşəkarlıq sərgiləməkdədir.

 

Azərbaycan insanı hər zaman əxlaq normalarını uca tutub,  bu normalara sədaqət və ehtiram nümayiş etdirib. Əgər bu norma və dəyərlərə qarşı hansısa hücum varsa, bu dəyərləri kimsə açıq-aşkar, nümayişkəranı surətdə pozmağa çalışırsa, o zaman təbii ki, buna müdaxilə etmək lazımdır. Bu mənada DİN-in əxlaqi dəyərləri pozan, ictimai əxlaqa zidd davranış sərgiləyən şəxslərlə bağlı ortaya qoyduğu mövqe alqışalayiqdir və cəmiyyət də,  vətəndaşlar da bu məsələdə polis əməkdaşlarına kömək etməli, rast gəldikləri bu kimi hallarla bağlı onları məlumatlandırmalıdır”.

 

Seymur ƏLİYEV

Seçilən
14
moderator.az

1Mənbələr