Trampın hakimiyyətə qayıtmasından sonra “ticarət müharibələri” yenidən aktuallaşıb...
İqtisadçı-ekspert: “Tramp birinci hakimiyyəti dövründə də oxşar siyasət həyata keçirmişdi”.
“Burada hər hansısa bir məhsulun idxalına qadağadan söhbət getmir. Söhbət idxal tariflərinin 15 faizdən 100 faizə qədər məhsullardan asılı olaraq artırılmağa hədəfləməsidir”.
Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın “ticarət müharibələri”ni Poliqon-a şərh edərkən qeyd edib.
Görünən odur ki, Trampın hakimiyyətə qayıtmasından sonra “ticarət müharibələri” yenidən aktuallaşıb. Tramp Ağ Evə dönən kimi, hətta ABŞ-nin ən yaxın müttəfiqlərinə və qonşularına qarşı “ticarət müharibəsinə” başlayacağı barədə bəyanatlar verir. O cümlədən Çinə qarşı da yenidən “ticarət müharibəsinin” elan olunması qaçılmaz kimi görünür.
Amerika bazarının xarici mallardan qorunması və buna anoloji cavablar ABŞ iqtisadiyyatının inkişafına hansı səviyyədə təsir edə bilər?
Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Eldəniz Əmirov ilə müzakirə edib.
Eldəniz Əmirov: “ABŞ sahibkarları üçün daxili bazara məhsul təqdim etmək daha sərfəli və daha rəqabətqabiliyyətli olacaq”.
Bunun ABŞ-də inflyasiyanı, qiymət artımlarını sürətləndirən bir səbəbə çevriləcəyini proqnoz edən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, digər bir tərəfdən isə ABŞ-ın bu addımına cavab olaraq qarşı ölkələr, məsələn, Çin ABŞ məhsullarına idxal tarifi tətbiq edə və yaxud da mövcuddurı artıra bilər:
“Tramp birinci hakimiyyəti dövründə də oxşar siyasət həyata keçirmişdi. Enerji daşıyıcılarının qiymətinin ucuzlaşdırılması proktanizm siyasətinin aparılması, yəni yerli sahibkarların, daxili bazarın qorunması siyasəti, bunu da idxal tariflərinin artırılması hesabına həyatına keçirmək istəyir. Yəni burada hər hansısa bir məhsulun idxalına qadağadan söhbət getmir. Söhbət idxal tariflərinin 15 faizdən 100 faizə qədər məhsullardan asılı olaraq artırılmağa hədəfləməsidir.
Belə olan təqdirdə, ABŞ-yə idxal olunmuş məhsulların qiyməti bahalaşacaq. Bu məhsulların qiymətlərinin bahalaşması daxili bazarda idxal məhsullarının rəqabət qabiliyyətlərini aşağı salacaq. Deməli, ABŞ sahibkarları üçün daxili bazara məhsul təqdim etmək daha sərfəli və daha rəqabətqabiliyyətli olacaq. Bu təbii olaraq, ABŞ-də sahibkarlıq subyektlərinin inkişaf etməsinə, yəni sahibkarların dəstəklənməsinə xidmət etmiş olacaq.
Amma bir məsələ var ki, bu ölkədə inflyasiyanı, qiymət artımlarını sürətləndirən bir səbəbə çevriləcək. Digər bir tərəfdən isə ABŞ-ın bu addımına cavab olaraq qarşı ölkələr, məsələn, Çin ABŞ məhsullarına idxal tarifi tətbiq edə və yaxud da mövcuddurı artıra bilər. Belə olan təqdirdə isə ABŞ-ın ixrac istiqamətində fəaliyyətini quran sahibkarlar üçün çətinliklər yaranacaq”.
Nərminə UMUDLU
Poliqon.info