Astaradan Lənkərana xəstə gətirən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə hadisə gecə saatlarında köhnə Ələt-Astara avtomagistralında, yolun Lənkəran rayonunun Digah kəndi ərazisində baş verib.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili Astaradan Lənkərana, xəstə; Astara rayon sakini 1956-cı il təvəllüdlü Ağabacı Əsəd qızı Əhmədovanı gətirərkən, qarşısına Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi "Hundai Tucson" markalı minik avtomobili çıxıb və qəza qaçılmaz olub.
Qəzada, avtomobildə olan xəstə və xəstənin yaxınları 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Xəstə Ağabacı Əhmədova isə təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, "Hundai Tucson" markalı avtomobilin sürücüsü N.Şərifzadə də Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.