AZ

"Lazım gələndə, bu üslubu dəyişmək, fərqli oynamaq olar" - Adil Şükürov "Olimpik Lion"la qarşılaşmadan nə gözləyir?

UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Olimpik Lion"u qəbul edəcək "Qarabağ"ın Fransa nəhəngi ilə oyunda nə ilə yadda qalacağı böyük maraq doğurur. 
Tanınmış futbol mütəxəssisi Adil Şükürovla əlaqə saxlayıb ilk 4 turda "Tottenhem" (0:3), "Malmö" (1:2) və "Ayaks"a (0:3) uduzub "Budyo Qlimt"ə (2:1) səfərdə qalib gələn təmsilçimizdən bu dəfə nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ  son  Avroliqa oyununda qalib gəlməklə yeni formatda keçirilən turnirdə ilk xallarını qazandı və bununla  da azarkeşlərini ümidləndirdi. Təmsilçimiz "Olimpik Lion"la sabahkı oyunda da qalibiyyət əldə edib liqa mərhələsindən çıxmaq şanslarını daha da yaxşılaşdıra bilər. Amma reallığı da unutmayaq ki, rəqib Avropada  yetərincə uğur qazanmış komandalardandır və oyunun gedişatını dəyişə biləcək futbolçulara malikdir. Düzdür,  "Qarabağ"ın bu cür komandalarla kifayət qədər oyun təcrübəsi var. Lakin bu səviyyədə oyunlar həmişə fərqli olur. "Qarabağ"ın özünəməxsus oyun üslubu var. Avropa oyunlarında biz dəfələrlə bu oyun üslubunun uğurlu olduğunu  görmüşük. Lakin lazım gələndə bu üslubu dəyişmək, fərqli oynamaq olar. Çünki artıq turnirin formatı da fərqlidir, hər rəqiblə bir dəfə qarşılaşırsan, turnir cədvəli isə bütövlükdə 34 komandanın ayrı-ayrı görüşlərinin nəticəsinə əsasən tərtib olunur. Yəni istər-istəməz nəticəni düşünmək lazm gəlir.
Ümid edirəm ki, son vaxtlar optimal formada olan "Qarabağ" "Olimpik Lion"la görüşdən sərfəli nəticə ilə ayrılacaq".

Qeyd edək ki, "Qarabağ" - "Olimpik Lion" oyunu noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə 21:45-də başlayacaq.

Mirağa

Seçilən
6
fanat.az

1Mənbələr