AZ

Toy karvanında qəza törədərək 2 nəfərin ölümünə səbəb olan sürücüdən xəbər var

Şəki Apellyasiya Məhkəməsində Balakən rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən İlkin Hetayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.



Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin edilib.


Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Hetayev 7 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə Balakən rayonunun Şambul kəndi ərazisində baş verib. Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi iki “Mercedes” markalı avtomobil toqquşub.


Nəticədə 2 sərnişin - 1974-cü il təvəllüdlü Şərif kənd sakini Şaban Elayev, 1997-ci il təvəllüdlü Hənifə kənd sakini Günay İsmayılova ölüb, hər iki sürücü və üç sərnişin isə xəsarət alıb.


İstintaq araşdırması zamanı yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb İlkin Hetayev olması müəyyən edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov 

Tarix: 27 Noyabr 2024, 10:12   
Seçilən
7
pravda.az

1Mənbələr