AZ

Yeni bələdiyyələr sıfır borcla fəaliyyətə başlasa, daha arxayın işləmək imkanları yaranacaq -Vüqar Tofiqli

Sakinlərin problemlərində dönüş olacaq

“Hüquqi baza yenilənməli, bələdiyyələrin səlahiyyətləri artırılmalı, maliyyə müstəqilliyi təmin edilməlidir. Bunlar olarsa, o zaman bələdiyyə sistemində Türkiyə modelinə keçiddən danışmaq olar”


Prezident İlham Əliyev yerli özünü idarəetmə orqanı – bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə 2 mühüm dəyişikliyi təsdiqləyib. Bunlardan biri “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, digəri isə Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunudur. Bununla da, bələdiyyələrin siyahısında dəyişiklik təsdiqini tapır, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq yeni bələdiyyələr yaradılması təsdiqlənir. Məsələn, Bakı şəhəri, Xəzər rayonu üzrə Mərdəkan və Şağan bələdiyyələrinin əhatə etdiyi Mərdəkan və Şağan qəsəbələrində Mərdəkan bələdiyyəsi yaradılır. Qaradağ rayonu üzrə Çeyildağ, Sanqaçal və Ümid bələdiyyələrinin əhatə etdiyi Çeyildağ, Sanqaçal və Ümid qəsəbələrində Sanqaçal bələdiyyəsi, Korgöz, Qızıldaş və Puta bələdiyyələrinin əhatə etdiyi Korgöz, Qızıldaş, Puta və Şonqar qəsəbələrində Qızıldaş bələdiyyəsi, Pirallahı rayonunda Çilov-Neft Daşları, Gürgən və Pirallahı bələdiyyələrinin əhatə etdiyi Çilov, Gürgən, Neft Daşları və Pirallahı qəsəbələrində Pirallahı bələdiyyəsi, Səbail rayonu üzrə Bibiheybət və Səbail bələdiyyələrinin əhatə etdiyi Səbail rayonunda (Badamdar bələdiyyəsinin ərazisini çıxmaqla) Səbail bələdiyyəsi yaradılır. Ölkəmizin ayrı-ayrı şəhər və bölgələri, həmçinin işğaldan azad edilmiş ərazilər üzrə də yeni yaradılan bələdiyyələrin siyahısı təqdim olunur.    
Bələdiyyələrlə bağlı dəyişikliklərin edilməsi çoxdan gözlənilən məsələ idi. Bələdiyyə sisteminin özünü doğrultmadığı da bəllidir. İndiyədək bu mövzuda çox müzakirələr aparılıb, ölkəmizdəki bələdiyyə sistemi ilə qardaş Türkiyədəki bələdiyyə sistemi müqayisə edilib və həmişə də ikinci haqqında müsbət rəylər səslənib. Türkiyədə bələdiyyələr oturuşmuş bir sistemə malikdir və bizdə icra hakimiyyəti strukturunun malik olduğu səlahiyyət və üstünlüklər bələdiyyələrə aiddir. Türkiyədə bələdiyyələr səlahiyyətli bir orqandır. Maliyyə resursları, büdcələri, torpaq sahələri, parkları, istirahət yerləri, qəbiristanlıqları var. Bələdiyyələr geniş, hətta beynəlxalqmiqyaslı tədbirlər keçirir. Yəni qısası, bələdiyyələr şəhərlərin idarə edilməsində aparıcı qüvvədir. Bunu bizim bələdiyyələrlə eyni tərəziyə qoymaq ümumiyyətlə mümkün deyil. İllərdir bizim bələdiyyələrə məzarlıq yeri də heç verilmir. Bələdiyyə işçilərinin qapı-qapı gəzib topladığı əmlak, torpaq vergisi ödənişlərinin hara getdiyini isə “çort znayet”. Bələdiyələrin birləşdirilməsi bu sahədə müsbət dəyişikliyə səbəb olacaqmı? 

“Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında bildirdi ki, hazırda ölkədə 1606 bələdiyyə var. Yeni qanunla onların sayı 685-ə enəcək: 

- Bələdiyyələrin kəmiyyətində ciddi dəyişiklik baş verir. Bu isə keyfiyyətin yüksəldilməsinə hesablanıb. Bu, bələdiyyəçilikdə optimallaşdırma və stimullaşdırma hesab edilə bilər. 2024-cü ildə Azərbaycanda bələdiyyələrin fəaliyyətə başlamasının 25 ili tamam olur. Ötən müddət ərzində bir çox bələdiyyələr yetərincə diqqət çəkməyi bacarıb. Ümumiyyətlə isə bələdiyyəçiliyin ən böyük uğuru onların özlərini cəmiyyətə tanıda bilməsi olub. O, qeyd edib ki, bələdiyyələrdən narazılıq da var. Amma əsas məsələ odur ki, artıq sakinlər yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyənin rolunu anlayır, bunun üçün vergi verməyi də özünə borc bilir. Bələdiyyələrin birləşdirilməsi, böyüdülməsi onların işində yeni keyfiyyət mərhələsi olacaq. Bələdiyyələrin birləşdirilməsi prosesi sakinlərin problemlərinin həllinə müsbət təsir edəcək. Birləşmə zamanı artıq ləğv ediləcək bələdiyyələrin əməkhaqqı, Dövlət Sosial Müdafiə Fonduna olan borclarının sıfırlanması da yaxşı olardı. Əks təqdirdə yeni qurulacaq bələdiyyələr özlərinə aid olmayan borclarla işə başlamalı olacaqlar, bu da onların işini əngəlləyə bilər. Yeni bələdiyyələr sıfır borcla fəaliyyətə başlasa, daha arxayın işləmək imkanları olacaq.

Vüqar Tofiqli hesab edir ki, yeni qurulan bələdiyyələrə maliyyə yardımı artırılmalıdır: 
- Çünki belə olacağı təqdirdə onlar daha effektiv iş qura bilər. Eyni zamanda bələdiyyə qanunvericiliyi ilə bağlı boşluqların da aradan qaldırılmasına zərurət var. Bəzən gərəkli qanunlar qəbul edilsə də, onların icra mexanizmi ilə bağlı proses uzadılır və bu da işə əngəl olur. Bələdiyyələrin daha effektiv fəaliyyətinin təmini üçün hüquqi baza yenilənməli, bələdiyyələrin səlahiyyətləri artırılmalı, maliyyə müstəqilliyi təmin edilməlidir. Bunlar olarsa, o zaman bələdiyyə sistemində Türkiyə modelinə keçiddən danışmaq olar. 

Seçilən
19
sherg.az

1Mənbələr