AZ

Bələdiyyələrə hər kəsdən 10 manat avtomobil vergisi cəmiyyəti həyəcanlandırır...

Image

İlqar Hüseynli: “Bələdiyyələrin səlahiyyətində əmlak və torpaq vergiləri olduğu halda avtomobildən də əmlak vergisi alınması populist bir fikirdir”

Bələdiyyələrin hər avtomobildən əmlak vergisi alması ilə bağlı təklif irəli sürülüb. Bu təkliflə Milli Məclisin ötən  iclasında deputat Elşad Musayev çıxış edib. O, qanunvericilikdə dəyişiklik edilməklə, bələdiyyənin ərazisində olan hər avtomobildən ildə 10 manat əmlak vergisi götürməsini təklif edib.

Xatırladaq ki, xüsusi mülkiyyətində tikililər və ya onların hissələri (bina) olan fiziki şəxslər, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq su və hava nəqliyyatı vasitələri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir.

Maraqlıdır, bələdiyyələrin səlahiyyətində əmlak və torpaq vergiləri olduğu halda avtomobildən də əmlak vergisi alınması nə dərəcə doğrudur?

“Bələdiyyənin ərazisində olan hər avtomobildən ildə 10 manat əmlak vergisi alması dilənçi payı kimi görsənir”

Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bələdiyyələrin səlahiyyətində əmlak və torpaq vergiləri olduğu halda avtomobildən də əmlak vergisi alınması populist bir fikirdi. Bu fikir dövlətin gücünü zəif göstərər: “Niyyət bələdiyyələrin maliyyə, iqtisadi və təsərrüfat səviyyəsini gücləndirməkdirsə, bu sahənin inkişafı ilə bağlı kifayət qədər təklif səsləndirmək olar. Bələdiyyə sahəsinin inkişafı üçün nikah, dəfn xidməti bu sahəyə ayrılmalıdır. Həmçinin, bələdiyyənin ictimai nəqliyyat sistemində sərnişindaşıma xidməti qurulmalıdır. Çox yaxşı olardı ki, parklanma və cəzalara görə bütün ödənişlər bələdiyyələrə yönəlsin. Ancaq bələdiyyənin ərazisində olan hər avtomobildən ildə 10 manat əmlak vergisi alması dilənçi payı kimi görsənir. Məsələn, Biləsuvarın bir kəndi var ki, orda cəmi 100 maşın var. Həmin maşınlardan ildə 10 manat alanda bu 1000 manat edəcək. 1000 manatla bələdiyyə iş görə bilməyəcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Vergi Məcəlləsində dövlət və bələdiyyə vergiləri ayrılıb. Yəni bələdiyyənin belə bir vergisi yoxdur: “Bilinməlidir ki, hansı avtomobil nəzərdə tutulur. Məsələn, bələdiyyənin ərazisindən keçənlərdən? Yaxud bələdiyyənin ərazisində yaşayan, ya da yaşayanların adına qeydiyyatda olan avtomobillərdən? Nəzərə almaq lazımdır ki, avtomobillər sadəcə vətəndaşların adına deyil, hər hansısa bir şirkətlərin, iş yerlərinin adına da ola bilər”.

Günel CƏLİLOVA





Seçilən
23
baki-xeber.com

1Mənbələr