ABŞ-ın artıq Türkiyənin Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemlərindən istifadə etməsinə etirazı yoxdur.
Publika.az "T24" portalına istinadla xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər deyib.
"Amerika tərəfi ilə son görüşlərimiz zamanı onların "S-400" kontekstində bizdən istədiklərini rədd etdik. İndi amerikalıların buna etirazı yoxdur", - deyə o bildirib.
Nazirin sözlərinə görə, Türkiyə tərəfi "S-400"lərin istifadə olunacağı əraziləri müəyyənləşdirib. O qeyd edib ki, hava hücumundan müdafiə sistemi istifadə olunmazdan təxminən 12 saat əvvəl yerləşdiriləcək.
Türkiyə 2019-cu ildə aldığı "S-400" alay dəstinin tədarükü üçün 2017-ci ildə Rusiya ilə müqavilə bağlayıb. Eyni zamanda ABŞ Rusiya sistemlərindən "Patriotun" xeyrinə imtina edilməsini tələb etsə də, Ankara bununla razılaşmayıb. Bundan sonra ABŞ Türkiyəni ən son "F-35" qırıcılarının tədarükü proqramından kənarlaşdırıb.