10 yaşından zəhmətə alışan və 20 yaşında Şuşanın azad olunmasında şəhidlik zirvəsinə ucalan Təbriz Cüməzadənin həyat hekayəsi
“Maşallah, od parçasıdır...”
İldırım öz həmkəndlisi Ülviyyə ilə evlənəndə 23 yaşı vardı. Bir müddət kənddə qaldı. Amma valideynlərinə yük olmaq istəmədi. Qərara aldı ki, iş dalınca şəhərə köçsün.
1998-ci ildə Mingəçevirdə də həyat rahat deyildi. Sənaye müəssisələrinin əksəriyyəti sovetlər dağılandan sonra həm kənardan xammal ala bilmir, həm də hazır məhsullarını satmaq iqtidarında deyildi. Təcrübəli mütəxəssislər yaşamaq üçün mərkəzi bazarda piştaxta götürüb, alver etməklə ailələrini dolandırmağı düşünürdülər. İldırım da onların arasında idi. Topdansatış yerlərindən aldığı məhsulların pərakəndə satışı ilə məşğul idi. Bazara yaxın ərazidə, oradan təxminən 15 dəqiqəyə piyada gedilə biləcək keçmiş “Qafqaz” mağazasının üstündə də iki otaqlı mənzili kirayəyə götürmüşdü.
Kirayə mənzildə yaşayan Cüməzadə ailəsi həmin il ilk oğlunu qarşıladı. Adını Qorxmaz qoydular. Ata bundan sonra daha çox vaxtını piştaxta arxasında keçirirdi. Səhərin gözü açılmamışdan evdən çıxır, bir də qaranlıq düşəndə gəlirdi.
İldırım şəhərə köçsə də, kəndləri ilə tez-tez əlaqə saxlayırdı. Həm valideynlərinin istədiklərini şəhərdən alıb gətirir, həm də kənddən münasib qiymətə ərzaq alıb evinə aparırdı. Nəticədə bu, hər iki ailənin normal güzəran qurmasına kömək edirdi. İş elə gətirdi ki, fevralın 2-də kənddə halı pisləşən Ülviyyəni rayon xəstəxanasına çatdırdılar. Bir azdan tibb bacısı atadan muştuluq istədi: “Gözün aydın, oğlun olub...” Və dədə-baba yurdunda dünyaya gələn körpəyə anası Təbriz adını qoydu.
İllər sürətlə qaçır, uşaqlar böyüyürdü. İldırımın arzusu bu idi ki, hər iki oğluna yaxşı təhsil verə bilsin. Məktəb yaxında idi. Qorxmazın ardınca Təbriz də dərsə gedirdi. 2 saylı məktəbin direktoru deyirdi ki, uşaqların hər ikisi yaxşı oxuyur, amma Təbriz bambaşqadır: “O gün özündən böyük uşaqları da başına yığıb, məktəbin həyətini təmizləyib. Maşallah, çox ağıllı, canıyanandır, həm də od parçasıdır...”
On yaşından Təbriz atasının da köməkçisinə çevrilmişdi. Dərsdən gələn kimi bazara qaçır, piştaxta arxasında atasını əvəz edir, gəlib keçənlərə şirin su təklif edir, kiçik kağız torbalara doldurduğu qarğıdalı lopalarını gəzə-gəzə satmağa çalışırdı. Böyüyəndən sonra bir yerdə qab-qacaq da satmağa başlamışdılar. İldırım Təbrizin köməyilə ticarətini xeyli genişləndirməyə nail olmuşdu. Təbriz yığdığı pulu qəpiyinə kimi gətirib atasına verirdi. İldırım ona hər dəfə yolpulu üçün 20 qəpik verirdi ki, ən azından evə avtobusla qayıtsın.
Mənzil almaq üçün hazırlığa getmədi
Kirayə evlərin qiyməti qalxdıqca Cüməzadə ailəsini fikir götürürdü. Üstəlik, ali məktəbə hazırlaşan iki yeniyetmənin də təhsil xərcləri üçün əlavə vəsait lazım idi. Bir müddət idi ki, Qorxmaz fərdi müəllimlərin yanına gedirdi. Ondan 2 yaş kiçik olan Təbrizin də əlavə hazırlıq məşğələlərinə qatılmasına ehtiyac vardı.
