AZ

“Liverpul” “Real” sindromuna son qoya biləcəkmi?

Çempionlar Liqasında yavaş-yavaş əsas mərhələnin qrupunda belə desək, ikinci dövrəyə qədəm qoyuruq. Bəzi “əjdahalar” hələ də 1/8 finala vəsiqə verən ilk “8-lik”dən uzaqdı.

Ona görə də onlar üçün həqiqət anı yetişir. Məsələn, evdə “Milan”a uduzmaqla özünü çətin duruma salan “Real”ın “Enfild”də necə təsir bağışlayacağı böyük maraq doğurur. Bu gün və sabah keçiriləcək 5-ci turun oyunlarına ətraflı nəzər salaq.

“Barselona” debütantın seriyasını qırmağa çalışacaq
Bu tura Çexiya və Slovakiyada start veriləcək. İlk iki tura 4 xal toplamaqla fanatlarını ümidləndirən “Sparta” sonrakı iki turda xala həsrət qaldı. Ümumiyyətlə, enişdə olan və son 7 rəsmi oyunda cəmi bir qələbə qazanan Çexiya çempionunun bu dəfə “Atletiko” ilə matçda uğur qazanacağı inandırıcı görünmür. Hərçənd “Sparta”nın evdə son 13 avrokubok matçında cəmi 2 məğlubiyyəti, “Atletiko”nun isə ÇL-də son 11 səfər oyununda cəmi 2 qələbəsi var. Hesabında xal olmayan 5 komandadan biri “Slovan” isə “Bernabeu”dakı zəfərdən sonra ümidlənən “Milan”ı qəbul edəcək. Bu komandaların yolu daha öncə yalnız bir dəfə kəsişib. 1992/93-də, yəni turnir ÇL adı ilə keçirildiyi ilk mövsümdə “Milan” 2-ci mərhələdə Bratislava klubunu ümumilikdə 5:0 hesabı ilə darmadağın etmişdi. Ötən mövsümdəki görüntüsündən uzaq olan və “Enfild”də böyük fiasko yaşayan “Bayer-04” bunun acığını “Zaltsburq”dan çıxmağa çalışacaq. Nəinki xal qazanmaqda, hətta qol vurmaqda da çətinlik çəkən “Yanq Boyz” evdə “Atalanta”nın seriyasına son qoymağa çalışacaq. Belə ki, ötən mövsümü də nəzərə alsaq, berqamolular avrokluboklarda son 7 qarşılaşmada qol buraxmayıb! Mövsümün əvvəlində bəlkə də “Barselona” – “Brest” oyunu heç kimi üçün maraqlı görünmürdü. Amma iş elə gətirib ki, bu qarşılaşmadan əvvəl “Brest” turnir cədvəlində “Barsa”dan öndədi! ÇL-in debütantı olan fransızların, ümumiyyətlə, belə çətin turnirdə ilk 4 qarşılaşmada uduzmaması heyrət doğurur. “Barsa” hər nə qədər hazırda kiçik böhran yaşasa da, “Brest”in Kataloniyadan xalla qayıtmaq ehtimalı çox azdı. “Barsa” ÇL-də son 3 oyunun hər birində ən azı 4 qol vurmaqla 1959/60-dan bəri ilk dəfə belə seriya yaxalayıb. “Blauqrana”nın bu cür 4 oyunluq seriyası heç vaxt olmayıb. Hesabında 99 qol olan Levandovski fərqlənəcəyi təqdirdə Messi və Ronaldodan sonra ÇL-də 100 qol həddinə çatan 3-cü futbolçuya çevriləcək! İlk oyun gününün ən maraqlı duellərindən biri Münhendə keçiriləcək. PSJ “Bavariya”nın qonağı olacaq və hər iki kluba qələbə hava-su kimi lazımdı. Paris nəhəngi son 11 ildə bir ilkə imza atmağa çalışacaq. Belə ki, “Bavariya” ÇL-in qrup/əsas mərhələsində keçirdiyi son 32 ev oyununda uduzmayıb (30 qələbə, 2 heç-heçə)! Son məğlubiyyət 2013-də “Mançester Siti” ilə oyunda qeydə alınıb (2:3). Hələ də xalsız komandaların siyahısında olan “Leytpsiq” “İnter”ə də uduzacağı təqdirdə faktiki pley-off arzusu ilə vidalaşa bilər. “İnter” doğma “San Siro”da son 11 ÇL matçında uduzmayıb, bunların 9-da qapısını toxunulmaz saxlayıb. Son 5 rəsmi oyunda uduzmaqla ağlasığmaz eniş yaşayan “Mançester Siti” bu seriyaya “Feyenoord”la ev oyununda son qoymağa çalışacaq. Mövsümün kəşflərindən olan və tura 2-ci pillədə daxil olan “Sportinq”in isə Ruben Amorimin ayrılmasından sonra necə təsir bağışlayacağı maraq doğurur. Ötən tur “Mançester Siti”ni darmadağın edən Lissabon nəhəngini bu dəfə evdə İngiltərənin digər nəhəngi “Arsenal”a qarşı ciddi sınaq gözləyir.

