Çinin ən böyük banklarından biri olan "Bank of China"nın keçmiş sədri Liu Liangge rüşvət almaqda və qanunsuz kredit verməkdə təqsirli bilinərək möhlətlə ölüm cəzasına məhkum edilib.
“Cebheinfo.az” xəbər verir ki, məhkəmə onu 121 milyon yuandan (təxminən 16,8 milyon ABŞ dolları) çox məbləğdə rüşvət almaqda təqsirli bilib.
Möhlətlə ölüm hökmü ölüm cəzasının azadlıqdan məhrum etmə ilə əvəzlənməsidir.
Liu Lianggenin işi üzrə istintaq ötən il başlayıb. Eyni zamanda, 2023-cü ildə Çin dövlət maliyyə qrupu olan “China Everbright Group”-un keçmiş sədri Li Xiaopeng həbs edilib. Bundan əlavə, Çinin ən böyük sığorta şirkətlərindən biri olan “China Life Insurance”-in keçmiş rəhbəri Van Bin möhlətlə edam cəzasına məhkum edilib.