AZ

Rusların pulu ilə Rusiyaya qarşı savaş

Yaxud Lekornunun uşaq sevinci

Fransa Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən yararlanaraq, Ukraynaya zenit-raket kompleksləri və digər silahlar tədarük etmək niyyətindədir. Bunu ölkənin müdafiə naziri Sebastyan Lekornu bildirib. Nazirin bu məsələ ilə bağlı daha nələri dilə gətirdiyinə diqqət yetirəcəyik. Ancaq əvvəlcə bir məqamın üzərində dayanaq.

Lekornunun barəsində söz açdığı variant olduqca tanış gəlir. Bir müddət əvvəl ABŞ-nin bir qrup ermənipərəst konqresmeninin irəli sürdüyü qanun layihəsinə görə, Azərbaycanın Birləşmiş Ştatlarda mövcud olan aktivlərinə həbs qoyulmalı və əldə ediləcək vəsait hesabına Qarabağ ermənilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün maliyyə yardımı ayrılmalı idi.

Əlbəttə, sosial-məişət məsələləri görüntüdür. Söhbət Ermənistanı silahlandırmaqdan gedirdi və bunun hansısa şərhə ehtiyacı yoxdur. Doğrudur, sözügedən qondarma layihənin aqibətinin necə olduğu qeyri-müəyyəndir. Həm də məsələ o səbəbdən reallaşmadı ki, layihə, mahiyyətcə, Ağ evin təşəbbüsü idi və Azərbaycana şantaj məqsədilə irəli sürülmüşdü. Yəqin, elə ona görə də “erməni sevdalılarının” qaldırdıqları təşəbbüs it-bata düşdü.

Necə deyərlər, eyni dalğa, eyni koordinat. Ancaq hazırda Avropa Rusiya – Ukrayna müharibəsindən bezar durumdadır. İndi “köhnə qitə”də soyuq düşünməyə başlayıb və anlayıblar ki, Ukraynanı Rusiyaya qarşı qaldırmaq avantürizmdən başqa bir şey deyil. Nəticədə etirazlar yaranıb. Əslində, Lekornunun açıqlamasındakı ayrı-ayrı motivlər də bu etirazların olduğunu təsdiqləyir. Məsələn, fransız nazir deyir ki, ölkəsinin vergi ödəyiciləri dövlətin Ukraynaya dəstəyi maliyyələşdirmək üçün yeni variantlar tapmasından məmnunluq keçirəcəklər. Deməli, indiyədək olan durum, yumşaq ifadə etsək, yaxşı deyilmiş...

“Önümüzdəki həftələrdə biz bu istiqamətdə tədbirlər görəcəyik. Xüsusən, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən istifadə etməklə Kiyevə “Mistral” hava hücumundan müdafiə raketləri, eləcə də digər silahları, o cümlədən, İtaliya ilə birgə tədarük edəcəyik”, – deyən Lekornu əlavə edib ki, Almaniyanın, Böyük Britaniyanın, İtaliyanın, Polşanın müdafiə nazirləri də məsələ ətrafında həmrəydirlər.

Fransız nazir onu da bildirib ki, ölkəsi Ukrayna əsgərlərinin təlimini davam etdirəcək və istəyini gerçəkləşdirmək naminə imkanlarını artırmağa hazırlaşır. Bir müddət əvvəl isə Ukraynanın müvafiq briqadasının Şampandakı təlim bazalarında təlim keçən 2300 əsgəri müharibəyə yola salınıb.

Bundan əvvəl Fransanın “Le Monde” nəşri öz mənbələrinə istinadən Parisin və Londonun Ukraynaya hərbi qulluqçuların və ya özəl hərbi şirkətlərin əməkdaşlarının göndərilmələri ilə bağlı müzakirələri bərpa etdiklərini açıqlamışdı. Bu mənbələrə görə, Fransa və Böyük Britaniya Kiyevi dəstəkləmək üçün, hətta, koalisiya yaratmaq imkanını istisna etmirlər.

Qeyd edək ki, bu il mayın sonunda Ukrayna Silahlı Qüvvələrinin Komandanı Aleksandr Sırski Fransanın müdafiə naziri ilə danışıqlardan sonra bildirmişdi ki, Kiyev Parisin öz hərbi təlimatçılarını Ukraynaya göndərmək təşəbbüsünü alqışlayır. Sırski onların qəbulu üçün lazımi sənədlərin artıq imzalandığını da vurğulamışdı.