Zaqrebdə qol şousu olacaqmı?
Ardıcıl 2 qələbədən sonra ardıcıl 2 məğlubiyyətlə üzləşən “Benfika”nı heç də asan olmayan “Monako” səfəri gözləyir. “Knyazlar” hələ də məğlub olmayıblar və son 8 avrokubok matçının yalnız birində uduzublar. Sonuncu dəfə 1982/83-də ÇK-nın 1/4 finalında qarşılaşan “Aston Villa” ilə “Yuventus”un dueli də böyük maraq doğurur. O vaxt “Yuve” turnirin son qalibi statusunda olan rəqibini ümumilikdə 5:2 hesabı ilə yenmiş və “Aston Villa” həmin tarixdən bu mövsümə qədər ÇL-də oynamamışdı. Birmingemlilərin İtaliya təmsilçilərinə qarşı son 3 ev oyununda qol buraxmadan qələbə qazanması diqqəti çəkir. Son 3 turda “Real”, “Atletiko” və “Yuventus” kimi rəqiblərə qarşı oyunlarda 9 mümkün xaldan 7-ni toplayan “Lill” səfərdə “Bolonya”nı sınağa çəkəcək. İtaliya təmsilçisi həm ilk qələbəsini qazanmağa, həm də ilk qolunu vurmağa çalışacaq. “Bolonya” 4 turdan sonra qola həsrət qalan yeganə komandadı. Hesabında 7 xal olan və 2013-dən bəri ilk dəfə pley-offa yüksəlməyə çalışan “Seltik” “Brügge”ni yenməklə ÇL-də evdə ardıcıl 4-cü qələbəsini qazanmağa səy göstərəcək. Zaqreb “Dinamo”su ilə Dortmund “Borussiya”sının duelinin məhsuldar alınacağını proqnozlaşdırmaq olar. Çünki 4 turdan sonra 10 qol həddinə çatan cəmi 6 komanda var. Həm “Borussiya”, həm də “Dinamo” bu komandalar arasındadı. “Dinamo”nun Almaniya təmsilçilərinə qarşı statistikası heç də ürəkaçan deyil. İlk turda “Bavariya”dan 9 qol buraxan zaqreblilər indiyə qədər Almaniya klublarına qarşı 13 oyunun hamısında qələbəyə həsrət qalıb! İlk qələbələrini ötən tur qazanan PSV ilə “Şaxtyor” bu dəfə bir-biri ilə qarşılaşacaq. Son 5 rəsmi oyunun 4-də qol buraxmadan böyükhesablı qələbələr qazanan Eyndhoven nəhəngi fanatları önündə favorit statusunu doğrultmağa çalışacaq. “Şaxtyor”un indiyə qədər Niderland klublarına qarşı 7 oyundan 2 qələbə, 5 məğlubiyyətlə ayrıldığını bildirək. Turun bəzəyi və mərkəzi oyunu, sözsüz, “Liverpul”la “Real”ın dueli olacaq. Bu komandalar 2018-dən bu yana 2-si ÇL-in finalında olmaqla 6 dəfə qarşılaşıb və Madrid nəhəngi bunların heç birində məğlub olmayıb. Ümumiyyətlə, “Real” hazırda “qırmızılar”a qarşı 8 oyunluq məğlubiyyətsiz seriyaya malikdi (7 qələbə, 1 heç-heçə). “Liverpul” üçün bu uğursuzluğa son qoymaq və 2022/23-də bu rəqibə qarşı evdə qeydə alınan 2:5 hesablı acı məğlubiyyətin qisasını almaq üçün bəlkə də ən ideal zamandı. Çünki mersisaydlılar Arne Slotun başçılığı altında sanki qanad açıb uçur. Bu mövsüm ÇL-də xal itirməyən yeganə komanda statusunda olan “Liverpul” niderlandlı mütəxəssislə keçirdiyi 18 rəsmi oyunun cəmi 1-də uduzub (16 qələbə, 1 heç-heçə). Amma girişdə də qeyd etdiyimiz kimi, Karlo Ançelottinin komandasının durumu heç də qənaətbəxş deyil. Ona görə ÇL-in son qalibi yalnız qələbəyə oynamalıdı.
26 noyabr
Slovan – Milan
Cəzalı: yoxdu/Morata
Hakim: Xose Mariya Sançes (İspaniya)

Sparta – Atletiko
Cəzalı: yoxdu
Hakim: Danni Makkeli (Niderland)

Mançester Siti – Feyenoord
Cəzalı: yoxdu/Nace
Hakim: Radu Petresku (Rumıniya)

Bavariya – PSJ
Cəzalı: yoxdu
Hakim: İştvan Kovaç (Rumıniya)

İnter – Leyptsiq
Cəzalı: yoxdu
Hakim: Joao Pineyro (Portuqaliya)

Barselona – Brest
Cəzalı: yoxdu
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina)

Bayer-04 – Zaltsburq
Cəzalı: yoxdu
Hakim: Nikolay Balakin (Ukrayna)

Sportinq – Arsenal
Cəzalı: yoxdu
Hakim: Şimon Marçinyak (Polşa)

Yanq Boyz – Atalanta
Cəzalı: yoxdu/Ederson
Hakim: Manfredas Lukyançukas (Litva)

27 noyabr
Srvena Zvezda – Ştutqart
Cəzalı: yoxdu
Hakim: Erik Lambrexts (Belçika)

Şturm – Jirona
Cəzalı: yoxdu/Martines
Hakim: Rohit Saqqi (Norveç)

Liverpul – Real
Cəzalı: yoxdu
Hakim: Fransua Letesye (Fransa)

PSV – Şaxtyor
Cəzalı: yoxdu
Hakim: Urs Şnayder (İsveçrə)

Dinamo Z – Borussiya D
Cəzalı: yoxdu
Hakim: Kleman Türpen (Fransa)

Seltik – Brügge
Cəzalı: yoxdu
Hakim: Georgi Kabakov (Bolqarıstan)

Monako – Benfika
Cəzalı: yoxdu
Hakim: Rade Obrenoviç (Sloveniya)

Aston Villa – Yuventus
Cəzalı: yoxdu
Hakim: Xesus Xil Mansano (İspaniya)

Bolonya – Lill
Cəzalı: yoxdu
Hakim: Maykl Oliver (İngiltərə)

Seçilən
9
football-plus.az

1Mənbələr