Noyabrın 26-da Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.Hökumət üzvlərinin də iştirak etdiyi iclasda 2025-ci ilin dövlət büdcəsi layihəsinin dünən başlanan müzakirələri davam etdirilib.
Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin növbəti iki məsələsi Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri müzakirəyə təqdim edilib.
“Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2025-ci il üzrə Dövlət sosial müdafiə fondunun (DSMF-nin) büdcəsi sosial ədalət və sosial rifah prinsipləri rəhbər tutularaq qanunvericiliyin tələbləri çərçivəsində, ölkəmizin iqtisadi və sosial inkişafına dair proqnozlar nəzərə alınmaqla hazırlanıb.
Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676 milyon manat proqnozlaşdırılır ki, bu, cari ilin büdcəsinə nisbətən 726,6 milyon manat və ya 10,5% çoxdur.
2025-ci ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 368 milyon manat çoxdur. Transfertin həcmindəki görünən artım 2024-cü ildə dövlət sosial müdafiə fondunun gəlirlərindən 387 mln manatın dövlət büdcəsinə yönəldilməsi ilə bağlıdır.
DSMF-nin xərcləri ilə bağlı qeyd edilib ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,5%-ni əhaliyə ödənişlər təşkil edəcək. Əmək pensiyalarının orta aylıq məbləğinin cari ilin sonuna 494 manat, gələn ildə isə 535 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 527 manatdan 44 manat artaraq 571 manata yüksəldilməsi gözlənilir.
2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşınadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,4 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud 16,8 milyon manat çoxdur.
Fond tərəfindən investisiya fəaliyyəti dövründə ümumilikdə 67,18 mln. manat gəlir əldə edilmiş və 2025-cii ilin sonuna qədər əlavə olaraq 15,82 mln. manat gəlir əldə olunması gözlənilir. Fondun investisiya gəlirləri şəhid ailələrinin, müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması və sair istiqamətlərdə sərf edilir.
Musa Quliyev DSMF-nin fəaliyyəti üzrə iqtisadi fəallığın daha da artırılması, və keyfiyyətinin yüksəldilməsi ilə bağlı da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təkliflərini səsləndirib.
Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ildə fondun gəlirləri və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 9,5% çoxdur.
İşsizlikdən sığorta fondunun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 11,7% çoxdur. Sığorta haqları üzrə yığımın 75,9%-i qeyri-büdcə sektorunun payına düşəcək.
Sonra Musa Quliyev İşsizlikdən sığorta fondunun gələn il üçün xərc istiqamətləri barədə məlumat verib, fondun fəaliyyətinin tənzimlənməsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təkliflərini səsləndirib.