AZ

eminquey

Ədəbiyyat hər şeydən əvvəl insanın özünüifadə vasitəsidir. Hərə bir məna yükləsə də, hərə bir missiya tapşırsa da. Özünüifadə isə insanın ən vacib ehtiyaclarından biridir.

Əyləncəsi boz, iş-gücə başı qarışan, yaşamağa belə güclə vaxt tapa bilən insanlar mütləq özlərini ifadə etmək üçün bir vasitə tapmalı idilər. Biz də xalq olaraq sözü seçdik. Bizim hər işimiz sözdən keçir. Yeyib-içməyimiz şeirsiz keçməz. Söz qanundan da üstündür ki, nəyisə satanda belə and içərik, söz verərik. Söz üstündə adam öldürər, baş kəsərik.

Və bizdə sözün sahibi kişidir. Bizdə “kişi sözü” var, qadın sözü yoxdur. Bizdə kişi hulqumu var, qadın hulqumu yoxdur. Əslində, kişinin özünü ifadə etmək üçün canfəşanlığına o qədər də ehtiyac yoxdur. Çünki özünü ifadə etmək üçün kişinin çoxlu seçimləri var. Kişinin sürdüyü maşından tutmuş əyləncəsinə qədər hamısı onun özünüifadəsidir.

Buna daha çox qadının ehtiyacı var. Çünki qadının bizim kimi cəmiyyətlərdə kişi qədər seçimi yoxdur. Kişidən fərqli olaraq azadlığı senzuralıdır. Amma nədənsə qadınlar bu işi də kişilərə tapşırıblar. Ayaqlarını ayaqlarının üstünə aşırıb gözləyirlər ki, hansısa kişi bunların hisslərini ifadə etsin. Onların kədərini, dərdini, sevincini, hirsini kişilər sözləşdirsin. Nəticədə də bəşəriyyətin ən vacib işlərində olduğu kişi şairlikdə də, yazıçılıqda da kişilər söz sahibi olur.

“Bir qadın imza göstərin ki, uğurlu olub” tələbinə cavab kimi elə uzağı bir qadın imza göstərmək olar, vəssalam. Ədəbiyyat adına fəaliyyət göstərən portallarda, qəzetlərdə, jurnallarda bu açıq-aşkar görünür. Yazıq sayt, jurnal, qəzet rəhbərləri normal cümlə qura bilən qadın yazıçı, şair tapan kimi dərc edirlər ki, barı qəzet, jurnal, sayt kazarmaya dönməsin. Kişilərin arasından bir qadın boylansın, ətrafa bir çiçək qoxusu yayılsın.

Mənə görə, qadınlar ədəbiyyata qazanc yeri kimi baxdıqları üçün vəziyyət belədir. Amma onlar yazmaqla ən yaxşı halda özlərinə ər tapa bilirlər. O qədər imza var ki, ailə qurandan sonra yoxa çıxıb. Hətta qadın yazıçı, şair kişi yazıçı, şairlə ailə qurandan sonra yazmağı da ərinə yükləyib. Ki, sən evin kişisisən. Mənim yerimə də sən yaz, mən bozbaş bişirim, uşağa baxım.


İstəyirəm, sübutum olsun deyə misallar gətirim. Məsələn, qarşıma çıxan qadın imzalarından biri Jalə İslam oldu. Onun bu yaxınlarda faciəvi şəkildə dünyasını dəyişən gənc şair Rauf Raya həsr etdiyi bir yazısının elə ilk abzasına nəzər salım.

“Yazıçılıq uşaqlıq xəyalım olmasına baxmayaraq mən xəyalımdan çoxdan əlimi üzmüş və fərqli məqsədlər üçün çalışırdım. Amma tale məni iki il sonra yazıçılığa geri gəlməyimə təşviq etdi. Bu geri dönüşün aşağıya qeyd etdiyim iki cümlə ilə çox böyük bağlılığı var”.

“Geri gəlmək” son zamanlar işlədilən ən axmaq feldir. Gül kimi “qayıtmaq” feli var ikən, niyə geri gəlirsiniz, xanım? Tale sizi necə təşviq edə bilər? Bu cümləni redaktə edək:

“Tale elə gətirdi ki, mən iki il sonra yenidən yazmağa başladım”.

Bu qədər bəsit və doğru-düzgün cümlə varsa, xanımın yazdığı cümləyə nə ehtiyac var?

Xanım, aşağıya qeyd etmirlər, aşağıda qeyd edirlər.

