AZ

1450-dən 685-ə...

Yerli özünüidarəetmə orqanları yenidən təşkilatlanır

Qeyd edək ki, bir müddət əvvəl dövlət başçısı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanununa əlavə və dəyişikliklər layihəsini təsdiqləyib. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunu təsdiq edib. Sənədə əsasən, bələdiyyələrin birləşməsi əsasında yeni bələdiyyə strukturları yaradılacaq. Paytaxtın 3 rayonunda bələdiyyələrin yenidən strukturlaşması təmin olunacaq. Belə ki, Xəzər rayonu üzrə Mərdəkan və Şağan bələdiyyələrinin əhatə etdiyi  qəsəbələrin bazasında vahid bir yerli orqan - Mərdəkan bələdiyyəsi formalaşacaq. Qaradağ rayonu üzrə Çeyildağ, Sanqaçal və Ümid bələdiyyələrinin əhatə etdiyi qəsəbələrin strukturunda yeni Sanqaçal bələdiyyəsi yaradılacaq. Eləcə də Korgöz, Qızıldaş və Puta bələdiyyələrinin əsasında Qızıldaş bələdiyyəsi qurulacaq. Pirallahı rayonu üzrə Çilov-Neft Daşları, Gürgən və Pirallahı bələdiyyələrinin əhatə etdiyi qəsəbələrin bazasında Pirallahı bələdiyyəsi formalaşacaq. Səbail rayonu üzrə isə Bibiheybət və Səbail bələdiyyələrinin birləşməsi yolu ilə Səbail bələdiyyəsi təşkil olunacaq.

Abşeron rayonu üzrə Aşağı Güzdək, Pirəkəşkül, Qobustan bələdiyyələri birləşdirilərək Aşağı Güzdək, Fatmayı və Görədil bələdiyyələri birləşdirilərək Fatmayı, Güzdək və Qobu bələdiyyələrinin əsasında isə Qobu bələdiyyəsi yaradılacaq. Regionlara gəlincə, Gəncə şəhəri üzrə Hacıkənd və Kəpəz bələdiyyələrinin əhatə etdiyi 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisindəki qəsəbələrin bazasında Kəpəz bələdiyyəsi yaradılacaq. Eləcə də respublikanının digər şəhər və rayonlarındakı qəsəbə və kənd bələdiyyələrin birləşdirilməsi yolu ilə yeni bələdiyyələr təşkil olunacaq.

Bələdiyyələrin birləşdirilməsinin səbəbi nədir?

Ölkəmizdə müasir inkişaf çağırışlarından meydana çıxan aktual tələblər təkcə dövlət və qeyri-dövlət orqanlarını əhatə etmir, institisional dəyişikliklər ölkə həyatının ictimai-sosial-iqtisadi sferasında yer alan və kifayət qədər səlahiyyətləri olan yerli özünüidaretmə orqanlarının fəaliyyətində də yeni meyarların tətbiqini labüdləşdirib. Müasir islahatlar yerli orqanların strukturunun yenidən formalaşmasını və təkmilləşdirilməsini tələb edir. Ona görə də genişmiqyaslı islahatlar kursundan bələdiyyələrin kənarda qalması inkişaf tranzitinin məhdudlaşdırılması demək olardı. Bu baxımdan “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunlarda əlavə və dəyişikliklərin aparılmasına ehtiyac yaranıb.

Hər iki qanuna edilən dəyişikliklərə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrlə birləşdirilir. Nəticədə bələdiyyələrin sayı 3 dəfəyə yaxın azaldılaraq 1450-dən 685-ə endiriləcək. Struktur dəyişikliyi nəticəsində 2025-ci ildən təxminən əvvəlki mövcud olan 800-ə yaxın hüquqi statusunu itirmiş olacaq.

Vergi və digər yığımlar yalnız nağdsız qaydada həyata keçiriləcək

Yeni strukturlaşmadan sonra bələdiyyələrin iqtisadi-maliyyə fəaliyyətinin elektronlaşdırılması, apardığı bütün əməliyyatların yalnız elektron resurslar infrastrukturu vasitəsilə aparılması da nəzərdə tutulur. Ən vacib məsələlərdən biri özünüidarəetmə orqanlarının vergi və digər yığımlarında yalnız nağdsız qaydada həyata keçirilməsidir. Bu məqsədlə “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişikliklər ediləcək, qanunun 3.4.1-ci maddəsinə əsasən, ölkədə vergilərin yığılması yalnız nağdsız qaydada həyata keçiriləcək. Yerli özünüidaretmə orqanlarının fəaliyyətinə nəzarətin artırılması məqsədilə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna da dəyişikliklərin edilməsi nəzərdə tutulur. Həmin dəyişikliklərə əsasən isə bələdiyyə fəaliyyəti ilə əlaqədar bütün əməliyatları, hesablaşmalar vahid informasiya sisteminə əks olunacaq.

Dəyişikliklər bələdiyyələrdə idarəetmənin və xidmətlərin keyfiyyətini artıracaq

Yeni dəyişikliklər yerli özünüidarəetmə orqanlarının maliyyə-təsərrüfat imkanlarının təşkili və yerli mənbələrinin formalaşmasında da əhəmiyyətli dönüş yaradacaq. Struktur dəyişiklikləri bələdiyyələrin geniş ərazi və torpaq resursları, habelə əmlak və dövriyyə vəsaitləri mənbələri üzərində səlahiyyətlərini daha da optimallaşdıracaq. Bu isə yerli qurumların daha əsaslı maliyyəsinin formalaşması və istifadəsinə, habelə qərarvermə imkanlarının genişlənməsinə səbəb olacaq.

Nəticədə yerli idaretmə orqanlarında aparılan struktur islahatları bələdiyyələrdə idarəetmənin effektivliyin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, regionların balanslı inkişafının təmin edilməsinə, habelə bu qurumlar arasında daha sıx əməkdaşlığın qurulmasına töhfə verəcək.

Yerli idaretmə orqanlarında aparılan struktur islahatları bələdiyyələrdə idarəetmənin effektivliyin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, regionların balanslı inkişafının təmin edilməsinə, habelə bu qurumlar arasında daha sıx əməkdaşlığın qurulmasına töhfə verəcək.

Ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrlə birləşdirilir.

Ən vacib məsələlərdən biri özünüidarəetmə orqanlarının vergi və digər yığımlarında yalnız nağdsız qaydada həyata keçirilməsidir.

E.CƏFƏRLİ

Seçilən
7
yeniazerbaycan.com

1Mənbələr