Onu da diqqətə çatdıraq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlandıqdan sonra Avropa İttifaqı ölkələrində Rusiya Mərkəzi Bankının, təxminən, 220 milyard dollar ehtiyatı dondurulub. Bu ilin yanvarında Avropa Komissiyası bu aktivlərin yenidən investisiyasından əldə edilən gəlirin Rusiyanın mülkiyyəti olmadığını və onlardan Ukraynaya kömək üçün istifadə oluna biləcəyini açıqlamışdı.

Bundan başqa deyək ki, oktyabrın əvvəlində Aİ ölkələri Rusiyanın aktivlərindən qazanılan gəlirdən istifadə etməklə Kiyevə 35 milyard avro kredit ayrılmasını təsdiqləyiblər. Qərar daha sonra Avropa Parlamenti tərəfindən ratifikasiya edilib. Vəsaitin 2025-ci ilin sonuna kimi Ukraynaya veriləcəyi gözlənilir.

Ümumən, indiyədək Ukraynaya silah göndərən Aİ ölkələrinin həmin silah üçün lazımi vəsaitinin 1,4 milyard avrosunu Rusiya aktivlərindən əldə olunmuş gəlir təşkil etməkdədir Deməli, Rusiyanın pulu ilə Rusiyaya qarşı mübarizə aparılır. Belə yanaşmanın isə Moskvanı qıcıqlandırdığı gün kimi aydındır. Elə isə Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya dəstək göstərən mərkəzlərin, o cümlədən, Avropa paytaxtlarının rus silahının hədəfində olduğuna dair açıqlamasını yada salaq. Lekornu və qitənin digər güc nazirləri, eləcə də rəsmiləri bunu bilməmiş deyillər. Belə nəticəyə gəlmək mümkündür ki, onların əməllərini aşkarca ictimailəşdirmələri fəsadlara yol aça bilər. Məsələn, Lekornu Ukrayna hərbçilərinin təlim keçdikləri bazaların adlarını açıqlayır. Görəsən, fransız zəhmətkeşlər həmin bazalara raket zərbəsi endirilməsindən hansı hala düşəcəklər? Onda da sevinəcəklərmi?

Başqa bir məqama nəzər salaq. Göründüyü kimi, Rusiya aktivləri hesabına, loru dildə desək, əllərini ciblərinə salmadan Ukraynanı dəstəkləyən beş-altı ölkə var. Bəs o birilər? Onlar niyə “tiranla mübarizə” naminə öz ciblərindən pul xərcləməlidirlər? Mövcud nüans ətrafında düşünməyə dəyər.

Lap hesab edək ki, adlarını çəkdiyimiz Avropa ölkələri müharibə üçün lazım olan bütün vəsaiti özləri ödəyirlər, başqalarına yük düşmür. Hər bir halda, məsələ Rusiyanın aktivlərindən gələn gəlirin bölüşdürülməsi effekti verir. Bu bölüşdürülmədə ədalətlilik meyarı yalnız Ukraynaya yardımmı olmalıdır? Axı sabah savaşın miqyası genişlənsə, dalğa, istər-istəməz, müharibəyə bitərəf qalanları da tutacaq. Kim təminat verə bilər ki, həmin bitərəflərin başları üzərində bomba partlamayacaq? Heç kəs. Nə Fransa, nə Almaniya, nə Böyük Britaniya, nə də aktiv anti-Rusiya siyasəti yeridən digərlərinin belə bir zəmanətləri var.

Bir nüansı da nəzərə alaq ki, adlarını çəkdiyimiz ölkələr Avropada başlıca silah istehsalçıları və ixracatçılarıdır. Deməli, onlar öz silahlarını satmağı düşünürlər. Rusiya aktivləri və onlardan əldə edilən gəlir varsa, silah istehsal edib pul qazanmaq sərfəli işə çevrilir. Düşünmək mümkündür ki, həmin ölkələr müharibənin başa çatmasında maraqlı olmayacaqlar. Mütərəqqi beynəlxalq ictimaiyyətin məsələyə həssas yanaşması şərtdir. Əlbəttə, əgər bu ictimaiyyətdən əsər-əlamət qalıbsa.

Bütün bunlara görə də nazir Lekornunun Rusiya aktivləri hesabına Ukraynaya yardım mexanizminin işə salınmasından sevinməsi balaca uşağın yerdən oyuncaq tapıb sevinməsinə oxşayır. Hazırda başlıca vəzifə savaşı durdurmaq, onun Üçüncü dünya müharibəsinə çevrilməsini önləmək olduğu halda, fransız nazirin belə sevincəkliyi yalnız ikrah doğurur.

R.ƏVƏZ
XQ

Seçilən
3
xalqqazeti.az

1Mənbələr