AZ

Dünyanın ən gözəl ada ölkəsi Tuvalı yox olmaq təhlükəsi ilə üz-üzə

Tuvalu Sakit Okeanın mərkəzi- qərb hissəsində, Avstraliya və Havay adalarının təxminən ortasında yerləşən bir ada ölkəsidir. Bu, mərcan atoll dövlətidir, yəni laqunu əhatə edən halqavari mərcan qayasında yerləşir, kənarında isə adalar var. Ölkə heyrətamiz bir oazisdir,dünyanın ən təbii və gözəl yerlərindən biri sayıla bilər. Lakin hazırda Yer üzündən tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir.

Sahəsi 26 kvadratkilometrdən az olan ölkədə cəmi 11 min nəfərə yaxın insan var. Lakin onlar öz mədəniyyətlərini və həyat tərzini formalaşdırıblar.

Tuvalu dünyanın dördüncü ən kiçik ölkəsidir. Vatikan, Monako və Naurudan sonra ən kiçikdir. Lakin Tuvalunun öz valyutası, Tuvalu dolları var. Onlar, həmçinin Avstraliya dollarından da istifadə edirlər.

“Britannica”ya görə, tuvalular polineziyalıdır və onların dili olan Tuvalu dili Samoa dili ilə sıx bağlıdır. Ölkədə məktəblərdə tədris olunan və geniş istifadə olunan dil ingilis dilidir.

Əhalinin əksəriyyəti Tuvalu kilsəsinə və ya bir vaxtlar Ellis adaları protestant kilsəsinə mənsubdur.

“The Guardian” yazır ki, adada sakit atmosfer hökm sürür, sakinlər motosikletlərlə ada yolları ilə sahilə çıxır, günortalar hamaklarda yatırlar, gecələr isə çimərlik tonqallarında balıq qızardırlar.

Firuzəyi rəngli suların arasında, sıx hindistan cevizi ağacları ilə gur olan qumluqlar gündəlik orta temperaturdan 80-85°F (27-29°C) həzz almaq üçün heyrətamiz fon yaradır.

Tuvalu Britaniya Birliyinin tərkibində müstəqil bir ada dövlətidir. Kraliça II Yelizaveta 1982-ci ildə, Şahzadə Uilyam və Keyt Middlton isə 2012-ci ildə adanı ziyarət ediblər. Tuvalunun paytaxtı Funafutidir. Əhalinin təxminən üçdə biri Funafutidə yaşayır.

Gözəl ada ölkəsi iqlim dəyişikliyi ilə bağlı təsirlərin öhdəsindən gəlmək üçün mübarizə aparır. Adanın əsas problemi 1993-cü ildən bəri dəniz səviyyəsinin ildə 0,2 düym (5 mm) artmasıdır. Bu, qlobal orta göstəricidən xeyli yüksəkdir.

Duzlu su nazik torpağı zəhərləyir və məhsul yetişdirməyi çox çətinləşdirir və tuvaluları getdikcə bahalı idxaldan asılı edir.

Dəniz səviyyəsinin qalxması ilə yanaşı, temperaturun yüksəlməsi xalq üçün təhlükə yaradır, mərcan atollarının və adalarının sahilləri eroziyaya məruz qalır, onsuz da kiçik olan torpaqlar daralır.

Yüksələn dəniz səviyyəsi, qasırğa və tufan dalğaları səbəbindən alçaq ölkədə daşqınlar artıb. Daşqınlar insanların evlərinə zərər verir və hava limanının uçuş-enmə zolağına girişi təhlükə altına alır.

Tuvalunun yaxınlığındakı mərcan qayaları da temperaturun artması səbəbindən mərcan ağarmasından təsirlənir. Bu, ağarmış mərcan tərəfindən xaric edilən mikro yosunları qəbul edən rif balıqlarını zəhərləyə bilər ki, bu da öz növbəsində bu balıqları yeyən insanlarda ağır xəstəliyə səbəb olur.

Yalnız yağış tutma məntəqələri və quyular ölkəni şirin su ilə təmin edirdi. Lakin yüksələn okean su altında olan yeraltı ehtiyatları çirkləndirdiyindən Tuvalu böyük toplama çənlərində saxlanılan yağış suyundan tamamilə asılı oldu. Bununla yanaşı, iqlim dəyişikliyi quraqlıqların tezliyini də artırır.

Bəzi elm adamları dəniz səviyyəsinin bu sürətlə artmağa davam edəcəyi təqdirdə Tuvalunun 50-100 il və ya daha az müddətdə yaşayış üçün yararsız hala düşəcəyini proqnozlaşdırırlar.

Çirklənmənin qarşısını almaq və daha böyük dövlətlərə nümunə göstərmək üçün xarici adalardan dördü artıq 97% günəş enerjisindən asılıdır və ölkə hökuməti 2025-ci ilə qədər külək və günəşdən 100% bərpa olunan enerji əldə etmək üçün çalışır.

Bundan əlavə, Tuvalunun Fonqafalenin cənubundakı torpaqları dərinləşdirmək, dəniz səviyyəsindən 33 fut (10 m) hündürlüyə qaldırmaq və yüksək sıxlıqlı yaşayış binaları tikmək üçün süni ada tikməyi planlaşdırdığı bildirilir. İqlim dəyişikliyi qaçqınları kimi evakuasiyalar nəzərdə tutulur.Gənc nəsil daha çox Yeni Zelandiyaya üz tutur.

Xatırladaq ki, Ficinin Tuvalu hökumətinə əhalisini 745 mil (1200 km) cənuba köçürmək üçün torpaq təklif etdiyi bildirilir, lakin Tuvalu bunu qəbul etmir. Avstraliyanın keçmiş baş naziri Kevin Rudd da Tuvalu vətəndaşlarına ölkələrinin dəniz və balıqçılıq hüquqları müqabilində tam vətəndaşlıq təklif oluna biləcəyini təklif etmişdi, lakin Tuvalu hökuməti bu təklifi "imperator düşüncəsi" olaraq rədd etdi.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
33
ikisahil.az

1Mənbələr