AZ

MDB ölkələrinə satdığımızdan 3 dəfə çox mal alırıq- xarici ticarətimizdəki neqativlərin kökü...

Image

Fikrət Yusifov: “Bu, bir aqrar ölkə üçün çox aşağı göstəricidir”

Azərbaycanın qeyri-neft ixracında əsas yer tutan kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı azalır. Bu tendensiyanı dövlət qurumlarınn 2024-cü ilin 10 ayı üzrə açıqladığı statistik məlumatlarda görmək mümkündür. Məsələn, Dövlət Gömrük Komitəsinin hesabatına baxdıqda məlum olur ki, cari ildə Azərbaycanın idxalı xeyli artıb, ixracı isə azalıb. 

MDB ölkələri ilə ticarətin 4.3 milyard dolları idxaldır, cəmi 1.4 milyard dolları isə ixracdır. Məlum olur ki, hətta MDB ölkələri ilə ticarətdə də idxal ixracı 3 dəfə qabaqlayır. Azərbaycan MDB ölkələrinə satdığı məhsuldan 3 dəfə çox mal alır. Cari ilin yanvar-oktyabr aylarında ölkədə kartof, üzüm, yaşıl çay, yun, barama məhsullarının istehsalı azalıb. Aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artıb, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12,2% azalıb.

Maraqlıdır, son illərdə aqrar sektora yüz milyonlarla manat subsidiya verildiyi halda, ölkənin kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı niyə azalıb? Çıxış yolunu nədədir?

“Biz aqrar sektorda hələ də istehsal proseslərinin müasir tələblər səviyyəsində qurulmasına nail ola bilməmişik”

Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Bütün bunlar onu göstərir ki, biz aqrar sektorda hələ də istehsal prosseslərinin müasir tələblər səviyyəsində qurulmasına nail ola bilməmişik. Azərbaycan nə qədər neft, qaz istehsal etsə də, o, aqrar ölkə statusuna malikdir. Sovetlər dönəmində Azərbaycanda müxtəlif növ kənd təsərrüfatı məhsullarının rekord istehsal səviyyəsi əldə edilə bilmişdi. Bu gün aqrar sektorda ayrı-ayrı sahələrə subsidiyalar vermək mövcud problemlərin həlli anlamına gəlməməlidir. Verilən hər bir subsidiyanın səmərəliliyi alınan nəticələrlə ölçülməlidir. Alınan nəticələr isə bir o qədər ürəkaçan deyil. Bu  vəziyyətin izahını Kənd Təsərrüfatı Nazirliyinin yetkililəri verməlidirlər. Dövlət aqrar sektorun inkişafı istiqamətində son 20 ildə çox işlər görüb və sahənin inkişafını təmin etmək məqsədilə milyardlarla manat vəsaitlər xərclənib. Bu ilin yanvar-oktyabr aylarında ölkənin aqrar sektorunda 11,4 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ölkənin ümumi daxili məhasulunun 11,0%-ə qədərini təşkil edir. Bu, bir aqrar ölkə üçün çox aşağı göstəricidir. Desək ki, istehsalı artırmaq üçün potensialımız yoxdur və ya digər zəruri imkanlarımız yetərli deyil – yanılarıq. Aqrar sektorda istehsalın və təbii ki, bu sektordan ixracın əsaslı şəkildə artırılması üçün potensial imkanlarımız kifayət qədərdir. Yetər ki, bu sektorun idarəçiliyini aparan qurumlar yerlərində saymaqdansa real addımlar atmağa üz tutsunlar”.

Vidadi ORDAHALLI





Seçilən
35
baki-xeber.com

1Mənbələr