“Aradan tam dörd il ötür. İndi yazılarım kifayət qədər püxtələşib, lakin hiss etdirdiyi duyğular toxnulmaz olaraq qalıb. Bununla belə anlamaq lazımdır ki, ədəbiyyat palçıqdır və üzərində yeriməyə çalışdıqca batırsan. Fəqət onun yumşaqlığı o qədər ecazkardır ki, həzz almamaq da imkansızdır. Bu yazı o palçıqda yerisə də, batmağı seçməyən gənc şair, Rauf Ra'ya həsr olunur. Rauf Ra yaxınlarının verdiyi məlumata görə dəm qazından boğularaq dünyasını dəyişib. Onunla son olaraq həmsöhbət olan insanlar şairin şeirdən tamamilə uzaqlaşdığını və fərqli bir işlə məşğul olduğunu bildirirlər”.

Bu yazı Raufun dünyadan kədərli köçünə ithaf olunub. Amma necə olursa, xanım qəfil başlayır “Xəzər TV” kimi danışmağa. Kədərlə yüklədiyin bir yazıda bu abzası belə yazmaq olmazdımı?


Əvvəla niyə tam dörd il? Yarımçıq dörd il də olur? Dilimizdə tam dörd il yox, düz dörd il ifadəsi var. Xanım iddia edir ki, yazıları kifayət qədər püxtələşib. Nə isə, qoy elə olsun. Xanım ədəbiyyatı palçıqda yeriməyə bənzədir, əla! Madam ki, ədəbiyyatda yerimək palçıqdır, söhbəti niyə bu qədər uzadırsan? Yazırsan ki:

“Və taleyin gərdişi palçıqda yerisə də, batmağı seçməyən gənc şair Rauf Ranı ədəbiyyat qurbanından dəm qazının qurbanına çevirdi. O, yeriyib batmadığı palçıqda yox, elə öz evindəcə sakit, səssiz-səmirsiz, hərəkətsiz halda uzaqlaşdığı, yazmadığı şeirlərə qayıtmaq şansını ömürlük itirdi”.

Xanımın durğu işarələri ilə bağlı probleminin olduğunu təkcə “Rauf Ra'ya”misalında görmək mümkündür.

Jalə xanımı çox incitməmək üçün ondan çəkəcəyim misalların ardını gətirmirəm. Bu iki nümunə bəsdir ki, onun “İndi yazılarım kifayət qədər püxtələşib” iddiasını görməzdən gələk. Doğrusu, düşündükcə birtəhər oldum. Əgər bu cümlə quruluşları xanımın püxtələşmiş qələminin məhsuludursa, gör, indi bundan əvvəlki yazılarında nə qiyamət var imiş.

Növbəti nümunə ahıl yaşında olan İmarət Cəlilqızının şeirindəndir:


Üç il əvvəl payızda
şimşəklər caxan zaman,
leysanlar yağan zaman
əlimi açib qoşa
çox yalvardım yağışa:

“Yağış, sevirəm səni,
amma yağma bu payız,
Yağsan da, tez ara ver,
nolar, yağma aramsız”.


Cavab gəldi yağışdan:
“Yağmasam, olmaz axı!..
Vəzifəm suvarmaqdır
anamız bu torpağı”.


Şeiri oxuyub təəssüf hissi keçirdim ki, İmarət xanım o şimşəyə, o leysana şahidlik edib və yalvarmaq məcburiyyətində qalıb. Açığı, yağışın belə cavabına görə ikiqat təəssüfləndim. Sən o boyda şimşəkdən sonra şırhaşır yağ, gəl, İmarət xanımın sualına belə qalstuklu cavab ver: Vəzifəm suvarmaqdır, anamız bu torpağı. Buluduna şükür, bu nə cavabdır, sən Allah? Sən suvarma üzrə işlər şöbəsinin müdirisən, yoxsa, keçmiş “Azərsu”nun mətbuat xidmətisən? Torpaq yağışın niyə anası olsun ki? Niyə bir adam anasını suvarsın ki? Çox güman xanım yağışın yerindən cavab verəndə özünü unutmağı unudub, torpağın olsa-olsa, uzaqbaşı insanın anası ola biləcəyini xatırlayıb və “anamız bu torpağı” ifadəsini işlədib.

Olsun, yağışın bu qəstumlu cavabından sonra İmarət xanım yenə də yalvarmağa davam edib:

Mən yalvardım yenə də:
“Onda hər yerə yağma,
arxa, çaya, gölə yağ,
bircə səngərə yağma.
Əgərağır yükündən
gileylənsə buludlar,
yağ mənim kürəyimə,
bəlkə, bu nəmli yükdən,
(gah şad, gah qəmli yükdən)
birsərinlik süzülər
qarışıq duyğulardan
qovrulan ürəyimə.

