AZ

Adil Hüseynov: “Qalib ölkənin zəif iradəli futbolu qəbuledilməzdir”

“Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir. Bütün sahələrdə quruculuq işləri aparılır, o cümlədən də idmançılarımızın beynəlxalq yarışlarda uğurlar qazanması üçün tədbirlər həyata keçirilir”.

Bunu İdman.bizə müsahibəsində futbol veteranı Adil Hüseynov deyib.

Ötən əsrin 70-ci illərində “Neftçi”, Naxçıvanın “Araz” və başqa klublarda çıxış etmiş sabiq futbolçu Azərbaycan yığmasının Millətlər Liqasındakı uğursuz çıxışını dəyərləndirib: “Azərbaycanın beynəlxalq arenada nüfuzunun yüksəlməsinə futbol da öz töhfəsini verməlidir. Millimizin qazandığı hər bir uğur ölkəmizə olan diqqəti artıra bilər. Təəssüf ki, komandamızın Millətlər Liqasındakı çıxışı uğursuz alındı və azarkeşlərdə futbolumuzun gələcəyi ilə bağlı bədbinlik yaratdı. Komandanın oyun fəlsəfəsi, məşqçinin tapşırıqları, futbolçuların davranışı haqqında və ümumən futboldan saatlarla danışmaq olar. Amma peşəkar idmanda əsas göstərici – nəticədir. Nəticə etibarı ilə millimiz C Liqasında yer aldığı I qrupu 1 xalla sonuncu pillədə başa vurub və D Liqasına düşüb. Daha bundan aşağı yuvarlanmağa liqa yoxdur”.

Futbol veteranı bu nəticəni utancverici hesab edir: “Yığmanın Millətlər Liqasında qeyri-qənaətbəxş çıxışı futbolsevərlərin son dərəcədə neqativ reaksiyalarına səbəb olub. Eyni zamanda, idmandan çox uzaq olan insanlar da Azərbaycan futbolunun indiki utancverici durumu ilə bağlı müzakirələrdə fəal iştirak edirlər. Hamı yekdil fikirdədir ki, qalib ölkənin zəif iradəli futbolu qəbuledilməzdir”.

Hüseynov futbolumuz üçün yeganə çıxış yolunu da göstərib: “AFFA-nın indiki mərhələdə üzləşdiyi problemlərin miqyası elədir ki, onları yalnız dövlətin və bütün futbol ictimaiyyətinin birgə səyi ilə həll etmək mümkündür. Azərbaycan Prezidenti cənab İlham Əliyev idmana, o cümlədən də populyar idman növü olan futbola daim diqqət və qayğı göstərir. 10 oktyabr 2005-ci il tarixində ölkə başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamında Azərbaycan futbolunun problemləri və onların həlli yolları göstərilmişdi. Bu proqramın icrası zamanı nazirliklər və yerli icra hakimiyyəti orqanların üzərlərinə düşən tapşırıqları yerinə yetirirlər. Respublikada müasir beynəlxalq standartlara cavab verən stadionlar və futbol meydançaları istifadəyə verilir, əlavə iş yerləri açılır. Futbolun təbliğ edilməsi, mütəxəssislərin hazırlanması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi işləri AFFA tərəfindən həyata keçirilir”.

Futbol veteranı AFFA-nın diqqət yetirməli olduğu məqamlara da toxunub: “Biz çox istərdik ki, Dövlət Proqramının “Gözlənilən nəticə” bəndində qeyd olunmuş “beynəlxalq arenada ölkənin imicini qorumağa layiq olan beynəlxalq səviyyəli peşəkar futbolçuların hazırlanması”na AFFA xüsusi diqqət yetirsin. Əgər onlar buna nail olsalar, o zaman milli komandalarımız beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında, klub komandalarımız isə Avropa turnirlərində uğurlar qazana biləcəklər”.

Qeyd edək ki, sabiq futbolçu hazırda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosentidir və Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin üzvüdür.

İdman.biz

Seçilən
7
2
idman.biz

3Mənbələr