Macarıstan hökuməti iqtisadi neytrallıq siyasətinə sadiq qalmaq niyyətindədir, çünki o, həm Qərb, həm də Şərqlə əməkdaşlıqda maraqlıdır və dünyanı bloklara ayırmağı faydalı hesab etmir.
Bu barədə ölkənin xarici işlər naziri Peter Siyarto bildirib.
"Biz ümid edirik ki, Şərq və Qərb qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında sivil şəkildə əməkdaşlıq edə biləcəklər. Biz bunu iqtisadi neytrallıq strategiyası adlandırırıq", - Siyarto qeyd edib.
Siyarto əlavə edib ki, Macarıstan tarixi, iqtisadi və coğrafi xüsusiyyətlərinə görə belə bir strategiya seçib. “Budapeştlə Vaşinqton arasındakı məsafə 7335 kilometr, Budapeştlə Pekin arasındakı məsafə isə 7340 kilometrdir ki, bu da bizi [iki qlobal iqtisadi mərkəz] arasına qoyur”.
Macarıstanın iqtisadi neytrallıq strategiyasının Çinin “Bir kəmər və bir yol” təşəbbüsü ilə uzlaşdığını deyən nazir, Budapeştin Pekinlə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. "Macarıstan artıq Çinlə iqtisadi əməkdaşlıqdan nəzərəçarpacaq fayda əldə edərək, Çinin Avropaya investisiyası üçün əsas istiqamətə çevrilib. Keçən il Çinin Avropa investisiyalarının təxminən 44%-i Macarıstana yönəldilib", - deyə rəsmi yekunlaşdırıb.