AZ

AMB BOKT-larla bağlı son iki qərarını şərh edib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nın və “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi ilə bağlı son iki qərarını şərh edib. SİA məlumatına görə, qurum bəyan edib ki, BOKT-ların inkişaf etdirilməsi maliyyə inklüzivliyinin bir elementi olmaqla əhalinin, kiçik və orta sahibkarların maliyyə resurslarına daha geniş çıxış imkanlarını təmin edir.

AMB BOKT-larin bu rolunun artırılması, eləcə də onların təklif etdiyi kredit məhsullarının əlçatanlığı və şəffaflığının təmin edilməsi üçün öz mandatı çərçivəsində zəruri addımları atmağa davam edir. Son qərarlar AMB-nin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində qəbul olunub.

Qaydalarda keyfiyyət xarakterli yeni tələblər müəyyən edilib. Belə ki, BOKT-larda kredit riskinin idarə edilməsi sisteminin təşkili, kredit riski siyasəti, kredit risklərinin qiymətləndirilməsi və inzibatçılığı prosedurları, risk monitorinqi, habelə kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsinin hesablanması qaydası ilə bağlı requlyativ tələblər gətirilib.

Bununla yanaşı, Qaydalarda ilk dəfə qısamüddətli “gündəlik” kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib.

Eyni zamanda, Qaydalarda kəmiyyət xarakterli və maliyyə dayanıqlığına təsir göstərən tələblər formalaşdırılıb. Qaydalara əsasən yeni yaradılan BOKT-larda nizamnamə kapitalına dair tələb 1 milyon manata çatdırılıb, mövcud və yeni BOKT-lərə 1 milyon manat kapital tələbi və öhdəliklərin kapitala nisbəti tələbi müəyyən edilib, ehtiyatların yaradılmasına dair tələblərə yenidən baxılıb.

Qaydalardakı tələblər BOKT-lərin maliyyə dayanıqlığının gücləndirilməsi və istehlakçı hüquqlarının qorunması məqsədini daşıyır. AMB BOKT sektorunda gedən cari prosesləri, eləcə də dünyada bu sahədə qabaqcıl ölkələrin təcrübələrini diqqətdə saxlamaqla bu istiqamət üzrə təkmilləşdirmə fəaliyyətini davam etdirəcək.

Seçilən
5
17
sia.az

10Mənbələr