AZ

Milli əxlaq dəyərlərinə hörmət- Trampın dövründə Azərbaycanla sıxəlaqələrə yaxşı baza var...

Image

Abutalıb Səmədov: "Bu cür hallar yaxın dörd ildə Azərbaycanda da kifayət qədər zəifləyəcək"

Prezident İlham Əliyevin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı olub. Cənab Prezident Trampi təbrik etdikdən sonra ölkələrimiz arasında  munasibətlərə dair bir çox məsələlərə toxunub. Dövlət başçısı Trampın ötən dönəm prezidentliyi dövründə ölkələrimiz arasında  inkişaf edən yüksək səviyyəli əlaqələrdən söhbət açıb, səmərəli müzakirələr aparılıb.

Donald Trampın hələ seçki təbliğatı dönəmində səsləndirdiyi vədlər arasinda LGBT hərəkatı ilə bağlı  “Allah yalnız iki cins yaradıb: kişi və qadın” deməsi Azərbaycan cəmiyyətində rağbətlə qarşılanıb. Gözlənilir ki, Trampın prezidentliyi dövründə LGBT ilə bağlı çox ciddi məhdudlaşdırıcı tədbirlər görüləcək. Çünki Tramp bununla bağlı proqramını hələ seçkilər dönəmində bəyan edib. D.Trampın bu mövqeyi Azərbaycan mentalitetinə və milli dəyərlərinə uyğundur.

Trampın cəmiyyəti sarsıdan neqativ hallara, o cümlədən cinsi azlıqlara münasibəti Azərbaycanın da daxili həyat mühitinə uyğun olan bir tendensiyadır. Çünki bu, Azərbaycanın mentalitetinə uyğun olan tendensiya deyil, Tramp da Amerika cəmiyyətində bunun genişlənməsini istəmir. Bu meyl gələcəkdə Amerika ilə Azərbaycanın əməkdaşlıq bazalarından birini formalaşdıra bilərmi?

Politoloq Abutalıb Səmədov baki-xəber.com-a açıqlamasında bildirdi ki, Azərbaycan prezidenti Suşa mediaforumunda ABŞ-da qarşıdan gələn seçkilərə öz münasibətini bildirəndə Trampın seçilməsinə üstünlük verdiyini açıq şəkildə bəyan eləmişdi: "Həmin dövrdə bəziləri bunun yanlış oldugunu bəyan etmişdi. Amma göründüyü kimi, Tramp kifayət qədər ciddi üstünlüklə qalib gəldi. Təkcə prezident deyil, Respublikaçılar digər seçkiləri də uda bildilər. Bu onu göstərir ki, yaxin dörd ildə Tramp birinci dönəm prezidentliyi dövründən fərqli olaraq, indi daha rahat şəkildə qarşısına qoyduğu planları reallaşdıra biləcək.

Hamıya məlumdur ki, Trampın birinci prezidentiliyi dövründə ABŞ-Azərbaycan munasibətləri kifayət qədər yaxşı səviyyədə idi. Bunun təzahürüdür ki, Trampın birinci prezidentliyinin sonunda Azərbaycan əks-hücum əməliyyatı keçirərək torpaqlarını işğaldan azad edə bildi. Bu məsələdə ermənilər Trampı kifayət qədər günahlandırdılar. Onun qəti mövqe tutmamasını, daha aktiv siyasət yürütməməsini müharibədə məğlub olmalarının əsas səbəblərindən biri kimi göstərdilər.

Azərbaycan Trampın qarşıdan gələn prezidentlik dönəminə böyük ümidlərlə baxır. Biz gözləyirik ki, Tramp Demokrat prezident Co Baydendən fərqli olaraq daha ədalətli mövqe tutacaq, ermənipərəst qüvvələrin təsiri altında olmayacaq, bu da Azərbaycan-ABŞ münasibətlərinə öz töhfəsini verəcək. Biz ilk növbədə Amerikanın Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişinin imzalanmasında daha ədalətli və daha aktiv mövqe tutmasını gözləyirik. Bizim üçün də vacibdir ki, Rusiya-Ukrayna müharibəsi başa çatsın, sülh sazişi imzalansın. Çünki müharibənin davam etməsi yaxın qonşu olduğumuza görə bizim üçun də kifayət qədər problemlər yaradır. Eyni zamanda, müharibənin davam etməsi Rusiyanın daha çox əraziləri işğal etməsinə gətirib çıxara bilər ki, bu da sonradan digər postsovet ölkələri üçün, o cümlədən Azərbaycan üçün də müəyyən problemlər yarada bilər. Biz ümid edirik ki, yaxın dörd ildə Rusiya özünün hansısa formada keçmis ittifaqı bərpa etmək planından imtina edəcək. Təbiidir ki, burada da Trampın qətiyyətli mövqeyi özünü göstərəcək. Baydendən fərqli olaraq, Tramp kifayət qədər qətiyyətlidir və bunu hamı bilir, o cümlədən Putin də bunu yaxşı anlayır.

Digər sahələrdə də Azərbaycan ilə ABŞ arasında munasibətlərin yaxşılaşacağına biz ümid edirik. O cümlədən də Trampın cinsi azlıqlara qarşı tutduğu mövqe bizi qane edir. Bu bizim milli dəyərlərimizə və mentalitetimizə uyğundur.

ABŞ və onun müttəfiqlərinin cinsi azliqlara qarşı münasibəti bütün dünyaya öz təsirini göstərir, o cümlədən Azərbaycana da təsirsiz ötüşmür.

Çox təəssüf ki, bu hərəkat kifayət qədər açıq şəkil alıb və artmaqda davam edir. Qərb dövlətləri bu cür halların artması üçün əllərindən gələni edirlər və onlara müəyyən yardımları da göstərirlər ki, insanlar milli mentalitetə uyğun olmayan bəyanatlar versinlər, təşkilatlar yaratsınlar, fəal şəkildə öz antimilli mövqelərini təblig etsinlər. Çunki onların arxasında böyük maliyyə gücləri dayanır. Onlar Azərbaycanda müxtəlif xarakterli təşkilatlar yaratmaqla öz baxışlarını təbliğ edirlər. Biz hərdən özlərini qadin hüquqlarını qoruyan təşkilatlar adlandiran qurumların cəmiyyəti sarsıdan, onda şok effekti yaradan bəyanatlar vermələrinin şahidi olmuşuq. Hərdən də düşünmüşük ki, Azərbaycan mühitində bu cür qadinlar necə yetişdilər, bunlar necə belə qəbuledilməz bəyanatlar verirlər? Ancaq aydındır ki, onlar kifayət qədər maliyyə yardımları aldıqlarına görə Qərbin verdiyi şifarisləri də çox böyük məmnuniyyətlə yerinə yetirirlər. Bu baxımdan Trampın LGBT-yə münasibətinin bizimlə üst-üstə düşməsinə sevinirik və ümid edirik ki, bu cür hallar yaxın dörd ildə Azərbaycanda da kifayət qədər zəifləyəcək. Bütün dünyada cinsi azlıqların bu qədər təbliğ olunmasına munasibət dəyişəcək.

Dəniz NƏSİRLİ





Seçilən
13
baki-xeber.com

1Mənbələr