AZ

Ceymi Karrager: “Məhəmməd Salahdan çox pərişan oldum”

İngilis futbol mütəxəssisi Ceymi Karrager “Liverpul” və hücumçusu Məhəmməd Salahın yeni müqaviləni razılaşdıra bilməməsini şərh edib.

Arena.az ingilis mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Liverpul”un hələ müqavilə təklif etməməsinin səbəbi Məhəmməd Salahın ondan imtina edəcəyidir. Ona görə də onlar hələ də danışıqları davam etdirirlər. Onların bir arada görüşməsini çox istəyirəm, amma deməliyəm ki, Salahdan çox məyus oldum”, deyə Ceymi Karrager vurğulayıb.

Xatırladaq ki, “Liverpul”un və Misir yığmasının ulduz hücumçusu Salah Mersisayd klubunun rəhbərliyindən müqaviləsinin müddətinin uzadılması ilə bağlı hələ heç bir təklif almadığını bildirib. Tərəflərin şərtlərlə bağlı mövqeləri bir-birindən uzaq olduğu üçün “Liverpul” hələ də Salaha təklif göndərməyib.

Misirli hücumçu yeni müqavilənin üç mövsümlük olmasını istəyir. “Qırmızılar”ın rəhbərliyi isə Salahın yaşını nəzərə alaraq, mümkün müqavilənin müddəti ilə bağlı narahatlıq yaşayır – futbolçunun yayda 33 yaşı tamam olacaq.

Hazırda tərəflər təfərrüatı müzakirə edirlər. Əgər həll tapılmasa, Salah mövsümün sonunda azad agent qismində “Liverpul”dan ayrılacaq.

Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 18 oyuna 12 qol vurub, 10 məhsuldar ötürmə verib. Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 367 oyun, 223 qol, 99 məhsuldar ötürmə.

Misirli ulduz hücumçu “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Salah “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
17
arena.az

1Mənbələr