Təbriz beşinci sinifdə oxuyandan İT mühəndisi olmaq istəyirdi. Yolpuluna xərcləmədiyi 20 qəpikləri üst-üstə qoyub 170 manat pul yığmışdı. Atası da üstünü düzəldib, ona “ACER” markalı kompüter almışdı. Nahara qədər məktəbdə olan, ondan sonra atasının yanında çalışan Təbriz gələcək xəyallarını gerçəkləşdirmək üçün gözlərindən yuxu tökülənə qədər kompüterindən əl çəkmirdi.
“Valideyn iclaslarında müəllimləri deyirdi ki, nə qədər şəkil-video montaj işlərimiz var, hamısını bu uşaq görür. Vallah, Təbriz kompüteri söküb-yığardı...”
Ülviyyə xanım indi oğlunun istifadəsiz qalmış kompüterinə baxıb, köksünü ötürür: “Bütün həyatı ilə bağlı nə varsa, dostları burda tapdılar...”
Təbriz başa düşürdü ki, böyük qardaşı ilə bərabər onun da hazırlıqlara qatılması ailənin maddi durumunu çətinləşdirəcək. Atası bir neçə dəfə xəstələnmişdi, buna görə də onun daha çox əziyyətə qatlaşmasını istəmirdi. O, hər gün bazarda çalışan atasının yanındaydı, əlavə piştaxta da götürmüşdü. Hesab edirdi ki, ata-bala qazanclarını üst-üstə qoyub həm ailəni saxlayarlar, həm də mənzil almaq üçün para toplayarlar. Kirayə yaşadıqları evin sahibi eşitdirmişdi ki, mənzili satışa çıxarmaq istəyir. Təbriz də atasına deyirdi ki, gəl bir az da artıq çalışaq və bu mənzili əldən verməyək. Buna görə də valideynlərinin onu repetitor yanına göndərməsinə etiraz etmişdi: “Məndən narahat olmayın, özüm hazırlaşıram”.
“Kaş bir anlığa qayıda...”
“İmtahan günü gördüm ki, Təbrizin üzü-gözü qızarıb. Sonradan bildim ki, su çiçəyi səpib. Elə o vəziyyətdə də imtahana getdi. Amma ali məktəbə tələb olunan balı yığa bilmədi. Bizə də təskinlik verirdi ki, hara tələsirəm, bu il olmasın, gələn il olsun. Növbəti ilin yazında da əsgərliyə çağırdılar...”
Ülviyyə xanım əlavə edir ki, 2018-ci il aprelin 2-də oğlunu əsgər aparıblar: “Boyuna qurban olum, 1.80 boyu vardı. Ailəmizdə hamımızdan uca idi. Hardan biləydik ki, şəhidlik mərtəbəsinə də qalxacaq”.
Bu yerdə İldırım bəy söhbətə qoşulur: “Arada yanına gedirdim. Hərbi xidmətini Bakıda, Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzində keçirdi. Hər dəfə narazılıq edirdi ki, niyə əziyyət çəkib gəlirsən, vəziyyətim əladır. Komandirin yanında ona otaq və kompüter ayırmışdılar. Deyirdi ki, heç nə də gətirmə, burda bizə hər şey verirlər. Bizimlə görüşəndən sonra arxasına baxmadan hərbi hissəyə keçirdi. Mən də heç vaxt onu qucaqlamırdım”.
İldırım kişinin dediyinə görə, gözünü açandan ailəsi böyüklərin yanında uşağına nəvaziş göstərməzdi: “Atam babamın yanında həmişə mənimlə məsafə saxlamışdı. Mən də belə tərbiyə aldığımdan övladlarıma qarşı istiqanlı tərpənmirdim. Yadımdadır, bir dəfə Təbrizlə bazarda idim. Onun əlində dönər və limonad şüşəsi vardı. Birdən ayağı ilişdi və arxası üstə aşdı. Yanımdakı iş yoldaşlarım dərhal yüyürüb, oğlumu qaldırdılar, mən isə limonad şüşəsini götürüb, sakitcə baş verənləri izləyirdim. Sonradan Təbriz mənə deyəndə ki, “Ata, nə üçün məni yerimdən qaldırmaq istəmədin?”, söz tapıb cavab verə bilmədim. İndi də bu hadisə yadıma düşdükcə sızıldayıram. Sağlığında mənim istiqanlığımı görə bilməyən övladım yəqin ki, məzarında üşüyür... Kaş bir anlığa qayıda, doyunca bağrıma basardım...”