Açığı, yağışın yağmamağını istəyən şair uzağı iki şeyə görə bunu istəməz: bir evsiz adamlara görə, bir də səngərdə dayanan əsgərlərə görə. İmarət xanım da bu gözlənilən iki şeydən birini seçib. O istəyib ki, yağış arxa, çaya, gölə yağsın, amma səngərə yağmasın. Hətta yağışa seçim yeri də qoyub ki, əgər yağmaq istəyirsə, onun kürəyinə yağsın. Yağsın ki, bəlkə bu nəmli yükdən, qafiyə xatirinə gah şad, gah qəmli yükdən bir sərinlik süzülsün, qarışıq duyğulardan qovrulan ürəyinə. Heç nə, xanım kürək ilə ürəyi qafiyələndirdiyi üçün bu gün ölsəm, qəm yemərəm.

Xülasə, xanım şeirin ortasında fikrini dəyişir, yağışa daha yağma demir, yağış da şad-xürrəm cavab verir ki:

Ötüşübdür hər çilə,
yağıram gilə-gilə,
Yurddan düşmən izini
biryolluq silə-silə.

Yağıram çöl-çəmənə,
yağıram dönə-dönə,
gözəl, azad Vətənə,
sevincdən gülə-gülə! “

…Yağış, sevirəm səni!
Hər oba, hər eldə yağ,
Yurdum ki bəxtiyardır,
İndi hər fəsildə yağ!..

Amma xanım səngərləri unudur. Unudur ki, artıq yağış hər yerə ürəklə yağsa da, o səngərlər yenə də var, yenə də o səngərlərdə əsgərlər Vətəni qoruyurlar, yenə də yağışın yağmağı xanımın təbirincə yaxşı iş deyil. Təəssüf ki, bu şeir ahıl yaşında şeir yazan bir xanım şairin şeiridir, 12 yaşında şeir yazan birinin yox.

Çox az qadın imza var ki, onlar novatordurlar, yazdıqları mövzular səmimidir, həqiqidir, qondarılmayıb, yaşlarına uyğundur. Onlardan biri Fəridə Zerondur, mən onu Fəridə Məmmədova kimi tanımışdım.

Torpaq - üstündə gəzənlərçün vətən,
altında yatanlarçun qəbristan.

Hasarladılar
bir damın altına yerləşəcək qədər kiçildi dünya.

Bir payız səhəri qonşunun bağından
heyva oğurlayıb həyətə döndüm
anam "çirkləndin" - dedi,
mən köynəyimi çıxardım...

Azadlığın nə olduğunu
nənəmin xınalı saçlarını hörüb ucuna bağladığı rezinlərdən öyrəndim.
Oğlunu torpağa verən babamdan yol gözləməməyi...

Anamın gözündən yaş diyirləndi və gördüm ki,
dünyada saf şeylər hələ də var!

Şadlıq sarayının önündə ağ çiçəklərlə bəzədilmiş
köhnə "Pobeda" yalnızlığıdır mənimki...
Eynilə, Bakı-Qazax yolunun hansısa kilometrində unudulmuş, kol-kos basmış əsgər məzarı...
İndi Pantomim teatrının kassası önündə soyuqdan titrəyən adam da mənəm.
Eh, teatr dərdində deyiləm, dostum, elan yapışdırmağa gəlmişəm;
"Bilən varsa , desin, mən kiməm, haralıyam"?

Və hələ də bilmirəm nə istəyirən:
Külək kimi əsib keçmək - bütün ayrılıqları sovurub aparmaq,
Ya, elə insan kimi köçüb getmək - özünü hamıdan ayırıb aparmaq?!

Fikrimi bir elan çəkir bu arada
"masajist qadın axtarılır, əlləri olmasa da olar"...

Vətən, azadlıq, gözləmək, yalnızlıq, şəhər mənzərələri – qadın gözüylə. Yalnız qadın nənəsinin saçına bağladığı rezinlərə bu donu biçə bilər, yalnız qadın anasının “çirkləndin” sözünə köynəyini çıxara bilər. Yalnız qadın şeirin sonundakı bu elanı düşünə bilər. Qadının yağışa etiraz etməyindən daha səmimi və daha aktualdır bu etiraz. Qadın şeiridir bu şeir. Nə olsun? Təəssüf ki, Fəridədən çox deyil.

Xülasə, nümunələri davam etsəm, həm yazı çox uzanacaq, həm başım çox ağrıyacaq, həm də toxunmaq istədiyim mətləbdən də xeyli uzaqlaşacam. Sözümün canı budur ki, bizdə qadın imzaların yazdıqları aşağı-yuxarı bu səviyyədədir. Bir ovuc qədər ədəbiyyat saytı, jurnalı, qəzeti var, axtarıb, araşdırıb hali ola bilərsiniz.

Fəridə isə evli deyil. Arzu edirəm ki, heç vaxt ərə getməsin. Qorxuram, o da ərə gedib şeirin daşını ata.


Seçilən
18
kulis.az

1Mənbələr