AZ

Zəngəzur dəhlizi bu şərtlə açılır - Paşinyandan Bakının tələbinə "yaşıl işıq"

Azərbaycan-Ermənistan arasında kommunikasiyaların açılması həll oluna biləcək məsələdir. Yetər ki, Ermənistan müstəqil siyasi iradə nümayiş etdirə bilsin. İndiyədək proses ona görə baş tutmayıb ki, bunu istəməyən və geosiyasi maraqları olan qlobal güc mərkəzləri problem yaradıblar. Bir çox qlobal güclər, yəni Qərb, ABŞ, Avropa Birliyinin Fransa kimi destruktiv fəaliyyətdə olan ölkəsi, eyni zamanda Rusiya və İranın bu məsələdə özlərinin geosiyasi maraqlarını irəli sürdükləri və məsələni bütün qlobal güclərin maraqları kontekstində uzlaşdırmaq mümkün olmadığı üçün uzanıb.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, artıq Ermənistanın bu məsələni həll etmək istəyi hiss olunur:

“Çünki bu, Ermənistanın iqtisadi perspektivinin önünü açır, dənizlərə çıxışını təmin edir. Başqa cür Ermənistan inkişaf edə bilməz. Bir tərəfdə Türkiyə vasitəsilə Qara dəniz, başqa bir tərəfdən Aralıq dənizinə çıxışı təmin olunur ki, bu da yeni bazarlar, maliyyə imkanları deməkdir. Paşinyan da bunu çox gözəl anlayır. Üstəlik, nəqliyyat, kommunikasiya sistemlərinin açılması digər ölkələrlə əməkdaşlıq deməkdir. Əməkdaşlıq, ticarət və digər sahələr üzrə yaxınlaşmanı özündə ehtiva edir ki, bu da nəticə etibarilə sözün əsl mənasında sülh deməkdir. Buna görə nəqliyyat, kommunikasiyaları sistemlərinin açılmasını həm də sülhə ciddi töhfə olaraq düşünmək lazımdır. Bunu Ermənistan rəhbərliyi də anlayır”.

Nəqliyyat kommunikasiyalarının açılması məsələsinə gəlincə politoloq bildirib ki, burada Azərbaycanın şərti bəllidir:

“Azərbaycan sadəcə müharibədə qalib ölkə kimi bunu diktə etmir. Çünki Ermənistan kommunikasiyaların açılması məsələsində nə qədər qarşılıqlı prinsipini ortalığa atmış olsa da, gerçəkdə vəziyyət fərqlidir. Azərbaycan öz torpağından ərazisinə keçid etmək üçün bu nəqliyyat dəhlizindən istifadə edir. Ancaq Ermənistan Azərbaycan üzərindən fərqli bir ölkəyə keçidi təmin edir. Burada yanaşma eyni ola bilməz. Buna görə də Azərbaycanın vətəndaşlarına, eyni zamanda Naxçıvana daşınan yüklərə heç bir gömrük rüsumu tətbiq edilmədən və yoxlama olmadan keçid tələb edilir. Azərbaycan haqlıdır. Ancaq üçüncü ölkə bu dəhlizdən istifadə edəcəksə, bu, beynəlxalq qanunlar çərçivəsində tənzimlənir. Gömrük və vergi rüsumu tətbiq edilir və yoxlanış aparılır. Buna görə də Azərbaycan sadəcə özü üçün bu cür sadələşdirilmiş keçid mexanizmini tələb edir. Hiss olunur ki, Ermənistanda bu məsələyə artıq daha yumşaq baxmağa başlayıblar.

Çünki əks təqdirdə bu kommunikasiya sistemi açılmayacaq. Azərbaycan İrandan, Araz sərhədləri boyunca Naxçıvana, eyni zamanda Bakı–Tbilisi–Qars dəmir yolu və Qars-İğdır vasitəsilə Naxçıvana dəmiryolu təmin edəcək. 2025-ci ildə artıq bu dəmir yolunu Naxçıvana qədər Türkiyə inşa edəcək. Ona görə də Ermənistan tələsir və anlayır ki, artıq qatar gedir. Yəni Azərbaycanın ən azından iki alternativ mexanizmi var. Ermənistan əgər həqiqətən də anlaşarsa və reallığı qəbul edərsə, düşünürəm ki, bu şərtlərdə nəqliyyat, kommunikasiya sistemləri açıla bilər. Yəni sadəcə Zəngəzur dəhlizi yox, digər kommunikasiyalar da açıla bilər ki, bu da əməkdaşlığı və ticarəti yaxşı vəziyyətə gətirəcək. Bu da münasibətlər sistemini normallaşdıracaq”.

Natiq Miri vurğulayıb ki, əslində sülh mətni elə bir səviyyəyə gətirilib ki, burda anlaşmaq o qədər də ciddi problem daşımır:

“Burada əsas sülh mətnində qeyd olunmayacaq bir şərt Azərbaycan tərəfindən tələb olunur. Bu da Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasından imtina edilməsi məsələsidir ki, bunu da Konstitusiyada preambulada, müstəqillik bəyannaməsində qeyd olunub. Demək ki, müstəqillik bəyannaməsini dəyişdirmək lazımdır. Bunun iki yolu var. Birincisi, Paşinyanın verdiyi qərara əsasən yeni konstitusiya hazırlanır və referendum 2027-ci ildə keçirilir.

Əlbəttə, Azərbaycan buna razı deyil. İkinci bir məsələ isə bu Müstəqillik Bəyannaməsindən ərazi iddiası ilə bağlı məsələ götürülməlidir. Əslində bunun üçün Paşinyan son çıxışında da açıq şəkildə bildirdi. Bunun Ermənistan üçün nə qədər faciəvi nəticələr gətirdiyini bəyan etdi. Dolayısilə müstəqillik bəyannaməsindəki Azərbaycanın tələb etdiyi dəyişikliklə bağlı məsələyə yaşıl işıq yandırdı.

Məsələni bir də Ermənistan konstitusiya məhkəməsi sədrinin açıqlaması fonunda düşünək. O da dolayısilə Paşinyana konstitusiyanın preambulasının dəyişdirilmə imkanlarının olduğu ilə bağlı qapıları açdı. Yəni yolu açdı və mesaj verdi ki, Müstəqillik Bəyannaməsi konstitusiyanın preambulası, konstitusion hüquq daşımır. Bu, konstitusion maddə deyil. Əgər konstitusion maddə deyilsə, demək ki, bunu dəyişdirmək olar. Yəni referendum keçirmədən bunu parlamentdə səs çoxluğu vasitəsilə etmək olar. Bununla da Azərbaycan və Türkiyəyə olan ərazi iddia ifadələri qaldırılacaq. Düşünürəm ki, çözüm yollarından biri budur. Əgər dekabr və yaxud 2025-ci ilin əvvəllərində sülh müqaviləsi imzalamaq fikri varsa və bu ciddidirsə parlament vasitəsilə Ermənistan rəhbərliyi həmin problemi həll edə bilər. Təbii ki, Azərbaycan da bunu qəbul edərsə, artıq sülh müqaviləsinin mətni ilə bağlı elə bir ciddi problem olmayacaq. Çünki qalan iki bənd o qədər də strateji xarakter daşımır. Razılaşdırılma imkanı olan məsələlərdir”.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
23
teleqraf.com

1Mənbələr