Seyfəli poliqonundan Şuşa döyüşünə
Təbriz 2020-cu ilin aprelində hərbi xidmətdən qayıtdı. Düşünürdü ki, ailəsinin mənzil problemini həll edəndən sonra arzularının ardınca getməyə çox zamanı olacaq. Buna görə də gecəsini gündüzünə qatıb, bazarda işini davam etdirir, eyni zamanda, foto-video montaj işləri ilə bağlı sifarişlər alırdı. Ailənin durumu get-gedə yaxşılaşırdı. Həmin il Qorxmaz da ali məktəbi bitirəcək, bundan sonra yükləri xeyli azalacaqdı. Həm də şəhərin Şəhriyar küçəsində münasib qiymətə təklif olunan mənzili ala bilmişdilər.
Atasının qeydiyyat ünvanı Xaçmaz kəndi kimi qaldığından 2020-ci il sentyabrın 21-nə Təbrizi də xalası oğlu Orxanla birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Şöbəsindən təlim məşq toplanışına çağırdılar. Səfərbərlik elan olunmasa da, Müdafiə Nazirliyi baş verə biləcək növbəti erməni təxribatlarının qarşısını almaq üçün hazırlıqlara başlamışdı.
Əvvəlcə hər iki xalaoğlunu Gəncəyə, Seyfəli ploiqonuna gətirdilər. Sentyabrın 27-də müharibə başlayandan 2 gün sonra isə Füzuliyə göndərdilər.
“Tez-tez danışırdıq. Deyirdi ki, ay ata, bizim ölkənin nə qədər müasir silahları var imiş, heç əsgərlikdə olanda bunları görməmişdim. Həm tək, həm də Orxanla birgə bir neçə fotosunu yollamışdı. Həlak olandan sonra videolarını da tapdım. Sadəcə harda olduğunu demirdi. Sonradan öyrəndim ki, Fizulidən sonra Orxanla yolları ayrılıb. Təbriz Cəbrayılda və Xocavəndə döyüşüb, nəhayət Şuşaya qədər gedib çıxıb, xüsusi təyinatlılarla birgə Şuşanın müdafiəsində olub. Noyabrın 6-da zəng vurmuşdu. Hamımızla danışdı, bir neçə dəfə “Mən sizi çox istəyirəm” dedi. Bizə ürək-dirək verdi ki, narahat olmayın, yaxın günlərdə müharibə qurtaracaq. Sonra qardaşı ilə danışmaq istədi. Qorxmaza deyib ki, əgər mənə bir şey olsa, ata-ana sənə əmanət...”
İldırım Cüməzadə oğlunun tezliklə evinə dönəcəyini gözləyirdi, amma... “Əvvəl Orxanın şəhid xəbəri gəldi, ardınca da Təbrizin. Noyabrın 8-də zəng vurdular ki, Təbrizdən xəbər yoxdur...”
Mingəçevirdə 44 günün 44-cü şəhidi
Ata noyabrın 9-dan oğlunun axtarışına başlayıb. “Əsgər atası” filminin qəhrəmanı kimi günlərlə axtarışda olub və bu, 17 gün davam edib. Mingəçevir, Bərdə, Beyləqan, Ağcabədi, Biləsuvar, Bakı, Hadrut, Ağdam, Yevlax, Gəncə və Füzulidə baş çəkmədiyi ünvan qalmayıb: “O zaman yaralıları və şəhidləri xəstəxana və hospitallara gətirirdilər. Hardan səs gəlirdi, dərhal ora tərpənirdim. Noyabrın 25-də mənə zəng gəldi ki, bir neçə əsgərin cənazəsini Füzuliyə, Diaqnostik Mərkəzə gətiriblər. Bəlkə oğlunuz da onların arasında ola”.
