AZ

Son anda razılaşma- Azərbaycan COP29-da Qlobal Cənubla Şimalı konsensusa gətirə bildi...

Image

COP29-un əsas mövzusu iqlim maliyyəsi üçün yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması idi və bu xüsusda da mühüm nailiyyət əldə olundu. 

Söhbət inkişaf etmiş ölkələrin 2025-ci ildən başlayaraq inkişaf etməkdə olan ölkələrə istixana qazı emissiyalarının azaldılması istiqamətində işlərin görülməsi üçün hər il ayırmağa hazır olduqları maliyyə məbləğindən gedir. Həm də iqlim dəyişikliyinə sosial-iqtisadi uyğunlaşmaya nail olmaq xərclərinin qarşılanması üçün bu vacibdir.

Qlobal Cənub nöqteyi-nəzərindən, bu kritik vəzifəni həyata keçirmək üçün maliyyə, texnoloji və ekspert yardımı almadan inkişaf etməkdə olan ölkələr öz öhdəliklərini yerinə yetirə bilmirlər. Qeyd edək ki, hələ 1992-ci ildə ölkələr Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını müzakirə edərkən, razılaşdırılmışdı ki, inkişaf etmiş ölkələr iqlim dəyişikliyinin öhdəsindən gəlmək üçün inkişaf etməkdə olan ölkələrə maliyyə resursları ayırmalıdırlar. 2009-cu ildən 2024-cü ilə qədər bu məqsədlər üçün hər il 100 milyard dollar vəsait ayrılıb və bu səviyyədə maliyyələşmənin daha da davam etdirilməsi qərara alınıb. Lakin inkişaf etməkdə olan ölkələrin özləri COP29 konfransında 2030-cu ilə qədər illik iqlim maliyyələşdirməsinin tələb olunan məbləğini 1,3 trilyon dollara çatdırmağa çalışdılar ki, bunun da 600 milyard dolları qrant şəklində olmalıdır. İnkişaf etmiş ölkələr 250 milyard dollara razılaşdılar. Qızğın müzakirələr konfransın uzadılması zərurətinə səbəb oldu. Bu, qapalı məsləhətləşmələr təşkil edən BMT-nin müdaxiləsini tələb edirdi. Yalnız noyabrın 24-də səhər saatlarında kompromis razılaşması əldə olundu. İştirakçılar inkişaf etməkdə olan ölkələrin 2035-ci ilə qədər hər il ən azı 1,3 trilyon dollar iqlim maliyyəsi almasını təmin etmək üçün çalışacaqlar. Lakin bu hipotetik məbləğin yalnız 300 milyard dolları əsasən inkişaf etmiş ölkələrin hökumətlərindən ikitərəfli və çoxtərəfli qrantlar və güzəştli kreditlər şəklində gələcək. Qalanı isə özəl sektordan gözlənilir. Ekspertlr bildirir ki, vəd edilən 300 milyard dollar əvvəlki 100 milyard dollardan xeyli yüksək olduğundan iqlim böhranına qarşı daha effektiv mübarizə aparmaq mümkün olacaq. Bu məbləğ hətta inflyasiyaya uyğunlaşdırılıb. Bununla yanaşı, COP29 Paris İqlim Sazişinin müvafiq maddələri çərçivəsində karbon bazarlarının yaradılması üzrə əldə olunan razılaşmalar sayəsində tarixə düşəcək. Daha dəqiq desək, COP29-da, nəhayət, ikiqat hesablamadan qaçaraq, ölkələrin karbon kreditlərini necə yarada, ticarət edə biləcəyinə dair razılığa gəlindi. Paris Sazişinin maddələrindən birinin blokunun açılması təkcə ölkələr deyil, həm də şirkətlər üçün karbon vahidlərinin ticarətində iştirak imkanları yaradır. Bu fonda o da bəllidir ki, Bakı sammiti dünyanın ən böyük neft-qaz şirkətlərinin nümayəndələrinin fəal iştirak etdiyi tərəflərin ikinci konfransı oldu. CO29 zamanı “ExxonMobil” şirkətinin prezidenti Darren Vudsun verdiyi geniş müsahibə bu mənada diqqətə layiqdir. Onun əsas mesajı ondan ibarətdir ki, müasir enerji sistemindən aşağı karbonlu sistemə keçid əhəmiyyətli maliyyə resursları tələb edir. Eyni zamanda, enerji şirkətləri pul vəsaitlərinin hərəkətini və qoyulmuş kapitalın gəlirliliyini təmin etməklə öz səhmdarlarının maraqlarını qorumalıdır. Enerji keçid yolu ilə hərəkət etməyin əsas açarı texnologiyanın dəyərini azaltmaqdır. Prosesi sürətləndirmək üçün hökumət dəstəyi və təşviqləri istifadə olunur, lakin son nəticədə proses bazar tərəfindən seçilməlidir. Bu, dünyanın hər bir iqtisadiyyatında keçidə səbəb ola biləcək bir şeydir. Sözügedən məqam COP29-un mühüm uğurlarından biridir.

Eyni zamanda görünən odur ki, inkişaf etməkdə olan ölkələr iqlim böhranına qarşı mübarizədə əlavə imkanlar əldə edəcəklər. Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli bu fonda qeyd edir: “COP29-un əsas özəlliyi ən inklüziv konfrans olmasıdır, ev sahibi kimi Azərbaycan ada dövlətlərinin, Qlobal Cənub, Karib hövzəsi ölkələrinin, Afrika qitəsinin geniş təmsilçiliyini təmin etdi. COP29-da iştirak etmək üçün 76 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi ki, bu da rekord göstəricidir. Azərbaycan mükəmməl təşkilatçılıq bacarıqları nümayiş etdirərək hər kəs üçün rahat, təhlükəsiz, funksional mühit yaratmağa nail oldu. Təsadüfi deyil ki, Azərbaycan COP tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşdü”. Onun sözlərinə görə, COP29 konfransında bütün dünya ekologiyadan, yaşıl dünyadan pafosla danışan inkişaf etmiş ölkələrin gerçək üzünü gördü: “Azərbaycan prezidenti COP29 Liderlər Sammitində bunu çox açıq və güclü şəkildə vurğuladı. Bu yalnız Azərbaycanın deyil, Qlobal Cənub ölkələrinin yanaşmasının bəyanı idi. COP29-da Qlobal Cənubun real ehtiyacları və Qlobal Şimalın etinasızlığı daha aşkar şəkildə nümayiş olundu. Məlum oldu ki, aparıcı Qərb ölkələri öhdəliklərinə əməl etmək istəmirlər, Qlobal Cənubla Qlobal Şimal arasında səmərəli dialoq qurulmasına çalışan, konfransın maksimum nəticə verməsi üçün bütün resurslarını səfərbər edən Azərbaycan isə məqsədli şəkildə hədəfə gətirilir. Bu qərəzli münasibət hələ ötən ilin dekabr ayında - Azərbaycanın ev sahibi olması barədə qərar verilərkən başlanmışdı və proses bütün hazırlıq dövründə davam etdi, indi isə daha da güclənib. COP29-da beynəlxalq ictimaiyyətin təzyiqləri ilə aparıcı Qərb ölkələri güzəştə getməli oldular. Eyni zamanda, inkişaf etməkdə olan ölkələr də iddialarını yumşaltdılar. Bu razılaşmanın Azərbaycanın sədrliyi ilə əldə olunması isə tarixə yazıldı”.

Ramil QULİYEV





Seçilən
29
baki-xeber.com

1Mənbələr