İldırım kişi gözlərinin yaşını silərək davam edir: “Mərkəzdə mənə bütün şəhidlərin cənazəsinə yaxınlaşıb, baxmaq imkanı yaradıldı. Hər birinə tərəf gəldikcə, Təbrizi görəcəyimi ağlımdan keçirirdim. Amma onların arasında oğlumu tapmayanda həm təəssüfləndim, həm də sevindim ki, bəlkə sağdır... Amma sonradan bildim ki, məni oğlumla görüşə hazırlayırlar. Bir zabit qoluma girib məni mərkəzdən çölə çıxardı. Bir az aralıda, düzəngahda kiminsə sakitcə uzandığını gördüm. Yaxınlaşıb üzünü açanda Təbrizi tanıdım. İlk baxışda mənə elə gəldi ki, ona bir güllə də toxunmayıb. Üzərində bunların əlaməti hiss olunmurdu. Bir azdan zabit oğlumun gur saçlarını aralayıb, mərmi yarasının yerini göstərdi və dedi ki, şəhidimizi snayperlə başından vurublar. Başının güllə çıxan yerini isə aşağıya çevirmişdilər...”
26 noyabr 2020-ci ildə Təbriz İldırım oğlu Cüməzadə Mingəçevirin Şəhidlər Xiyabanında torpağa tapşırıldı. O, bu xiyabanda 44 günlük müharibə zamanı dəfn olunmuş 44-cü şəhid oldu.
“Fəxr edin ki, belə oğlunuz var”
Təbriz Cüməzadənin Vətən qarşısında xidmətlərini nə dövlət, nə ailəsi, nə ictimaiyyət unutmur. Azərbaycan Prezidenti İlham Əliyev 20 yaşında şəhidlik zirvəsinə ucalan bu gənclə bağlı 2020-ci ildə üç sərəncam imzalayıb. Onu ölümündən sonra dekabrın 15-də "Vətən uğrunda", 18-də "Cəsur döyüşçü" və 29-da "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edib. 2021-ci il noyabrın 26-da isə Təbriz Cüməzadənin anım günündə yaşadığı binanın qarşısında adının əbədiləşdirilməsi üçün barelyef və bulaq kompleksi açılıb.
Təbriz hələ uşaqlıqdan ailəsinin mənzil alacağı günün həsrətindəydi. 19 illik kirayə həyatından sonra onun da qatqısı hesabına ailə mənzil alıb və Təbriz də cismani həyatının 5 ayını burda keçirib. Bundan sonra isə həmin mənzildə ruhən yaşamağa başlayıb. Ailə Təbrizin iş və yataq otağını onun ev muzeyinə çevirib. Valideynlərinin bildirdiyinə görə, muzeydə 11 mindən çox eksponat toplanıb.
Bu eksponatların içərisində 2020-ci ilin yayında alınan və heç bir vərəqində qeyd aparılmayan pasport da var. Ülviyyə xanım deyir ki, Təbriz başqa ölkələrə səfərlərə çıxmağa, virtual olaraq tanıdığı dostları ilə canlı ünsiyyət yaratmağa can atırdı: “İstəyirdi ki, Qarabağın azadlığından sonra o taylı-bu taylı Azərbaycan da birləşsin, Bakıdan Təbrizə yol ölkə xaricindən deyil, ölkə içindən keçsin. Mili yeməklərimizin də dünyada tanınması üçün əlindən gələni edirdi. Yeri gəlmişkən, yarpaq dolmasını çox xoşlayırdı. Hətta mən dolma bükəndə gəlib kömək edirdi. Deyirdi ki, xaricə gedəndə dostları üçün özü dolma, dovğa da hazırlayacaq. Qoy görsünlər ki, bizim nə dadlı yeməklərimiz var...”
Ülviyyə xanım oğlunun at sürməyindən, hələ uşaqlıqdan cüdo ilə məşğul olmağından da danışdı, tez-tez yuxularına gəldiyini dedi: “Ay ana, bəsdir ağlayıb, mənə yas saxladınız. Elə yerdəyəm ki, məni görsəniz, sevincinizin həddi-hüdudu olmaz. Burda çox rahatam, hamı mənə hörmət edir. Fəxr edin ki, belə oğlunuz var”.
Fərman NƏBİYEV,
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Əməkdar jurnalist